Qəlbləri fəth edən film

  • Rəbiyə Mahmudova, Solmaz İdrisova, Gülzar Mehdiyeva
  • 24.04.2024

Hörmətli redaksiya! «Gatfarfilm» studiyasında çəkilmiş “Səssiz haray” qəlbləri fəth edən bir film kimi yaddaşlara həkk olundu desək, yanılmarıq. Sədaqət xanımın “Soyuq günəş” filminə baxanda hamımız ağlamışdıq. Bu filmi izləyəndə də ğöz yaşlarını saxlaya bilmədik. Ona həyəcansız, mütəəssir olmadan, ağlamadan baxmaq mümkün deyil. Çünki o qədər təbii və inandırıcıdır ki, tamaşaçı özünü istər-istəməz hadisələrin içində hiss edir. Olduqca təsirlidir! Zənnimizcə, bu cür səviyyəli filmin alınması birbaşa ssenari müəllifinin, bəstəkarın, quruluşçu rejissorun Sədaqət xanımın özünün olmasının, kamil aktyor oyunun nəticəsidir. Çəkiliş məkanı da, aktyorlar da çox gözəl seçilib.

Filmin Ramazan bayramı günündə nümayiş etdirilməsi yaxşı düşünülüb. Çünki məhz həmin gün insanlar daha rəhmqil, daha mərhəmətli olmağa çalışır, bir-birinə mehribanlıq göstərirlər. Filmin mövzüsü Qurani-Kərimin Ən-Nisa sürəsinin 36-cı ayəsi ilə necə də səsləşir. Həmin ayədə deyilir: “Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qohum-qonşuya yaxınlıq edin”. “Səssiz haray” da insanları belə yaşamağa çağırır.

Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olan, iki oğul böyüdüb oxutduran, evləndirən, halal zəhməti və xeyirxah əməlləri ilə bütün kəndin hörmətini qazanan əsərin baş qəhrəmanı Sariyat xala, əlli il universitetdə müəllim işləmiş Həlimə xala, on il qocalar evində yaşayan İdris dayı və başqaları niyə övladları ilə birlikdə yox, qocalar evində yaşamağı üstün tuturlar? Sariyat xalanın “övladlarıma yük olmaq istəmirəm” deyərək onlara mənəvi bəraət qazandırmağa çalışması insanın ürəyini ağrıdır. Məgər valideyn də övlada yük olar? Bu mənəvi dramatizmi böyük sənətkarlıqla qələmə alan ssenari müəllifi hadisələrin sonrakı gedişatında ata-ana qayğısına qalmağın insanın ən böyük borcu olduğunu göstərir. Burada Qurani-Kərimin Loğman surəsinin 14-cü ayəsi yada düşür: “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik”.

Nə yaxşı ki, bunu başa düşən, uşaq evində böyüyüb qocalar evində işə düzələn, onlara qayğı göstərən Sənübər kimi gənclərimiz var. Onun işıqlı surəti tamaşaçıya ümid verir, laqeyd, qədirbilməz övladların sayının azalacağına inam yaradır.

Hörmətli redaksiya! Biz respublikamızın ən yaxşı yazıçıjurnalistlərindən biri kimi tanıdığımız Sədaqət Kərimovanın vaxtilə “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Həyat”, “Azərbaycan” qəzetlərində və digər mətbuat orqanlarda mənəviyyat mövzusunda dərc olunmuş “Tənhalıq”, “Yad olmuş doğmalar”, “Ananın gözləri yol çəkir”, “Qəddarlıq” kimi oçerklərini, “Səssiz haray”, “Qürub”, “Hal” və son vaxtlar nəşr olunmuş “Ağ qəm”, “Özgə ağrısı”, “Yol ayrıcında”, “Soyuq günəş” kitablarını həvəslə oxumuş və belə qənaətə gəlmişik ki, respublikamızda mənəviyyat mövzusunu Sədaqət Kərimova kimi dərindən qələmə alan ikinci müəllif yoxdur. Ona görə də arzu edirik ki, sevimli sənətkarımız bu mövzuda yeni kitablarını və filmlərini ərsəyə gətirsin. Ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Son xəbərlər

Крупнейший на Северном Кавказе

  • Самур
  • 25.09.2024

  В Сулейман-Стальском районе Дагестана открыли крупнейший в СКФО завод полимерных труб «Эксонор». П...

Баку станет центром мира

  • Самур
  • 25.09.2024

  С 11 по 22 ноября 2024 года в Азербайджане пройдет 29-я сессия Конференции сторон Рамочной конвенции ООН об из...

17 миллионов просмотров

  • Самур
  • 25.09.2024

   Уважаемые читатели!   Число просмотров фильма “Холодное солнце” на YouTube на трёх я...