Bu ilin iyul ayının 16-da Abşeron Olimpiya İdman Kompleksində 2003-2004-cü il təvəllüdlü gənclər və 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında sambo güləşi üzrə Azərbaycan kuboku uğrunda keçirilmiş respublika yarışlarında qusarlı idmançılar da iştirak etmiş və uğur qazanmışlar. Gərgin keçən idman mübarizəsində Mayis Paşayev 2-ci, Əhməd Əlipoladov 3-cü yeri tutmuşdur.
Yeniyetmələri və gəncləri yarışlara idmanda öz sözünü demiş peşəkar məşqçilər – UNİFİGHT üzrə idman ustası, üçqat Azərbaycan çempionu, Avropa çempionatında 2-ci, dünya çempionatında 3-cü yeri tutmuş Fərid Mirzəbəyov və üçqat Azərbaycan çempionu, iki dəfə Heydər Əliyev adına kubok almış, Avropa və dünya çempionatlarında 2-ci yeri tutmuş Ravid Mirzəbəyov hazırlamışlar. Hazırda qardaşlar sambo güləşi üzrə məşqçi kimi Qusar Olimpiya İdman Kompleksində çalışırlar.
İdmançıalrımıza maddi dəstəyi qusarlı iş adamı Sabir Fərzəliyev, media dəstəyini isə “Samur” qəzeti göstərmişdir.