Unudulmaz gecə

  • Samur
  • 23.01.2023

Ötən ilin dekabrın 26-da Bakının Gənc Tamaşaçılar Teatrında Azərbaycan ləzgilərinin respublika qəzeti olan “Samur”un 30 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

Qəzetin baş redaktoru, ömrünün 25 ilini “Samur”un yaşamasına və fəaliyyət göstərməsinə həsr etmiş yazıçı-jurnmalist Sədaqət Kərimova qəzetin keçdiyi uzun və şərəfli yol haqqında məlumat vermişdir. 1992-ci ildə işıq üzü görmüş qəzetin ilk redaktoru Feyruz Bədəlov olmuşdur. Dövlətin maliyyə yardımı və imkanlı şəxslərin qayğısı sayəsində o, qəzetin 24 sayını çapdan çıxara bilmişdir. Sonradan sənətşünaslıq elmləri doktoru Nurəddin Həbibov qəzetə redaktor təyin olunmuş, “Samur” böyük fasilələrlə çıxmışdır. Alim qəzetin 21 sayını nəşr etdirə bilmişdir.

1997-ci ildən etibarən qəzetin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılmış, qəzet bağlanmaq həddinə gəlib çatmışdır. Belə vəziyyətdə ona redaktor təyin olunan S.Kərimova Azərbaycanın ləzgi dilində ilk mətbu orqanını 25 il öz vəsaiti ilə çıxarmışdır. O, redator müavini, yazıçı-jurnalist Müzəffər Məlikməmmədovla birgə qəzetin yaşaması və dünya ləzgilərinin sevimli mətbu orqanına çevrilməsi üçün əlindən gələni etmişdir.

S.Kərimova uzun illər bir yerdə çalışdığı kollektivinin üzvlərini – qəzetin redaktor müavini Müzəffər Məlikməmmədovu, texniki işlər üzrə direktor Mübariz Əzizovu, kompüter və printerlərə məsul İlham Fərmanovu, qəzetin ilk tərtibçisi Nüsrət Quliyevi, qəzetin müxbirləri Sevda Əzizovanı, Gülxar Güliyevanı, Roza Hacımuradovanı, Aynur Novruzbəyovanı, Anna Həsənbəyovanı səhnəyə dəvət etmişdir. Qəzetin yerlərdəki müxbir postlarının rəhbərləri – Azərbaycanın əməkdar həkimi Nəriman Osmanov, adlı-sanlı ziyalı Bəhram Zalov, tanınmış hakim Rauf Nemətov, qəzetin fəal təbliğçiləri Oruc Orucov və Nəzakət Kərimova alqışlarla qarşılandılar. S.Kərimova qəzetin müxbir postlarının digər rəhbərləri Şahismayıl İsmayılovun, Şahnamaz Sevzixanovun, Mail Babaxanovun və Maida Xanmetovanın üzürlü səbəblərə görə tədbirdə iştirak etmədiklərini bildirmişdir.

Sonra Müzəffər Məlikməmmədov qəzetin keçdiyi çətin və şərəfli yoldan, 25 il ərzində redaksiyanın qarşılaşdığı çətinliklərdən danışmışdır. “Samur” Ləzgi Milli Mədəni Mərkəzinin sədri İmran Rzayev, Bakı Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Qusar rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Neva Abdurahmanova, Qusar rayonundakı Mucuq kənd orta məktəbinin müəllimi Nəzifə Qaflanova və başqaları qəzetin keçdiyi şərəfli yoldan söhbət açmışlar. Tədbirdə Dağıstanın Azərbaycandakı nümayəndəliyinin məsul işçisi Lyudmila Qazıyeva Dağıstan hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov və Dağıstan informasiya naziri Enrik Müslümovun “Samur” qəzetinə  göndərdikləri təbrik məktublarını oxumuşdur.

Olduqca maraqlı keçən tədbir başdan-başa yubiley əhval-ruhiyyəsinə bələnmişdi. 40 nəfər gəncin iştirakı ilə keçən fleşmobda “Samur” qəzeti haqqında şeir səslənmişdir. Rəşad İbrahimov və Elvina Heydərovanın ifa etdikləri “Samur” haqqında mahnı” gurultulu alqışlarla qarşılanmışdır. Cavahir Abdulovanın, Roza Hacımuradovanın ifa etdikləri mahnılar, virtuoz ifaçı Şürbət Rzaquliyevin klarnetdə çaldığı şux havalar, el sənətkarı Aşıq Nüsrətin nəvəsi Nüsrətin sazda ifa etdiyi havalar məclisə canlılıq gətirmişdir. Həmin gecə tamaşaçılar ləzgi estradasında yeni ulduzun doğulmasının şahidi olmuşlar. Bu, 10 yaşlı Sariya idi. Anası Elvina Heydərova ilə bərabər ana dilinə məhəbbətə həsr olunmuş kompozisiyanı təqdim edən Sariyanı tamaşaçılar ilk mahnıdan sevmişlər.

Tədbiri maraqlı edən anlardan biri “Samur” qəzeti redaktorunu parodiya edən balaca aktrisa Zafina Mirzəbəyova ilə “Suvar” ansamblının bədii rəhbəri Zavir Nəcəfovun birgə hazırladıqları kompozisiya ilə bağlı idi. Bu, hamının ürəyincə olmuşdur.

Yubiley tədbirindən əvvəl teatrın foyesində təşkil olunmuş gənc rəssam Elvira Quliyevanın rəngkarlıq əsərlərindən ibarət fərdi sərgisi isə tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023