Ləzgilər Türkiyədə

  • Седагет Керимова
  • 14.06.2023

Türk tarixçilərindən Zəki Velidi Toğan, Əhməd Cevdət Paşa, Əhməd Cəfəroğlu, Camal Göyçə, Evliya Çələbi, Şərafəddin Erel və başqaları ləzgiləri igid və bacarıqlı xalq adlandırmışlar. XIX əsrin sonlarında Türkiyəyə köçmüş Şeyx Şərafəddin Abdulrəşid Yalova vilayətinin Güney kəndində məskən salmışdır. Meşələrin qoynunda yerləşən bu ucqar kənddə o, məscid və mədrəsə açmış, yolları təmir etdirmiş, dağlardan kəndə bulaq suyu gətirtmişdir. Dağıstandan köçmüş öz həmvətənlərinə yardımçı olmuş bu adam riyaziyyata və fəlsəfəyə dair bir neçə kitabın müəllifidir. Yunanların törətdikləri yanğınlar nəticəsində onun kitabları yanmışdır. O, 1936-cı ildə vəfat etmişdir.

Xudatlı Ömər Xulusi Türkiyənin bir neçə vilayətində məhkəməyə rəhbərlik etmişdir. Yaxşı hakim kimi məşhur olmuş, İzzət Paşa kabinetinin Şeyxülislamı təyin edilmişdir. Əslən Sudur kəndindən olan Şixim əfəndi məşhur alim olmuşdur. III Sultan Muradın hörmətini qazanan alim onun köməyi sayəsində “Evklidin şərhləri" kitabının üzünü çıxartdırmışdır. Alim həmçinin XIII əsrin alimi Nasir ad-Din at-Tusinin kitablarını tədqiq etmişdir.

XVIII əsrdə Türkiyədə yaşamış, böyük vəzifələrdə çalışmış sudurlu İbrahim əfəndi bu ölkənin məşhur Fateh Cami mədrəsəsində dərs demişdir. O, Osmanlı imperiyasının nüfuzlu adamlarından biri kimi Sultanın təklifi ilə əvvəl Hələb, sonradan Şam va Məkkə şəhərlərinin qazısı olmuşdur. Bu adam şəriət məhkəməsinə yeniliklər, Məkkə şəhərinə isə Avropa mədəniyyəti gətirmişdir. Bu faktlar ləzgilərin bir sıra nümayəndələrinin Türkiyənin həyatında əhəmiyyətli yer tutduqlarını sübut edir.

Bir çəx ləzgilər Türkiyəyə Qafqaz müharibəsindən sonra köçmüşlər. 1859-cu ildə Şeyx Şamil əsir düşəndən və 1877-ci ilin üsyanından sonra Dağıstandan 300 mindən çox insan sürgün edilmişdir. Bunlardan 120 min nəfəri ləzgilər idi və onlar Avropa ölkələrində və Türkiyədə məskunlaşmışlar. Bu barədə ilk dəfə XIX əsrin yazıçı və jurnalistləri məlumat vermişlər. İkinсi köç dalğası isə Böyük Vətən müharibəsi ilə əlaqədar olmuşdur.

Uzaqlarda yaşayan həmvətənləri barədə məlumatlar Azərbaycan və Dağıstan ləzgilərinə əsasən 1953-cü ildən, İ.V.Stalin vəfat etdikdən sonra gəlməyə başlamışdır. Böyük Vətən müharibəsi illərinin ağır qanunları, əsir düşmüş sovet əsgərlərinə qarşı tətbiq edilən repressiyalar nəticəsində bir çox sovet vətəndaşları, o cümlədən ləzgilər öz adlarını, etnik vətənlərini gizlətmək məcburiyyətində qalmışdılar. Yalnız o dövrün buzları əridikdən sonra onlar özləri haqqında həqiqəti bildirməyə başladılar.

1990-cu ildə İstanbul şəhərində fəaliyyətə başlayan “Şeyx Şamil vakfı" adlı cəmiyyətin məlumatlarından göründüyü kimi, hazırda ləzgilər Türkiyənin bir sıra şəhərlərində, vilayət mərkəzlərində, eləcə də kəndlərində yaşayırlar. İstanbul, Ankara, İzmir, Bursa, Yalova, Sivas, Adana vilayətlərində onların sayı daha çoxdur. Balıkesir şəhərində, Balıkesir vilayəti Manyas rayonunun Ortaca və Yayla kəndlərində, İzmir vilayəti Berqama rayonunun Dağıstan kəndində minlərlə ləzgi yaşayır.

Ölkədə yaşayan ləzgilər arasında əlaqələr yaratmaq və onları dünyaya tanıtmaq məqsədilə ötən əsrin 90-cı illərindən etibarən burada müxtəlif cəmiyyətlər fəaliyyətə başlamışdır. Belə cəmiyyətlərdən biri 1994-cü ildə Balıkesir şəhərində Cevdet Yıldız tərəfindən yaradılmışdır. Onun ardınca Bursa, Yalova, İstanbul, İzmir, Adana, Sivas, Tokat, Ankara şəhərlərində də cəmiyyətlər yaradılmışdır və xalq böyük həvəslə onların işində iştirak edir. Həmin cəmiyyətlər hər il “Xeyir” və “Пичек (qutab) günü" adlı bayramlar təşkil edir. Xalq bayramı səviyyəsinə çatmış həmin şənliklərə Türkiyənin müxtəlif bölgələrində yaşayan ləzgilər qatılırlar.

Balıkesir vilayəti ölkənin qərbində yerləşir. Ora quru ilə 500 kilometrə qədər yol qot etmək, İstanbul, Tekirdağ şəhərlərindən keçib, Mərmərə və Egey dənizlərini birləşdirən Kelibolu şəhərində gəmiyə minib, Çanakkale boğazından Anadoluya keçmək lazımdır. Balıkesir 300 min əhalisi olan böyük və gözəl şəhərdir. Burada 200-ə yaxın ləzgi ailəsi yaşayır.

Dümbərəz (Yayla) kəndi Balıkesirlə Manyas şəhərlərindən 17 km aralıdadır. Bu, Şeyx Şamilin təslimindən sonra Osmanlı dövlətinə sığınan indiki Dağıstan və Azərbaycan respublikalarından gələn ləzgilərin Balıkesir bölgəsində 1865-1870-ci illərdə saldığı ilk kənddir.

Əvvəlcə bölgənin ən yüksək yeri olan Kəltəpədə məskunlaşan ləzgilərin indiki əraziyə köçməsi 20 il çəkmişdir. Son dərəcə küləkli yer olduğundan qışda kənd əhalisi burada çox əziyyət çəkmiş, 4 dəfə yerini dəyişməli olmuşdur.

Kənddə 30 ev vardır. Buradan pərvazlanan ləzgilər Bursa, Balıkesir, İzmir, İstanbul şəhərlərində 120 ev qurmuşlar. Kənddə ləzgi dilində danışılır, ləzgi adət-ənənələrinə əməl edilir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Son illər kənd canlanmaqdadır. Bir zamanlar onu tərk edib gedənlər yenidən buraya qayıdırlar.

Kirne (Ortaca) kəndi Balıkesir şəhərinin şimalında, ondan 13 km-lik məsafədədir. Bu, Şeyx Şamil hərəkatının süqutundan sonra Dağıstandan və Azərbaycandan köçən ləzgilərin Osmanlıda saldığı ikinci kənddir. O, 1866-1871-ci illər arasında yaranmışdır. Hazırda kənddə 75 ev vardır. Buradan Bursa, Balıkesir, İzmir, İstanbul kimi şəhərlərə çoxlu ailələr köçmüşdür. Onlar 400-dən çox ev yaratmışlar. Kənddə ləzgi dilində danışılır, xalq adət-ənənələrinə əməl edilir. Kirne adı 1961-ci ildə dəyişdirilərək Ortaca ilə əvəz olunmuşdur. 1928-ci ildən kənddə fəaliyyət göstərən ibtidai məktəbdə onun əhalisinin 99 faizi təhsil almış, sonrakı təhsilini kənarda davam etdirmişdir. Uzun illər xalçaçılıq sənətini yaşatmış kirnəlilər son illər onu unutmaqdadırlar. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Kirnedən onlarca adlı-sanlı adamlar, o cümlədən alimlər, hərbçilər, həkimlər və iş adamları çıxmışdır.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023