XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış ləzgi maarifçilərinin həyatı və fəaliyyəti yetərincə öyrənilmədiyinə görə bir çox maarifçilərimiz haqqında geniş məlumat yoxdur. Son illər arxiv materiallarından və 1907-1914-cü illərdə Bakıda nəşr olunmuş “Tazə həyat”, “İqbal”, “İttihad” kimi qəzetlərin səhifələrindən bizə bəzi maarifçilərimiz haqqında yeni faktlar məlum olub.
Ötən əsrin əvvəllərindəki qəzetlərdə Rəcəb Əmirxanov, Aydınbəy Qayınbəyov, Asvar Kamalov, Ramazan Cəlalov, Həmid Yüzbəyov, Ağabəy Əhmədov, Abdi Camiyev, Cəbrayıl əfəndi, Hacı İshaq ağa, Abubəkr Abdulla oğlu, Hacı Rəsul, İskəndər Axtınski, Qarabəy Tarxanov kimi ləzgi maarifçilərinin adlarına rast gəlirik. Onlardan bəzilərinin fəaliyyəti xüsusilə maraq doğurur.
Qəzetlərin yazdığına görə, ömrünün 27-ci baharında dünyasını dəyişmiş Rəcəb Əmirxanov (1887-1914) xalqın savadlanmasından ötrü ən çox iş görmüş maarifçilərdən idi. Hələ 12 yaşında ərəb, fars, türk və rus dillərini mükəmməl bilirdi. 15 yaşında ləzgi və türk dillərində bir neçə məqalənin müəllifi, 5 min nüsxəlik nadir kitabxananın sahibi idi.
Əslən Axtıdan olan Rəcəb Bakıda işlədiyi illərdə burada nəşr olunan “İttihad”, “Tazə həyat”, “İqbal” qəzetləri ilə əməkdaşlıq etmiş, 1912-1913-cü illərdə Peterburqda çıxan “Zarya Daqestana” və “Musulmanskaya qazeta” kimi qəzetlərin Bakı və Cənubi Dağıstan üzrə baş təmsilçisi olmuş, həmin mətbu orqanlarda onlarca publisistik məqalələrlə və iqtisadi oçerklərlə çıxış etmişdir.
R.Əmirxanov Bakıda “Kasıblara və savadsızlığı ləğv etmək işinə yardım cəmiyyəti”, Dağıstanda “Dağıstan nəşriyyat cəmiyyəti”, Axtıda “Yeni nəsil”, Azərbaycanın Quba qəzasında “Müqəddəs məclis” cəmiyyətləri yaratmışdı. Bu cəmiyyətlər Dağıstanın və Azərbaycanın ləzgi kəndlərində milli məktəblərin açılmasından ötrü vəsait toplayır, milli dildə dərsliklər hazırlayır, qəzet nəşrinə kömək göstərir, gəncləri təhsilə cəlb edir, Bakının və Axtının ləzgi teatrlarına maddi yardım göstərirdi.
Rəcəb Əmirxanov Dağıstanda xeyriyyəçilik hərəkatının yaradıcısı idi. Onun xeyriyyəçiliyi və təşkilatçılığı ilə XX əsrin əvvəllərində təkcə Cənubi Dağıstanın ayrı-ayrı kəndlərində 20-dən çox məktəb açılmışdı. O, məktəblərdə ləzgi dilinin elmi şəkildə tədrisinin əsasını qoymuşdu.
Qəzetlər ləzgi maarifçilərinin və xeyriyyəçilərinin fəaliyyətini müntəzəm işıqlandırırdı. “Tazə həyat” qəzeti yazmışdı: “Bakı quberniyası daxilində Qusar mahalına tabi Həzrə qəryəsində mümkün olduqca böyük məktəb binasına iqdam. 19 iyun 1907-ci il sənəsi Həzrə qəryəsində ictima edib mümkün olduqca böyük bir məktəb açılmasına qərar verdilər. Və bu ictimada hazır olan alimlər Quba və Küre və Dağıstan alimləri idi” (“Tazə həyat”, 29 iyun 1907-ci il, N64).
Qəzetin yazdığı kimi “Məclis müqəddəsə”yə rəhbərlik edənlər tanınmış ləzgi maarifçiləri Cəbrayıl əfəndi, Hacı Umud əfəndi və Hacı Zəkər əfəndi idi. Onlara Canmirzə əfəndi, Teymur əfəndi, Əbdülmütəllib əfəndi, Əli Soltan əfəndi, Hacı İsaq ağa kömək edirdi. Bu ziyalılar özləri məktəb tikintisindən ötrü 300 manat ianə toplamışdılar.
Başqa qəzetdə belə bir xəbər dərc olunmuşdu: “ Quba qəzasının 400 xanədən (evdən - red.) ibarət Yasab qəryəsində (kəndində - red.) Abdı Camiyevin elm və mədəniyyət haqqında söylədiklərindən sonra yasablılar Abdı Camiyevə razılıqlar etdilər və dərhal ianə cəminə məktəb üçün şüru etdilər... Cümlətanı 815 manat ianə toplandı” (“İqbal” qəzeti, 27 dekabr 1913-cü il, N540).
“İqbal” qəzetində dərc olunmuş digər məqalədə yazılmışdı: “Bu günlərdə məzkur qəryə əhlindən Əbu Bəkr Abdulla oğlu pək ali himmət göstərib özü yaşadığı iki ədəd xanəsini məktəbə vəqf etdi” (“İqbal” qəzeti, 19 noyabr 1913-cü il, N509).
Rəcəb Əmirxanov Cənubi Dağıstanda və Quba qəzasında geniş miqyas almış maarifçilik və xeyriyyəçilik hərəkatına rəhbərlik edirdi. O, 1912-ci ildə “Zarya Daqestana” qəzetində dərc olunmuş “Maarifçilik və xeyriyyəçilik” məqaləsində yazmışdı: “Savadsızlığı ləğv etməkdən ötrü bizim yaratdığımız cəmiyyət ləzgi kəndlərində müntəzəm iş aparır. Savadsız xalq xoşbəxt gələcək qura bilməz. Bizim ən böyük vəzifəmiz xalqın həyatının yaxşılaşmasından ötrü maarifçilik yolu ilə onun gözünü açmaqdır”. Bu sözlərdən göründüyü kimi, o vaxt maarifçilik ideyalarını təbliğ edən ləzgi ziyalıları xalqın fədailəri idilər. Ona görə də xalq onları heç vaxt unutmur.