Bu sualı mənə tez-tez verirlər. “Lazlar kimdir? Lazlar və ləzgilər eyni xalqın müxtəlif adlarıdır?” – deyə soruşanlar da az deyil. Həmin sualları Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da dəfələrlə eşitmişəm. Bu yaxınlarda tanınmış bir türk jurnalisti də həmin sualları verəndə bu məsələyə aydınlıq gətirmək məqsədilə “Samur” qəzetində məqalə dərc etdirməyi qərara aldım. Bir sıra tarixi məxəzlərdə, o cümlədən bəzi qədim italyan müəlliflərinin əsərlərində ləzgilər və lazlar səhvən eyni xalq kimi qələmə verilmişdir. Buna arxiyepiskop İoann de Qalonifontibusun, Plano Karpininin, Mişel Baların tədqiqatlarında rast gəlmək olar. Mişel Balar bir əsərində “Dağıstan lazları”ndan bəhs edir, əslində isə ləzgilər haqqında məlumat verir. Məşhur türk səyahətçisi Evliya Çələbi də ləzgilər haqqında məlumat verərkən onları “lazlar” adlandırmış, “laz” və “ləzgi” sözlərinin oxşarlığına görə bu iki xalqı qarışdırmışdır. Təəssüf ki, onun səhvini sonralar başqa tədqiqatçılar da davam etdirmişlər. N.Marr gürcücə Çaneti adlanan lazların bölgəsinə svanların Lazan adını verdiklərini, bu adın La (bölgə adı) + zan (lazların qədim adı olan “tzan”, “tsan”, “çan”) sözlərindən yarandığını qeyd edir. Lazlar tarixən Türkiyənin və Gürcüstanın ərazisində yaşamış qədim xalqdır. Türkiyədə yaşayan lazlar özlərini lazepe, Gürcüstanda yaşayanlar lazebi adlandırırlar. Öz tarixi vətənlərini Lazika, Lazeti, Çaneti adlandırırlar. Qədim yunanlar lazların ölkəsini Kolxida adlandırırdılar. VI əsr Vizantiya müəllifi Aqafi Sxolastik yazır: “Lazlar qədimdə kolxi adlanırdılar, buna Fasis, Qafqaz və ətraf yerlərin sakinləri ilə tanış olan heç kəs şübhə edə bilməzdi”. Müəllif qeyd edir ki, antik dövr alimlərindən Herodotun, Ksenofontun, Strabonun və Ptolemeyin məlumatlarına əsasən bütün Qərbi Gürcüstan Kolxida adlandırılırdı və həmin ölkənin yaradılmasında kolxlar nə cür mühüm rol oynamışdılarsa, tarixin sonrakı mərhələlərində eyni rolu lazlar oynamışlar. VI əsrin digər Vizantiya müəllifi İoann Lid isə yazır: ”Kolxida bu gün ona görə Lazika adlanır ki, bu ölkədə rəhbər rolu lazlar oynayır”. Məşhur yunan əsatirində “Arqo” adlı gəmi ilə Qara dənizə səfərə çıxan arqonavtlardan bəhs olunur. Onlara Yason rəhbərlik edirdi. Arqonavtlar Yunanıstandan oğurlanaraq Kolxida çarına bağışlanan sehrli qoyunun qızıl dərisini geri qaytarmalı idilər. Çoxlu sərgüzəştlərdən sonra onlar məqsədlərinə çatırlar. Bu işdə Yasona Kolxida çarının qızı sehrbaz Medeya kömək edir. Sonradan Yason Medeya ilə evlənir. Bu məşhur əsatir kolxlar, yəni lazlar haqqında geniş təsəvvür yaradır. Lazların ölkəsi olan Lazistan Kolxida çarlığının tərkibində olmuşdur. Sonradan ölkəni idarə edənlər İran əleyhinə Vizantiya ilə ittifaq bağlayaraq onu pravoslav təriqətindən məhrum etdilər. Bir vaxtlar gürcü çarı Tamaranın qardaşı oğlu Aleksey Qara dəniz sahillərində Gürcüstandan Trabzona kimi uzanan bu ölkənin başında dururdu. XVI əsrdə həmin əraziləri osmanlılar işğal edir. XVIII əsrin əvvəllərində Lazistan 11 dairəyə bölünür, yerli əhali arasından seçilən və “dərəbəy” adlanan başçılar tərəfindən idarə olunmağa başlayır. Dərəbəylər sultanın hakimiyyətini formal olaraq tanıyır, amma dairələri istədikləri kimi idarə edirdilər. Osmanlılar burada öz canişinlərini yalnız 1820-ci ildə hakimiyyətə gətirirlər. XIX əsrdə Lazistanın böyük hissəsi Rusiya imperiyası tərəfindən işğal olunur. 1925-ci ildə lazların yaşadıqları ərazini Türkiyə Respublikası ilə sovet Gürcüstanı öz aralarında bölüşdürür. Həmin vaxtdan Türkiyənin şimal-şərqində yerləşən Lazistan lazların vətəni kimi öz mövcudluğunu itirir və tarixin səhifəsinə çevrilir. Etnosun nümayəndələrinin böyük əksəriyyəti Türkiyədə, əsasən də Rize vilayətinin Hopa, Arhavi və Borçka rayonlarında məskunlaşıb. Lazların bu bölgədəki ən böyük kəndi Topluca sayılır. Qədim adətlərinin və bu dilin dialektlərinin ən çox saxlandığı yerin Hopa olduğu deyilir. Bu xalqın nümayəndələri İstanbulda da yaşayırlar. Gürcüstanda lazlar Abxaziyada, eləcə də Batumi, Kobuleti və Zuqdidi şəhərlərində yaşayırlar. Sarpi, Kvariati, Qonio, Maxo və digər kəndlər lazların kəndləri kimi tanınır. Qara dəniz sahillərində yaşamış lazlar tarixən yaxşı balıqçılar olublar. Ağac emalı sahəsində təcrübələri olduğundan özlərinin inşa etdikləri evlərdə yaşamışlar. Bundan başqa münbit torpaqlar və zəngin meşələr onlara əkinçilik və heyvandarlıqla məşğul olmağa imkan verib. Lazlar buğda, arpa, qarğıdalı, düyü yetişdirməkdə tanınmışlar. Təcrübəli dənizçilər olan lazlar əsrlər boyu dəniz ticarətinin inkişafında əhəmiyyətli rol oynamışlar. Onlar meşə məmulatları və dəridən hazırlanmış əşyalar satmaqla məşğul olmuşlar. Su və quru ticarət yollarının bu ərazidən keçməsi yerli əhalinin rifah halının yaxşılaşmasına xidmət etmişdir. Lazlar islam dinini Osmanlı imperiyasının tələbi ilə XVII əsrdə qəbul etmişlər. O vaxta kimi onlar pravoslav xristianlar idilər və Vizantiya missionerləri tərəfindən xaç suyuna salınmışdılar. Qədim zamanlarda isə onlar bütpərəst olub ağaclara sitayiş etmişlər. Hazırda Türkiyədə yaşayan lazların 85 faizi islamın süni təriqətinə itaət edir, qalan 15 faizi xristian ənənələrini saxlayıb. Gürcüstanda isə əksinə, lazların 80 faizi xristian, 20 faizi isə müsəlmandır. Gürcülər lazları həm də “çanlar” adlandırırlar. Qədim dövrlərdə isə onların adı “kolxidalılar” idi. Laz dili meqrel dilinə yaxındır, həmin dillə bərabər o, kartvel dil ailəsinin meqrel-zan (meqrelçan) dil qrupunu əmələ gətirir. UNESKO-nun mütəxəssisləri laz dilini itməkdə olan dillərdən hesab edir. Xalqın öz əlifbası olmayıb, lazım gəldikdə yunan, gürcü və türk əlifbalarından istifadə edib. Alman linqvisti Volfqanq Foyerştayn lazların mədəniyyətini və laz dilinin xüsusiyyətlərini elmi şəkildə öyrənib. Onun apardığı tədqiqatlar nəticəsində əlifba yaradılıb və bir neçə dərslik çap olunub. Lakin Türkiyədə alimin tədqiqatları mənfi qarşılanıb. Onun əleyhinə cinayət işi açılıb, alim ölkəni tərk etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o, tədqiqatlarını Almaniyada da davam etdirib. Laz ziyalıları alimin fəaliyyətindən ruhlanaraq, yerli məktəblərdə ana dilinin tədris olunmasına nail olublar. Acarıstanda da sovet dövründə laz əlifbasının yaradılması sahəsində müəyyən işlər görülüb, əlifba kitabı və bir neçə dərslik çap olunub. Batumi radiosu ilə laz dilində verilişlər yayımlanıb. İbtidai siniflərdə laz dili tədris olunub. Hazırda laz dilinin daşıyıcılarının böyük hissəsi doğma dildən uzaqlaşmaqdadır, assimilyasiya prosesi bu etnosdan da yan keçmir. Ana dili yalnız məişətdə və yaşlılar tərəfindən işlədilir. Lazların milli geyimləri arasında qadınların şalvar üstündən geyindikləri açıq rəngli uzun, gen köynəklər əsas yer tuturdu. Köynəyin üstundən mütləq dolaylıq bağlanır və al-əlvan rənglərdən olan önlük taxılırdı. Ənənəvi laz geyiminin mühüm ünsürlərindən biri keşan yaylığı sayılırdı. Bu pambıq şalla qadınlar başlarını və çiyinlərini örtürdülər. Hazırda laz qadınlarının qoruyub saxladıqları yeganə milli geyim keşandır. Lazların özlərinə məxsus musiqi və rəqs ənənələri var. Onların geniş istifadə etdikləri musiqi alətləri kamança və zurna sayılır. Bundan başqa tülüm aləti də geniş yayılıb. Rəqsləri düz xətt üzrə və ya dairəvi düzülmüş adamlar tərəfindən dinamik şəkildə ifa olunur. Gürcüstanda lazların milli rəqsi olan “Lazuri” məşhurdur. Cəldliyinə və itiliyinə görə çox zaman onu “Lezginka” ilə qarışdırırlar. Laz soyadları adətən -şi, iya, -en və ya oğlu sonluqları ilə bitir. Misal üçün, Abdulzelişi, Qvadzabiya, Olen. Türkiyədə yaşayan müasir lazlar adətən “oğlu” sonluğunu atırlar. Məsələn, Kuroğlunu Kur ilə əvəz edirlər. Lazlar keçmiş SSSRİ respublikalarında da yaşayıblar. Onların çoxu 1920-ci ildə Türkiyəyə və Orta Asiya respublikalarına köçüb. Böyük Vətən müharibəsi illərində lazlar da bir sıra xalqlar kimi deportasiyaya məruz qaldılar. 1945-ci ildə tanınmış laz yazıçısı və ictimai xadimi Məhəmməd Vanlişi bununla bağlı Lavrenti Beriyaya müraciət edir və lazların səhvən köçürüldüyünü bildirir. Nəticədə bəraət qazanan lazların əksəriyyəti öz dədə-baba yurdlarına qayıdır. Lazların müasir dövrdə ən tanınmış nümayəndəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sayılır. Onun əcdadları Lazistandandır. Gürcüstanda isə bundan əvvəlki ombudsmen Georgi Tuquşi laz idi. Lazların mədəniyyətinin qorunub saxlanması məqsədi ilə Gürcüstanda beynəlxalq mədəniyyət mərkəzi yaradılıb, “Kolxa” radiosu laz dilində verilişlər yayımlayır. Türkiyədə də bu cür mədəniyyət mərkəzi fəaliyyət göstərir. Gürcüstanla Türkiyə arasında 1992-ci ildən bəri davam edən vizasız rejim hər iki ölkədə yaşayan lazlara öz qohum-əqrabaları ilə görüşməyə imkan verir. Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində Lazılar kəndi mövcuddur.