Rus çarının qoşunları Dağıstana hücum edəndə bütün dağ xalqları əhd-peymanla qəzavata rəhbərlik edən İmam Şamilin tərəfini saxladılar və mübarizəyə qalxdılar. Onların arasında çeçen xalqı da var idi. O vaxt sayca çox və güclü olan işğalçılar dinc çeçen əhalisini qorxutmağa başladılar. Ruslar onların kəndlərini od vurub yandırır, zəmilərini məhv edirdilər. Bu vəhşiliklərə dözə bilməyən çeçen ağsaqqallarından bir qrup Darqoya, İmam Şamilin yanına gəlir. Gələnlərin niyyəti vəhşiliklərin qarşısının alınmasından ötrü Şamildən bir müddət döyüşlərə ara verməsini xahiş etmək idi. Lakin onlar niyyətlərini İmama bildirməkdən çəkindilər və ona görə də qəhrəmanın anasının yanına getdilər. O, ürəyi yumşaq və mərhəmətli qadın idi. Çeçenlər başlarına gətirilən müsibətlərdən danışanda o, ağlayır və deyir: “Mən İmama deyərəm, o, sizi döyüşlə bağlı əhddən azad edər”.
Şamilin anası böyük nüfuza malik idi. İmamı da hamı anasına hörmət edən övlad kimi tanıyırdı. Anası Şamilə rusların çeçenlərin başına gətirdikləri müsibətlərdən danışanda ağsaqqalların niyyətini xəyanət kimi qəbul edən İmam deyir:
– Quran xəyanəti qadağan edir. Ancaq Quran övladın anaya qarşı çıxmasını və onun sözünü yerə salmasını da qadağan edir. Mənim müdrikliyim və idrakım bu çətin məsələni həll etməkdən ötrü kifayət deyildir. Ona görə də ibadət edib oruc tutacağam ki, Allah mənə düz yol göstərsin.
İmam Şamil üç gün, üç gecə oruc tutandan sonra xalqın qarşısına çıxıb deyir:
– Allah mənə ilham verdi və buyurdu ki, xəyanət barədə mənimlə danışan ilk adam yüz şallağa məhkum olunmalıdır. Mənimlə xəyanətdən ilk dəfə danışan anam olub. Mən onu yüz şallaq cəzasına məhkum edirəm.
Bundan sonra qadını meydana gətirirlər. Əsgərlər onun çadrasını başından dartıb yerə atır və şallaqlamaqdan ötrü məscidin pilləkənlərinə uzadırlar. Anasına birinci şallaq vurulan kimi Şamil diz üstə çöküb ağlayır və Allaha imdad edib deyir: “Qüdrətli Allahın qanunlarına qarşı çıxmaq olmaz. Heç kim o qanunları dəyişdirə bilməz, hətta mən də. Lakin Quran bir şeyə icazə verir. Övladlar valideynlərinin cəzasını öz üzərlərinə götürə bilərlər. Ona görə də anamın cəzasının qalan hissəsini mən üzərimə götürürəm”.
Sonra İmam Şamil cübbəsini çıxarıb məscidin pilləkənlərinə uzanır və deyir: “İmam olmağıma baxmayın, əgər hiss etsəm ki, şallağı var gücünüzlə vurmursunuz, başınızı vurduracağam”.
Şamilə 99 şallaq vurulur. Onun bədəni qan içində idi. Dərisi parça-parça olmuşdu. Taqətsizlikdən pilləkənlərə sərilib qalmışdı. Xalq bu mənzərəni görəndə dəhşətə gəlir. O gündən sonra heç kəs “xəyanət” sözünü dilinə gətirməyə cəsarət etmir.