XVIII əsr ləzgi xalqının tarixində məşhur sərkərdələr, qəhrəmanlar, alim və şairlər yetirmiş yüzillik kimi iz qoyub. Dağıstanda və Azərbaycanda İran hakimiyyətini devirib müstəqil dövlət yaratmış məşhur sərkərdə Hacı Davud, 1721-ci ildə 8 minlik qoşunla Gəncə və Tiflis arasındakı düzənlikdə İran şahı I Sultan Hüseynin “şeytan kimi qorxulu” 40 min əsgərdən ibarət ordusunu darmadağın etmiş Əli Sultan, Qanlı Şaban, Molla Abdullah kimi qəhrəmanlar, rus işğalçılarına qarşı qəhrəmancasına döyüşmüş Süleyman bəy, Xürük Əli, But Qurban kimi igidlər və başqaları XVIII yüzillikdə ləzgi xalqının azadlıq hərəkatı tarixinin şanlı səhifələrini yazmışlar.
Həmin dövrdə bir çox ləzgilər başqa dövlətlərdə də ad çıxarmışdılar. “İbrahim əfəndi Hələb, Şam və Məkkə şəhərlərinin qazisi vəzifələrini yerinə yetirmişdi”
(Cevdet Paşa) Tarih-i Cevdet. Gilt VI.
İstanbul, 1966. Ç. 223) İran hökmdarı
I Şah Süleymanın (II Səfinin) baş vəziri və siyasətlə məşğul olan saray naziri ləzgi Lütfəli xan idi. Onun xalqın xeyrinə apardığı islahatlar yüksək vəzifəli saray məmurlarının xoşuna gəlməmiş və xana qəsd etmişdilər. Misirdə ləzgilərin Qurah vilayətinin Qepir (КьепIир) kəndindən olan Əli bəy əl-Qepir hakimiyyətə keçmişdi.
Ləzgilərin dövrün siyasi arenasındakı fəallığı onlara uğurlarla yanaşı, çətinliklər və müsibətlər də gətirirdi. Üç dövlət – Rusiya, Türkiyə və İran Qafqazda tam hakimiyyətə yiyələnməkdən ötrü daim ləzgiləri öz tərəfinə çəkməyə çalışırdı. Onların qərarları və müqavilələri əksər hallarda Qafqazın digər xalqları kimi ləzgilərin də ziyanına olurdu. Bununla bağlı bir tarixi fakt. 1746- cı illin sentyabrın 4-də İran və Türkiyə öz aralarında sülh müqaviləsi bağladı.
Çünki uzun sürən qarşıdurma nəticəsində hər iki ölkə ağır vəziyyətə düşmüşdü və bu dövlətlər müharibəni davam etdirmək iqtidarında deyildi.
İki dövlət arasında bağlanan müqavilə Qafqaz xalqlarına yaxşı heç nə vəd etmirdi.
Sənədin 4-cü bəndinə əsasən həm Türkiyə, həm də İran bu xalqların daxili işlərinə qarışa bilərdi. Həmin maddədə yazılmışdı: “Ləzgi xalqı və o torpaqlarda yaşayan digər xalqlar azad və müstəqil xalqlardır. Onların işlərinə qarışmaq olmaz. Amma bu xalqlar qüdrətli Türkiyə və İran dövlətlərinin əksinə çıxsalar və onların bizə qarşı düşmənçilik niyyətləri aşkar olsa, bu dövlətlərin onları cəzalandırmaq ixtiyarı vardır” (Bax:
Архив внешней политики России (ABПP), ф.89, д. 9, с. 296, 296, об).
Eyni zamanda həmin dövlətlər Qafqaz xalqlarını ələ almaqdan ötrü müxtəlif vasitələrdən istifadə edirdilər. Məsələn, Türkiyə sultanı I Mahmud 1747-ci ildə Yusuf paşa vasitəsilə Dağıstan hakimlərinə pul və sovqatlar göndərmiş, paşa titulunu verməklə Qaytaq usmisini, onun oğlu Məhəmməd xanı, Saxurun və Tabasaranın hakimlərini ələ almışdı. (Bax: Бакиханов
А.К. Гюлистан-Ирам. Баку, 1926.С 72).
Lakin sultan nə qədər çalışsa da Quba, Küre və Samur əyalətlərinin ləzgi hakimlərini ələ ala bilmir. Ona görə də ləzgilərlə bağlı siyasətini dəyişməli olur. Tanınmış ləzgilərə Türkiyədə müxtəlif vəzifələr təklif edir. Tarixçılərin yazdıqları kimi, həmin siyasətlə əlaqədər bir neçə məşhur ləzgi Osmanlı imperiyasında yüksək vəzifələr
tutur. (Bax:[Cevdet Paşa] Tarih-i Cevdet.
Gilt VI. İstanbul, 1966. Ç. 223) 20-dən
çox ləzgi gənci sultanın hesabına məşhur Fatih Cami mədrəsəsində təhsil alır.
Bütün bunlara baxmayaraq, bir müddət sonra vəziyyət dəyişir. Türkiyənin gürcülərin köməyi ilə Qafqazın bir sıra vilayətlərini ələ keçirmək istəməsi ləzgiləri yenidən silaha sarılmağa məcbur edir. Ərzurum paşası 1760-cı ilin oktyabrında sultana belə bir xəbər göndərmişdi: “Ləzgi adlı xalq Tiflisi, Yerevanı və Qarsı mühasirəyə alaraq Portanın torpaqlarına da yürüşlər edir. Əgər onlara qarşı qoşun göndərilməsə, böyük bədbəxtliklər baş verə bilər” (ABПP, ф.89,
1760, Д. 4, л. 146, 146 об).
Paşanın verdiyi xəbərdən sonra sultan ləzgilərə qarşı siyasətini yenidən dəyişir və ilk növbədə Türkiyədə təhsil alan yüzdən çox ləzgi gəncini Misirə sürgün edir. Burada onlar məmlük qvardiyasında xidmət etməyə məcbur olur. Məmlük Misir sultanlarının şəxsi qvardiyasında xidmət edən əsgərə deyilirdi. Məmlüklər əksəriyyəti qafqazlılardan ibarət olan ən cəsur əsgərlər idi. Onların arasında İstanbulda təhsil alan, Ləzgistanın Qurah
vilayətinin Qepir kəndindən olan Əli bəy də var idi. Bir müddət sonra igidliyinə görə məmlüklərin hörmətini və etimadını qazanan, tarixi məxəzlərdə adı Əli bəy əl-Kabir kimi çəkilən gənc ləzgi əvvəlcə bir, sonralar bir neçə məmlük dəstəsinə rəhbərlik edir.
Hərbi işdən yaxşı baş çıxaran Əli bəy tezliklə bütün məmlüklər arasında nüfuz sahibinə çevrilir və onun tərəfdarları da çoxalır. Tədricən gənc ləzgi Misirin ictimai həyatına yaxından bələd olur, yerli əhalinin keçirdiyi ağır həyat tərzinə acıyır. Onda sultanın Osmanlı imperiyasının tabeliyində olan Misirdə yeritdiyi siyasətə qarşı narazılıq yaranır.
Əli bəydə narazılıq doğuran başqa səbəb də var idi. Türk sultanı onun tərəfinə keçmək istəməyən ləzgilərdən qisas almaq məqsədilə gürcü hakimlərini ələ alaraq, onların köməyindən istifadə etməyə başlayır. Bunu arxiv materialları da sübut edir. Həmin məsələ ilə əlaqədar rus rezidenti çara göndərdiyi məktubda yazmışdı:”Porta Gürcüstandan keçib Türkiyə sərhədlərinə yaxınlaşan, ona ziyan vuran çox təhlükəli ləzqi qoşunlarının qarşısını almaq məqsədilə gürcülərə kömək göstərir və onları öz tərəfinə çəkməyə çalışır” (Bax:
Центральный государственный воен- но-исторический архив СССР (ЦГВИА) ф. ВУА, ед.хр.45, л.52-53).
Əksəriyyəti müsəlmanlardan ibarət olan məmlüklər sultanın bu hərəkətindən hiddətlənir və Misiıri idarə edən paşanı buradan qovaraq hakimiyyəti ələ keçirirlər.
Ləzgilərin qarşısını almaq üçün sultanın
20 minlik qoşunu səfərbər etməsi, Qarsa 4 yanıçar polku və 300 topçu göndərməsi vəziyyəti daha da gərginləşdirir (Bax:
(ABПP), ф.89, 1760, Д. 4, л. 146 об, 147 об).
1757-ci ildə Əli bəyi Misir sultanı seçən məmlüklər onun ətrafında sıx birləşirlər.
Hakimiyyətdə olduğu 13 il ərzində Əli bəy xalqın və məmlüklərin xeyrinə bir sıra islahatlar həyata keçirir, vergiləri azaldır, ölkənin müdafiə qabiliyyətini xeyli artırır, Misiri Osmanlı imperiyasının əsarətindən qurtarmaq üçün yollar axtarır.
Lakin bu, o qədər də asan iş deyildi.
Təsadüfən 1768-ci ildə Rusiya ilə Türkiyə arasında müharibənin başlanması Misirin müstəqillik əldə etməsinə şərait yaratdı.
Müharibənin uzun çəkməsi Osmanlı imperiyasının xeyrinə olmadı. O, müharibəyə yaxşı hazırlaşmamışdı.
Döyüşlərə nəzərdə tutduğu 400 min əsgər əvəzinə cəmi 100 min əsgər çıxara bilmişdi.
Rusiyaya qarşı müharibədə Şimali Qafqaz hakimləri də 50 minlik qoşunla ona kömək göstərmədilər. 1769-cu ildə hərbi əməliyyatların üç cəbhədə getməsi və Krım xanının 100 minlik süvari ordusu ilə köməyə gəlməməsi, rusların bir sıra qələbələr qazanması Türkiyəni daha da çətin vəziyyətə saldı.(Bax:Сотавов Н.А.
Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в. М., 1991, с.166)
Mərkəzi hakimiyyətdə yaranan çaşqınlıqdan və zəiflikdən istifadə edən Əli bəy 1770-ci ildə Misiri müstəqil dövlət elan etdi. А.M. Obreskovun yazdığına görə Misiri Osmanlı imperiyasından qoparan Əli bəy müstəqil ordu və dəniz donanması quruculuğu ilə məşğul olmağı, əsaslı islahatlar aparmağı, güclü dövlət yaratmağı qərara almışdı.
Ləzgi sultanın müstəqillik fərmanı ilə razılaşmayan Osmanlı imperiyası Misirdəki sadiq adamlarının köməyi ilə məmlüklər arasında təbliğat apararaq onları inandırır ki, kafirlərə qarşı muharibədə müsəlman dövlətinə kömək göstərmək lazımdır.
Bundan sonra əksər müsəlman məmlüklər Əli bəyi hakimiyyətdən devirib Misiri Osmanlı imperiyasına qaytarmaq qərarına gəlir. Onlar belə də edirlər. Əli bəy taxtını qorumaqdan ötrü qan tökmək istəmir və azlıqda qalan tərəfdarları ilə Fələstinə köçür
(Bax: Ибрагимов Н.М. Курахскому району славных 80 лет. Махачкала, 2009, с.15-16).
Misirlə bağlı hadisələr izsiz qalmır. Krım xanlığı Osmanlı imperiyasından ayrılmağı qərara alır. 1772-ci ilin nöyabrın 1-də Krım xanı Sahib-Girey və II Yekaterinanın Baxçasaraydakı nümayəndəsi Y.A.Şerbin Qarasuda iki mühüm sənədi imzalayır: Krımın Osmanlı imperiyasından ayrılması haqqında deklarasiyanı və Krım xanlığının Rusiya ilə müttəfiqliyi haqqında müqaviləni
(Bax:ЦГВИА, ф.ВУА, оп.1, д.133, л.6).
Bundan sonra Osmanlı imperiyası Şimali Qafqazdakı müttəfiqlərini də itirir.
Bəzi tarixçilərin qeyd etdikləri kimi, bu hadisələrə Əli bəyin Misiri müstəqil dövlət elan etməsi böyük təsir göstərmiş, ayrı-ayrı ölkələrin imperiyadan ayrılması istəyi güclənmişdi. Təəssüf ki, 13 il Misiri idarə etmiş, qısa müddətdə tarixin yeni səhifələrini yazmış ləzgi Əli bəy əl- Gepirin fəaliyyəti geniş tədqiq edilməmiş, onun Fələstində yaşadığı dövr indiyədək araşdırılmamışdır.