Yəhudilərin sevimlisi - Digahlı Şövlət

  • Sədaqət Kərimova
  • 03.04.2023

Bu günlərdə tanınmış pedaqoq, ömrünün 45 ilini Quba rayonunun Digah kəndində xalq maarifinə həsr etmiş Gülnisə Ağakişiyeva ilə yaxından tanış oldum. Onunla görüşümüzə qusarlı iş adamı Teyfur Heybətov yardımçı oldu. Etiraf edim ki, zəngin daxili aləmləri olan bu iki insanla – Gülnisə Ağakişiyeva və Teyfur Heybətovla birlikdə keçirdiyim bir neçə saat xatirəmdə silinməz izlər buraxdı. Dünyanın ədalət tərəzisinin pozulduğu indiki dövrdə belə adamlarla ünsiyyət sayəsində daxilən zənginləşir və saflaşırsan. Qusarlıların xeyirxah insan, təbiət vurğunu, kitab aşiqi kimi tanıdıqları Teyfur Heybətov və bir neçə nəsil ziyalılar yetişdirmiş Gülnisə Ağakişiyevanın maddiyyatla deyil, mənəviyyatla bağlı söhbətləri ruhumu təzələdi.

Gülnisə müəllimənin çoxdan dünyadan köçmüş bir ağsaqqal haqqında söhbəti maraqlı idi. Bu söhbətlərdən sonra bir daha əmin oldum ki, ömrün mənası yaşanmış illərlə deyil, görülmüş xeyirxah işlərlə, xoş əməllərlə ölçülür. İnsanlar tanıyıram ki, dəfn olunan kimi unudulur. Adamlar da var ki, xatirələrdə daim yaşayır. Quba rayonundakı Digah kəndinin sakini Ağakərimov Şövlət Bədəl oğlu kimi. Onun heç bir vəzifəsi olmayıb, sovxozda fəhlə işləyib. Allah ona övlad da qismət etməyib. Amma buna baxmayaraq, ürəyi insanlara böyük sevgi ilə döyünüb. Bu mehriban, deyib-gülən, səmimi adam insanpərvərliyi və humanistliyi ilə ad-san qazanıb. Şövlət Ağakərimov Gülnisə müəllimənin atası Beykəsin dayısı idi. Hər ikisi Böyük Vətən müharibəsinin iştirakçısı olub, ilk gündən qələbə gününə kimi döyüşüblər, Berlinə qədər gedib çıxıblar. Müharibədən sonra tez-tez başlarına gəlmiş hadisələrdən söhbət açardılar. Şövlət dayının danışdığı bir əhvalat isə hamının diqqətini cəlb edir. Polşada Şövlət təxminən min nəfərlə birlikdə mühasirəyə düşür, almanlar onları əsir götürürlər. Onların arasında müxtəlif millətlərin nümayəndələri, o cümlədən ruslar, azərbaycanlılar, ləzgilər, tatarlar, polyaklar, yəhudilər var idi.  Tezliklə onlara belə bir məlumat çatır ki, alman faşistləri səhər tezdən yəhudiləri güllələyəcəklər. Şövlət kazarmadakı yəhudilərin söhbətlərini eşidir. Sabahkı günün qorxusu ilə bir-biri ilə dərdləşən bu müxtəlif yaşlı adamların göz yaşları içində bir-biri ilə vidalaşdıqlarını görən Şövlət yəhudi dilində onlardan soruşur:

– Faşistlər sizin yəhudi olduğunuzu nədən biləcəklər?

Hamı təəccüblə ona baxır:

– Sən də yəhudisən?

Şövlət gülür:

– Xeyr, mən ləzgiyəm, amma Qubada çoxlu yəhudi dostlarım var, dili də onlardan öyrənmişəm.

Onlardan biri cavab verir:

– Qardaş, hamımıza kəlmeyi-şəhadəti dedirtdirəcəklər. Deyə bilməyənlərin müsəlman olmadığı üzə çıxacaq və onda bizə rəhm etməyəcəklər.

Bu sözləri eşidən Şövlət yəhudiləri sakitləşdirir:

– Səhərə kimi vaxtımız var. Mən sizə kəlmeyi-şəhadəti öyrədərəm. Siz mənim dediyim sözləri əzbər deyin.

Hamı ona diqqət kəsilir. Şövlət səhərə kimi onlara kəlmeyi-şəhadətin sözlərini əzbərlətdirir. Səhər almanlar onları kazarmalardan çıxarıb çöldə sıraya düzür, rusları, polyakları onlardan ayırırlar. Yəhudi olub-olmadıqlarını öyrənmək üçün qaraşın adamları ayrıca dindirirlər. Müxtəlif yaşlı 50-dən çox yəhudi kəlmeyi-şəhadəti elə avazla, elə yaxşı deyir ki, Şövlət onların ərəb sözlərini bu qədər gözəl tələffüz etdiklərinə heyran olur. Onların müsəlman olduqlarına inanan almanlar yəhudiləri kazarmalara qaytarırlar. İki gün sonra Sovet ordusunun dəstələri yetişib hamını xilas edir. Təzədən əllərinə silah götürüb döyüşlərə qatılırlar. Müharibə bitir, sağ qalanlar tərxis olunub geri qayıdır. Şövlət Ağakərimov da doğma kəndi Digaha dönür. Qubanın Qırmızı qəsəbəsində əvvəllər də onun yəhudi dostları çox idi. Alveri adətən orda edər, pal-paltara, iynə-sapa qədər hər şeyi onlardan alardı. Yəhudi dilini bildiyinə görə onun xətrini çox istəyirdilər. Amma simsiz teleqrafla yəhudilər arasında yayılmış bu əhvalatdan sonra onun hörməti birə on qat artır.

Ləzgi Şövlətlə yəhudilərin bu böyük dostluğu onun ömrünün sonuna kimi davam edir. O, ağır xəstələnib yatağa düşəndə də yəhudi dostları kişiyə baş çəkir, hal-əhval tuturdular.

Şövlətgil bir neçə qardaş idilər: Mülküm, Yusif, Şövlət, Ömər. Yusif Bakıda yüksək vəzifələrdə çalışmış, hətta Ali Sovetin sədr müavini vəzifəsində işləmişdi. Xeyirxah adam olan Şövlət Ağakərimov isə orta təhsilli olmasına baxmayaraq, geniş dünyagörüşünə malik insan idi. O, aldığı təqaüddən xeyir-şər işlərinə də səxavətlə xərcləyər, evindən sədəqə, zəkat paylayar, imkansızlara əl tutardı. Hətta kəndin bir küçəsinə öz vəsaiti ilə qara örtük də çəkdirmişdi.

Allah ona qəni-qəni rəhmət eləsin!

Populyar məqalələr

Ləzgilər

  • Sədaqət Kərimova, Müzəffər Məlikməmmədov
  • 27.01.2023

ЯРАН СУВАР – BAHAR BAYRAMI

  • Sədaqət Kərimova
  • 14.03.2023