Gənc alimin böyük uğurları

  • Седагет Керимова
  • 28.09.2023

Samirə Məhəmmədrəhim qızı Rüstəmova 1980-ci ildə Qusar rayonunun Həzrə kəndində ziyalı ailəsində anadan olub. Həzrə kənd orta məktəbini qırmızı attestatla bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. Orada bakalavr, magistr təhsilini fərqlənmə diplomları ilə başa vurub. 2003-cü ildən Bakı Dövlət Universitetində təhsillə paralel olaraq, AMEA Botanika İnstitutunun Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində baş laborant, kiçik elmi işci vəzifələrində çalışıb, çalışqanlığına və əldə etdiyi uğurlara görə elmi işçi vəzifəsinə keçirilib, sonralar böyük elmi işçi kimi fəaliyyət göstərib. 2016-cı ildən bu günə kimi adı çəkilən şöbənin əsasında yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi və eyni zamanda təhsil şöbəsinin müdiridir.

2011-ci ildə molekulyar biologiya ixtisası üzrə stresə davamlılığın molekulyar və biokimyəvi mexanizmləri haqqında dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2015-ci ildə elmlər doktoru hazırlığı proqramı üzrə dissertanturaya daxil olub və stresə cavabdeh genlərin ekspressiyasının tənzimlənməsinə dair doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşır.

Gənc alimin tədqiqatlarında dünya elmi üçün yeni nəticələr əldə edilmişdir. Onun təcrübələrində buğdanın müxtəlif genomları səviyyəsində stresə davamlılığı tənzimləyən transkripsiya faktoru genləri aşkar edilmişdir. Azərbaycanda ilk dəfə olaraq, yeni genotipləşdirmə texnologiyası tətbiq olunmaqla, buğdanın rüşeym plazması yoxlanılmış və effektiv davamlı gen mənbələri xarakterizə edilmişdir.

Yerli buğda genotiplərindən Dreb geni ayrılaraq müqayisəli bioinformatik analiz edilmişdir. Əldə olunan məlumatlar ABŞ-ın Biotexnoloji İnformasiyalar üzrə Milli Mərkəzinin məlumat bazasında yerləşdirilmişdir. Almaniya və Azərbaycan mənşəli buğda genotiplərində genlərin ekspressiyası müqayisəli təhlil edilmişdir.

Samirə Rüstəmova 100-dən artıq elmi əsərin müəllifidir. Onlar “Plant Gene”, “Genetics and Molecular Research”, “Biochemistry”, “Advances in Biological Chemistry”, “Global Journal for Research Analysis”, “International Journal of Plant Research”, “Photosynthesis Research”, “Transactions of the Institute of Molecular Biology & Biotechnologies”, “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” və s. jurnallarda dərc olunmuşdur. Springer, Nova Publisher, Wiley kimi beynəlxalq nəşrlərdə çap olunan 5 kitab fəslinin müəllifidir.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2013-cü ildə gənc alim və mütəxəssislər üçün keçirilən müsabiqədə Samirə Rüstəmovanın rəhbəri olduğu layihə qalib gəlmişdir.

2019-cu ildə onun təqdim etdiyi elmi-tədqiqat proqramı Avropa ölkələrində postdoktoral tədqiqatların aparılması üçün elan edilmiş müsabiqədə qalib gəlmiş, o, Almaniyanın Bonn Universitetində elmi-tədqiqat işi aparmışdır. 2022-ci ildə yenidən adı çəkilən universitetə dəvət olunmuş, burada alim kimi işləmişdir. Hal-hazırda gənc alim Almaniyanın Osnabruk Universitetindən müddətli iş dəvəti almışdır.

2021-2022-ci illərdə S.Rüstəmova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən bitkilərdə genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında konseptual modelin işlənib hazırlanmasına həsr olunmuş layihənin aparıcı icraçısı olmuşdur.

 Gənc alim Azərbaycanda gen mühəndisliyinin yeni istiqamətlərinin inkişafı üzrə infrastrukturun yaradılması, genom redaktəsi metodlarının biotibbi tədqiqatlarda və genom seleksiyasında tətbiqi mövzusunda AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi-tədqiqat proqramının əsas cavabdeh icraçısıdır. O, həmçinin Amerika, Avropa, Asiya, Avstraliya və Afrika üzrə 15 ölkəni əhatə edən “The Open Wild Wheat Consortium” adlı beynəlxalq meqalayihənin Azərbaycan üzrə nümayəndəsidir.

Samirə Rüstəmova bir sıra xarici ölkələrdə keçirilən konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. 2016-cı ildə ABŞ Dövlət Departamentinin əsas peşəkar mübadilə proqramı olan Beynəlxalq Ziyarətçi Liderlik Proqramı (IVLP) çərçivəsində Nyu-York, Klivlend və Mayami şəhərlərində olmuşdur.

2017-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərərfindən molekulyar biologiya ixtisası üzrə dosent elmi adı verilmişdir.

Samirə Rüstəmova magistratura pilləsində Azərbaycan, rus və ingilis bölmələrində tədris aparır. AMEA-nın magistraturasında “Genetik məlumatın ekspressiyasının tənzimlənməsinin molekulyar mexanizmləri” fənnini, Bakı Dövlət Universitetinin magistraturasında isə “Fotosintezin molekulyar biologiyası” və “Proteomiks” fənnlərindən mühazirələr oxuyur.

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının biologiya, aqrar və tibb elmləri üzrə seminar şurasının üzvüdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi SABAH qrupları icra komitəsinin biologiya üzrə komissiyasının üzvü kimi müəllimlərin seçimində iştirak edir.

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının, dissertasiya şurasının üzvü kimi, həmçinin bir sıra nüfuzlu xarici jurnallarda və Elm və Texnologiyada Avropa Əməkdaşlığı COST (European Cooperation in Science and Technology) proqramında rəyçi alim kimi fəaliyyət göstərir.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023