Səma adı tanınacaq

  • Седагет Керимова
  • 18.03.2023

İstedadlı insan o saat seçilir, mütləq diqqəti cəlb edir. Səma kimi. Bu qızın öz arzularının arxasınca qətiyyətlə irəliləməsinə, yaşına uyğun gəlməyən zəhmətkeşliyinə heyran olmamaq mümkün deyil. Səma Abbasova Gəncədə doğulub. Qismətinə ata qayğısından məhrum olmaq, ana himayəsində böyümək düşən, kasıblığa, dünyalar qədər sevdiyi anasının xəstəliyi ilə bağlı çətinliklərə sinə gərmək düşən bu qızın həyat eşqi, yaratmaq şövqü, insanlara sevgisi adamı heyrətə gətirir. Hələ Bakının 31 saylı məktəbində oxuduğu illərdən milli elementləri ilə seçilən geyim dizayneri olmağı arzulayan Səma 9-cu sinfi bitirib Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 13 saylı Bakı Peşə Məktəbinin geyim üzrə dizayner qrupunun tələbəsi oldu. Məktəb ona arzularını gerçəkləşdirməkdə kömək etdi. O, bir-birindən maraqlı eskizlər hazırlayıb, onlar əsasında paltarlar tikməyə başladı. Bəzən anasının xəstəliyi ilə əlaqədar məktəbə gedə bilməyən, gündüzlər onun qulluğunda durub, gecələr həm dərs oxuyan, həm də tikiş işləri görən Səma Bakının peşə məktəblərinin tarixində yeganə şagirddir ki, fərdi sərgisi keçirilib. Keçən il baş tutan həmin sərgidə nümayiş etdirdiyi geyimlər peşəkarların da diqqətini cəlb elədi. Səma “ilin bacarıqlı tələbəsi” adını qazandı. 
18 yaşlı bu qız son üç ildə öz eskizləri əsasında 60-dan çox geyimlər tikib. Onun olduqca maraqlı layihələri var. Fərqli və orijinal eskizləri və onların əsasında tikdiyi kreativ geyimləri ona Seadnur.boutique adlı öz markasını yaratmağa imkan verib. Həyatını yeganə qızına sərf edən anası, tanınmış qrim rəssamı Səadət Sadıqova Səmanın bütün layihələrində onun ən yaxın məsləhətçisidir. 
Başdan-başa səmimiyyət olan Səmanın zəngin mənəvi dünyası var. Onun ən böyük arzusu isə dünyanın seçilən modelyeri olmaqdır. Bu, onda mütləq alınacaq. Çünki bu gənc rəssam-dizaynerdə istedadla yanaşı, böyük iradə və qətiyyət var. İnanırıq ki, Səma Azərbaycanı dünyada tanıdacaq.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023