Грустный этюд

  • Муьзеффер Меликмамедов
  • 02.02.2023

Redaksiyaya hər cür insanlar gəlir. Bu dəfə gələn, əsa ilə güclə yeriyən, saqqalı ağappaq ağarmış, qışın bu çağında əynindəki nimdaş boz plaşından, ayağındakı köhnə ayaqqabılarından baxımsız olduğu dərhal hiss olunan qocanı ilk baxışdan tanıya bilmədim. Yerimdən qalxıb onu qarşılamaq üçün qapıya tərəf gedəndə gözlərimə qaranlıq çökdü. Bu, redaksiyamızın dostu, məqalələri ilə oxucularımızın diqqətini çəkən Qüdrət müəllim idi. Uzun illər Sumqayıt şəhərinin, Abşeron və Quba rayonlarının məktəblərində pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan və tat dillərində çapdan çıxmış bir neçə kitabın müəllifi Qüdrət Əliyev. Tat Qüdrət təxəllüsü ilə tez-tez “Kirpi” jurnalında çıxış edən eloğlum, 1936-cı ildə Quba rayonunun İsnov kəndində həyata göz açmış gözəl qələm sahibi.

O, həmişə redaksiyamıza gülə-gülə, şən zarafatlarla gələrdi. Hər dəfə bizə bağının meyvələrindən də gətirərdi. Şıq geyimi, şux yerişi ilə diqqət çəkərdi. Bu dəfə...

Onun niyə belə pəjmürdə olduğunu soruşmağa ehtiyat etdim. Söhbətə özü başladı:

– Ola bilsin ki, sonuncu dəfə redaksiyaya gəlirəm. Hiss edirəm ki, əvvəlki adam deyiləm. Bəzən özümü unuduram, paltarlarımı geyinə bilmirəm. Çörək yemədiyim vaxtlar da çox olur. Gəldim ki, sizinlə sonuncu dəfə görüşüm.

Qüdrət müəllimin qəmli əhvalını dağıtmaq istədim:

– Yaxşı ki, gəlmisiniz. Qəzetimizin 30 illik yubileyi ilə əlaqədar redaktorumuz Sədaqət xanımın yazdığı “Samur 30” kitabında sizin şəkliniz də verilib.

Kitabı alıb şəklinə baxanda üzündə ötəri təbəssüm əmələ gəldi. Amma təəssüflə bildirdi:

– Bəlkə belə gözəl kitabı mənə bağışlamayasınız?

– Niyə? – deyə soruşdum.

– Çünki artıq kitab oxuya bilmirəm.

– Evdəkilər, övladlarınız sizə oxuyar, – dedim.

Bu sözləri eşidəndə çöhrəsi tutuldu. Dərindən köks ötürüb, vaxtilə bir kitabını redaktə etdiyim, başqa kitablarına ön söz yazdığım Qüdrət müəllim məni özünə yaxın bildiyinə görə astadan, sanki sirrini açırmış kimi dedi:

– Bilirsən, övladlarımdan sınmışam. Sumqayıtda tək yaşayıram.

Kitabı niyə götürmək istəmədiyini dərhal anladım. Onun it-bat olmasından qorxurdu. Bir qədər söhbətdən sonra yarım vərəqlik bir yazını uzadıb dedi:

– Bu yazıya bax görüm.

Baxdım. Bir neçə il əvvəl dünyasını dəyişmiş vəfalı həyat yoldaşını xatırlayırdı. Sanki bu yazı ilə son dəfə sədaqətinə görə onun ruhu qarşısında baş əymək istəyirdi. Köməksiz, arxasız qaldığını, övladlarının vəfasız çıxdığını heç kimə bildirmək istəməyən 87 yaşlı ağsaqqalın halını görəndə ürəyimdə şivən qopurdu: “Ey həyat, budurmu sənin sonun? O cür insan niyə bu vəziyyətə düşüb? Bizim də axırımız belə olacaqmı?”

Az qala ağlayacaqdım. Bunu səsimin titrəməsindən Qüdrət müəllim də hiss etdi. Kövrəldiyimi görüb mənə ürək-dirək verdi: “Möhkəm ol, çətinliyə, ağrı-acıya təslim olma”. Əlindən tutub onu yola saldım. Arxasınca baxa-baxa düşünürdüm: “Görəsən, Allah vəfasız, ata-ana qayğısını çəkməyən övladları niyə yaradır?”

Müzəffər Məlikməmmədov

Aşağıda Qüdrət müəllimin yazısını veririk.

Bağımın gülü ibtidai sinif müəllimi idi. Dörd əməli öyrənər, öyrədərdi. Amma evdə “çıxma əməlinə” qısqancdı. Qismətə inam gətirib, “olana bərəkət” deyər, izafi xərclərdən qaçardı. Şəhərdə evimiz vardı. Xeyirxah adamların əməli məsləhəti ilə İsnovda da evimiz oldu. Sumqayıt müəllimi daldalanmadı, torpaqla ünsiyyət qurdu. Nəxşələndi əlində pöhrələr. Bər-bəhər oldu irili-xırdalı qönçələr. Güldü noxud xırmanı, ənbizləndi zəmidən gələn buğda, dərilmiş mer-meyvə. Sıralandı həyətdə arı pətəkləri. Evdə bal küpələri itirmədi torpaq Anaxanımın zəhmətini, halallıq dirilik gətirdi. Bəhrə özümüzə yetdi “pay-püşə”də çatdı. Maşınlı olduq. Biz də ötdük enişli-yoxuşlu dolanbac döngələri. Paxıllıq bilmədi o. Kimsədən küsmədi, kimsəyə küsənmədi. Gün gəldi, gün keçdi, ötən şagirdlərinə olan sevgisini nəvə-nəticəsində tapdı. El-elat qızı, analar anası Anaxanım, əbədi rəhmət!

Tat Qüdrət

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023