Bu yaxınlarda Bakıdakı Ekspo Mərkəzdə keçirilmiş Beynəlxalq Kitab Sərgisinə gələnlər burada bir nəşrin olduqca maraqlı təntənəli təqdimat mərasimində iştirak etdilər. Tanınmış hərbçilərin, adlı-sanlı ziyalıların, yazıçı və jurnalistlərin də qatıldığı tədbir olduqca maraqlı və canlı keçdi. Qonaqların arasında Vətən müharibəsinin qəhrəmanı, Şuşaya bayraq sancmış qusarlı ləzgi igid, polkovnik Rəşad Aslanovun da olması diqqəti cəlb etdi. Haqqında məqalələr, şeirlər, poemalar yazılmış bu igidi yaxından görmək, onunla tanış olmaq istəyənlər çox idi.
Hərbi marşlar müəllifi kimi tanınan hərbçi şairə Zəminə Xınalı Aslanbəylinin bu qəhrəman haqqında “Şuşaya bayraq asan cəngavər” adlı kitab nəşr etdirməsi sərgi iştirakçılarının böyük marağına səbəb oldu. “Apostrof-A” nəşriyyatı tərəfindən nəfis tərtibatla, rəngli şəkillərlə çapdan buraxılmış, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin ön söz yazdığı kitabda polkovnik Rəşad Aslanovun həyat və fəaliyyətindən söhbət açılır.
Gənc zabitin Vətən müharibəsi zamanı tabeliyində olan xüsusi təyinatlı bölmələri bacarıqla idarə etməsi, döyüşlərdə böyük uğurlar qazanması geniş qələmə alınıb.
Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını asmağın polkovnik Rəşad Aslanova nəsib olması xüsusilə qeyd edilir.
Xidmət etdiyi müddətdə bir sıra medallarla təltif olunan polkovnik Rəşad Aslanov Vətən müharibəsində göstərdiyi igidliklərə görə “Qarabağ” ordeninə,
“Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsinin iştirakçısı” medallarına layiq görülüb.
Qeyd etmək lazımdır ki, şairənin “Şuşaya bayraq asan cəngavər” poeması böyük ruh yüksəkliyi yaradır. Çingiz Abdullayevin qeyd etdiyi kimi, tarixi qəhrəmanlıqdan bəhs edən bu epik-lirik əsər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, təlim-tərbiyəsində, Vətənə layiqli övlad kimi formalaşmasında mühüm yer tutacaq.