İgidliyin vəsfi

  • S.KƏRİMOVA
  • 30.01.2025

   Ötən ilin sonlarında qələm dostum, tanınmış yazıçı-jurnalist Arif Əbdülöğlu mənə yenicə çapdan çıxmış kitabını hədiyyə edəndə çox sevindim. Bu, onun şeir və poemalardan ibarət “Bütövləşən vətənim” adlı sayca ikinci kitabı idi. Uzun illər Azərbaycanın kütləvi mətbu orqanı olan “Sovet kəndi” qəzeti redaksiyasında çiyin-çiyinə çalışdığım həmkarımın qələminə, onun gənclik illərində yazdığı şeir və hekayələrə, oçerklərə bələd olduğumdan bunun maraqlı nəşr olacağına şübhəm yox idi. 
   Onu da deyim ki, özünəməxsus dəst-xətti, səmimi təhkiyə üsulu ilə seçilən Arif Əbdüloğlunun şair təbiətli, dərin duyğulu insan olduğunu bildiyimdən həmişə düşünürdüm ki, o, mütləq nələrsə yazır və ola biməz ki, haçansa onları üzə çıxarmasın.
Fikrimdə yanılmadığım bir neçə il əvvəl üzə çıxdı. Bir gün Arif uzun illərdən bəri qələmə aldığı şeirlərini redaksiyamızda mənə təqdim edərək onları kitab halında nəşr etmək istədiyini, toplunun redaktoru olmağımı arzu etdiyini bildirdi. Məmnuniyyətlə kitabı redaktə etdim və nəhayət, 2019-cu ildə Arifin “Vətəndir – sevdiyim, sevildiyim yer” adlı şeirlərdən və poemalardan ibarət ilk kitabı çapdan çıxanda buna ən çox sevinənlərdən biri mən oldum. Oxucular tərəfindən maraqla qarşılanan həmin kitab başdan-başa vətən sevgisi, yurd təəssübkeşliyi, qəhrəmanlıq tariximizin yaddaqalan səhifələrinin poetik təsviri, vətənpərvərlik hisslərinin təbliğinə həsr olunmuşdu. 
   İndi budur, qələm dostumun yeni kitabı qarşımdadır. Bakının “Mütərcim” nəşriyyatında işıq üzü görmüş bu kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Telman Cəfərovdur. Kitabın əsas mövzusu və qayəsi Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfər, bu zəfərə imza atan qəhrəman əsgərlərimiz, Şuşanı və digər torpaqlarımızı düşmən tapdağından azad edən igid oğullarımızın qəhrəmanlığının vəsfidir. Müəllif eyni zamanda doğma kəndi Maştağanın tarixini də səhifələyir, kəndlə bağlı əhəmiyyətli hadisələrə, müxtəlif insanların talelərinə  işıq salır,  ömrünün müdriklik çağında özünün ibrətamiz fikirlərini və deyimlərini oxucuları ilə bölüşür.
  Qeyd etmək lazımdır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab tərbiyəvi əhəmiyyəti ilə diqqət çəkir. İnanırıq ki, o, geniş əks-səda yaradacaq, söz-sənət sahibləri öz fikirlərini deyəcəklər.
“Samur” qəzetinin yaradıcı kollektivi və  oxucuları adından Arıf  Əbdüloğlunu yeni kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023