Gənc şairin ilk kitabı

  • Самур
  • 28.09.2023

Oğuz rayonunun Qarabulaq kəndində boya-başa çatmış gənc qələm sahibi Əfsər Abdullayevin “Abzas” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Müəllifin kitabına belə ad verməsi təsadüfi deyil. Əfsərə görə həyatda çox şey abzasdan başlayır.

Gənc şairin mövzu dairəsi geniş və rəngarəngdir. Onun özünəməxsus həyat fəlsəfəsi var, dünyaya, cəmiyyətə yeni gözlə baxır. Lirik şeirlərində çoxlarının istifadə etdiyi bədii ifadə vasitələrinə əl atmır. Özünəməxsus təşbeh və bənzətmələrin axtarışındadır. Şeirlərində yersiz uzunçuluq da etmir. Sözünü qısa və tutarlı deməyə çalışır. Cəmiyyətdə baş verən mənəvi çöküntü şairi sarsıtsa da, insanları xeyirxahlığa səsləyir, gözəllik axtarışı ilə özünə və oxuculara təskinlik verməyə çalışır. Bu baxımdan gənc şairin “İnsanlıq”, “İnsan ömrü”, “Bir qocanın xəyalıdır xəyalım”, “Bu dünyanın”, “Sabah” kimi şeirləri təsirli və yaddaqalandır.

Əfsər Abdullayevin “Abzas” kitabı gənc şairin oxucularla ilk görüşüdür. İnanırıq ki, gələcəkdə o, poeziya aləmində daha uğurlu addımlar atacaq, öz şeirləri ilə poeziyasevərlərin qəlbinə yol tapacaq.

 

                 İnsanlıq

İnsanlıq diz üstə sürünən zaman,

Nadanlıq yüksəlir topuqdan dizə.

Bu qədər qan töküb, can alırıqsa,

Kim deyər, kim axı, kim insan bizə?

 

Yatmayın, yuxudan ayılın artıq,

Nə fərqi rəngimiz qaradır, ağdır?

Köçəndə dünyadan arxayın köçək,

Bilək ki, insanlıq hələ də sağdır.

 

İnsanlıq yolunda, insanam deyən,

Çəkər min əziyyət, acı, sayılmaz.

Amma hər kəbədən təsbeh gətirən,

Əbalı molla da hacı sayılmaz.

 

Əsil insanlığa atılan ləkə,

Yalandan insanam deməkdir elə.

Nəyinsə xətrinə görülən əməl,

İnsanın haqqını yeməkdir elə.

 

       Mənim ürəyimdə

Yenə pəncərəmdən ay baxır mənə,

Yenə gülümsəyir işıqlı şüşə.

Qarışır kölgələr, biri-birinə,

Nə bulud oyaqdı, nə də bənövşə.

 

Alır dincliyini mürgülü gözlər,

Bəlkə də hardasa, məndən uzaqda.

Həsrətdən ürəkdə coşur dənizlər,

Gecə aram-aram addımlamaqda.

 

Heç kəsi vecinə almır elə bil,

Titrəyir yarpaqlar, pozulur sükut.

Bu həsrət dil ilə deyilən deyil,

Mən necə deyim ki, əllərimi tut?

 

Yanan ulduzların hərəsi bir qəm,

Bəlkə də başqa bir qəmə əsirsən...

Mən sizin qapıdan keçən deyiləm,

Mənim ürəyimdə sən nə gəzirsən?

 

   Qurban olduğum

Gözlərimdə iki damla,

Bir-bir sil, qurban olduğum.

Səndən şirin, şəkərmi var,

Şirin dil, qurban olduğum.

 

Həyat mənlə nə qəstdədir,

Ümüdlərim can üstədir.

Bəzən bülbül qəfəsdədir,

Bəzən gül, qurban olduğum.

 

Göylər mavi, yerlər yaşıl,

Sən də səfasına qoşul.

Şam yansa da işıl-işıl,

Olmaz kül, qurban olduğum.

Популярные статьи

Лезгины

  • Седагет Керимова, Музаффар Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР – ПРАЗДНИК ВЕСНЫ

  • Седагет Керимова
  • 14.03.2023