Dünən Bakının Nizami Kino Mərkəzində Sədaqət Kərimovanın “Səssiz haray” bədii filminin təqdimat mərasimi keçirildi. Ağzına kimi dolu zalda keçən qala gecəsinə gələnlərin insan mənəviyyatının dərin qatlarına nüfuz edən ssenari əsasında çəkilmiş bu ekran əsərinə böyük maraq göstərdikləri hiss olunurdu.
Sədaqət Kərimova filmin məqsədinin sınıq könüllərin səssiz harayını cəmiyyətə çatdırmaq olduğunu qeyd edərək tamaşaçıları filmə baxmağa dəvət etdi. Zalın nəfəsini dərərək, sonsuz maraqla izlədiyi film sona çatanda tamaşaçılar ayaq üstə uzun sürən gurultulu alqışlarla filmə münasibətini bildirdilər. Sonra isə filmin yaradıcı heyəti çiçək yağışına tutuldu. Atyorlar adından çıxış edən filmin baş qəhrəmanları İlhamə Əhmədova, Aygün Fətullayeva və Elşən Rüstəmov tamaşaçılara bu səmimi münasibətə görə minnətdarlıqlarını bildirdilər.
Gecədə iştirak edənlərin hamısının etiraf etdiyi kimi, bu, unudulmaz bir gecə oldu. Ayrılarkən hərə özü ilə “Səssiz haray”ın zərrəciklərini apardı.