Texnika üzrə fəlsəfə doktoru, dosent Şəfi Danyalovun ömür yolu kənd məktəbindən başlayaraq elmin zirvələrinə, auditoriyalardan beynəlxalq elmi tribunalaradək uzanan zəngin və mənalı bir həyat salnaməsidir.
Şəfi Danyalov 1953-cü il iyunun 25-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri bu qədim kənddə keçib. Hələ məktəb illərindən çalışqanlığı ilə seçilib. 1970-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olub. Tələbəlik illərində müxtəlif tələbə elmi konfranslarında məruzələrlə çıxış edib, qazandığı uğurlara görə fəxri diplomlarla təltif olunub.
1975-ci ildə ali təhsilini başa vurub təyinatla Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutuna kiçik elmi işçi vəzifəsinə göndərilən Şəfi Danyalov zəhməti, biliyi və təşəbbüskarlığı sayəsində burada böyük hörmət qazanıb. Kiçik elmi işçi vəzifəsindən aparıcı, daha sonra isə baş elmi işçi vəzifəsinədək yüksəlib.
1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər namizədi, indiki adla desək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1991-ci ildə ona baş elmi işçi, 2012-ci ildə isə dosent elmi adı verilib.
Lakin Şəfi Danyalov yalnız laboratoriyalar və elmi araşdırmalarla kifayətlənməyib. O, çalışdığı institutun elmi şurasının, əmək kollektivi şurasının üzvü olub, mənzil-məişət komissiyasına rəhbərlik edib, ictimai işlərdə fəallığı ilə seçilib. Onun üçün elm həmişə insanlara xidmət vasitəsi olub.
1993-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə dəvət olunması alimin həyatının yeni mərhələsinin başlanğıcı olub. Universitetin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasında dosent kimi fəaliyyət göstərən Şəfi müəllim minlərlə tələbənin sevimli müəlliminə çevrilib.
O, 1994–2002-ci illərdə “Su təsərrüfatı tikintisi və ekologiya” fakültəsinin, 2002–2011-ci illərdə isə “İnşaat texnologiyası” fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 2015–2016-cı illərdə “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasına rəhbərlik edib. 2016-cı ildən isə universitetdə tədris işləri üzrə prorektorun köməkçisi vəzifəsində fəaliyyətini davam etdirir.
Şəfi müəllimin fəaliyyəti yalnız ali məktəblə məhdudlaşmayıb. O, müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsinin Elmi-Texniki Şurasının üzvü, Təhsil Nazirliyinin “Hərbi, fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyi” elmi-metodik bölməsinin elmi katibi olub.
Onun həyatında beynəlxalq əməkdaşlıq da mühüm yer tutur. 2007-ci ilin iyun ayında BMT xətti ilə İsveçin Sandö şəhərində təşkil olunan “Təbii fəlakətlərin ətraf mühitə təsiri” mövzusunda təlimlərdə iştirak edib. Bu təcrübə onun fövqəladə hallar və təhlükəsizlik sahəsindəki fəaliyyətini daha da zənginləşdirib.
1997-ci ildə yaradılan Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Problemləri üzrə Mütəxəssislər Assosiasiyasının – “Fövqəl” Assosiasiyasının təsisçilərindən biri olan Şəfi Danyalov uzun illər bu qurumun idarə heyətinə rəhbərlik edib. Onun təşəbbüsü və fəal iştirakı ilə respublika və beynəlxalq səviyyədə onlarla konfrans və simpozium təşkil olunub.
2018-ci ildə “Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi” Beynəlxalq Elmlər Akademiyasının “Fövqəladə hallar” bölməsinin həqiqi üzvü seçilməsi də onun elmi nüfuzunun beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir.
Şəfi müəllimin zəhməti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1986-cı ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif olunub. 2016-cı ildə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb. Onun çoxillik səmərəli fəaliyyəti 2025-ci il dekabrın 18-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmaqla bir daha yüksək qiymətləndirilib.
Şəfi Danyalov 148 elmi əsərin, o cümlədən 18 ixtiranın, 1 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin və 2 metodik vəsaitin müəllifidir.
Bütün bu nailiyyətlərin arxasında isə sadə, təvazökar, zəhmətkeş bir insan dayanır. Şəfi müəllim ailəlidir, iki övlad atasıdır. Onu tanıyanlar yaxşı bilirlər ki, o, elmdə olduğu kimi, həyatda da səmimiyyəti, insanpərvərliyi və xeyirxahlığı ilə seçilir.