İyirmi beş il çarizmin müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq mübarizəsinə rəhbərlik etmiş, son anda 400 müridi ilə Qunib qalasında sayca dağlılardan 900 dəfə çox olan, təpədən dırnağadək silahlanmış 360 minlik rus qoşununa müqavimət göstərmiş Şeyx Şamil əsir alınandan sonra feldmarşal rütbəsinə layiq görülmüş knyaz A.İ. Baryatinski çar II Aleksandra göndərdiyi xüsusi raportda yazılmışdı: “Gec-tez müridizm bu və ya digər imamın rəhbərliyi ilə yenidən baş qaldıracaq və ilk imkan düşən kimi, diyarı tabe etmək üçün göstərdiyimiz bütün səyləri alt-üst edəcək” (Записки князя А.И.Барятинского о внутреннем состоянии Кавказа//Русский архив. М., 1889. №4, с. 618).
Həmin raportdan bir qədər sonra baş verən hadisələr feldmarşalın haqlı olduğunu təsdiq etdi. Şamilin ən sədaqətli silahdaşlarından olan Cənubi Dağıstan ləzgilərinin imamı Hacı Murtuz ağa onun mübarizəsini davam etdirməyə başladı. Bu cəsur insan 1858-ci ilin iyunun 22-dən avqustun 30-na kimi İmamatın Ləzgi Xəttini müdafiə edən ləzgi qoşununun rəhbərlərindən biri olmuşdu. O, 26 dəfə general Vrangelin qoşunları ilə döyüşmüş, həmin döyüşlər zamanı rusların 20 zabitini və 900 əsgərini tələf etmişdi. Vrangel Ləzgi Xəttini ələ keçirmək üçün heç də onun fikirləşdiyi kimi 10 gün deyil, 70 gün vaxt sərf etməli olmuşdu.
Şeyx Şamil Hacı Murtuz ağaya Cənubi Dağıstan ləzgilərinin köməyi ilə milli-azadlıq hərəkatını yenidən dirçəltməyi və beləliklə bütün Dağıstanı təkrar ayağa qaldırmağı tapşırmışdı. Tarixçilər bu məsələnin üstündən sükutla keçsələr də, faktlar göz qabağındadır. 1863-cü ildəki döyüşlərdən sonra Hacı Murtuz ağa əvvəlcə Quba və Küre ləzgilərini, sonra bütün Dağıstanı din bayrağı altında birləşdirməyi qərara alır. Ona görə də bəzi rus generalları və tarixçiləri onu “amansız və barışmaz din fanatiki” adlandırmışlar (ЦГВИА. Ф. 400. Оп. 259/909, д. 43).
1864-cü ilin yazında çar qoşunları ilə döyüşlərə ciddi hazırlıq görmüş Hacı Murtuz ağa 14 minlik qoşun yığmışdı. O, Şimali Dağıstana cə Şirvana adamlarını göndərərək yerli əhalidən çar qoşunlarına qarşı müharibə aparmaqda ona kömək göstərməsini xahiş etdi. Lakin bu kömək gəlmədi və hadisələr başqa səmt aldı.
Hacı Murtuz ağanın niyyətindən xəbər tutan Qafqaz canişini onu qabaqladı və yayın ilk günlərində Dağıstan əhalisinə müraciət etdi. Həmin müraciətdə deyilirdi: “Dağıstan əhalisi vergilərdən azad olunur, torpaq və meşələr əhalinin mülkiyyətinə çevrilir. Əhalinin ticarət və sənətkarlıqla, digər əmək növləri ilə məşğul olmaq hüququ vardır. Bu hüququn təmin edilməsindən ötrü Gürcüstana, Car-Balakənə, Şəkiyə, Şirvana, Qubaya və Dərbəndə gedən yollar əhalinin üzünə açıqdır... Ona görə də bu hüquqları almış əhalidən tələb olunur ki, çar qoşunlarına müqavimət göstərməkdən əl çəksin” (Очерки истории Дагестана, т.1. Махачкала, 1957).
Qafqaz canişininin gözlənilməz müraciəti silaha sarılanların bir hissəsini döyüşlərdən yayındırdı. Şimali Dağıstandan və Şirvandan kömək almayan, milli-azadlıq mübarizəsində rək qalan Hacı Murtuz ağa yayın ortalarında 10 min nəfərdən az qalmış dəstəsilə rus generallarının 24 minlik qoşununa qarşı döyüşlərə atıldı. Hərbi raportlarda göstərildiyi kimi “təklənmiş pələngi xatırladan Ləzgi Hacı Murtuz ağa qəfildən əks hücuma keçir, qətiyyətlə müdafiə olunurdu. Böyük itkiyə yol verdikdən sonra da onun mübarizə əzmini qırmaq mümkün olmadı” (ЦГВИА. Ф. 400, оп. 259/909. Д. 43).
İki aya yaxın davam edən döyüşlərdə Hacı Murtuz ağa bir neçə dəfə qələbə qazansa da, rus generalları əlavə qüvvələr cəlb edərək axıradək döyüşən 4 min silahlı ləzginin müqavimətini qırmağa nail olur, ağır yaralanmış Hacı Murtuz ağanı ələ keçirərək, Tiflis qalasının həbsxanasına salırlar.
Şeyx Şamildən sonra 5 il mill-azadlıq mübarizəsinə rəhbərlik etmiş, lakin haqqında indiyə kimi bir məqalə belə yazılmamış igid imam Hacı Murtuz ağa haqqında mətbuata 1864-cü ildə gənc rəssam L. F. Vereşagin məlumat verib. Həmin ilin sonunda Tiflisdə bu cəsur insanın portretini yaratmış rəssam onu “döyüşkən, inadkar və qəzəbli üsyan başçısı” adlandırmışdı. Tiflis həbsxanasında dözülməz işgəncələrə məruz qalsa da, çar generalları onun mübariz ruhunu axıra kimi qıra bilmədilər.