Son illər alimlərimiz tariximizin indiyədək qaranlıq qalan bir çox səhifələrinə işıq salıb, indiyədək məlum olmayan hadisələri və dəlilləri xalqa çatdırıb. Amma etiraf edək ki, hələ tariximizin açılmamış səhifələri çoxdur. Onlardan biri 18-19-cu əsrlərdə ləzgilərin və Dağıstanın Qarabağla əlaqələri ilə bağlıdır.
Qeyd etdiyimiz mövzuda ilk olaraq bizə bir sıra məlumatları çatdıran Azərbaycan tarixçisi Mirzə Yusif Qarabağidir. O, bir neçə il Dağıstanda yaşamış, burada general leytenant Griqori Orbelianinin yanında mütərcim işləmişdir. Həmin vaxtda Temir-Xan – Şurada, Molla Pənah Vaqifin və onun müasirlərin əsərlərindən ibarət ədəbi məcmuə də çap etdirmişdir.
Mirzə Yusif özünün fars dilində qələmə aldığı «Tarix-i Safi» əsərində yazdığı kimi, Pənah xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində ləzgilərin Qarabağla daha sıx əlaqələri olub. O dövrdə Qarabağ xanlığı müstəqil idi və İbrahimxəlil xan heç kimə tabe olmurdu. Əksinə, Azərbaycan hüdudlarında olan bir çox vilayətlərin məlik, hakim və xanlarından üstün sayılırdı.
Tarixçinin qeyd etdiyi kimi, Qarabağ xanlığı öz müstəqilliyini həm də ləzgilərin köməyi sayəsində qoruyub saxlayırdı. Mirzə Yusif öz əsərində yazır: “Dağıstan ölkəsindən ona kömək gəlirdi və çox vaxt ləzgilərin qoşunlarını yanında qonaq sifəti ilə Qarabağ kəndlərinin hesabına saxlayırdı.
İbrahimxəlil xan Qaradağ vilayətini də həmin ləzgi qoşununun köməyi ilə zəbt etdi. Araz kənarında bir çox binaları və abadanlıqları olan və eyni zamanda Qaradağ vilayəti hakiminin əyləşdiyi yeri Güruşt qalasını dibindən dağıdıb yerlə yeksan etdi».
Müəllif haqlı olaraq yazır ki, Dağıstan əmirləri İbrahimxəlil xana sadiq və dost idilər. Lazım olduqda onlar bütün qoşunları ilə köməyə gəlirdilər. 1760-1806-cı illərdə Qarabağ xanlığını idarə etmiş İbrahimxəlil xanın ləzgilərlə və Dağıstanla yaxınlığı haqqında Mirzə Mehdi Xəzani də özünün «Kitabi-tarixi-Qarabağ» əsərində məlumat verib.
O yazır ki, İbrahimxəlil xan «hər vəqtə ki zərur və dərgah olurdu Dağıstan vilayətindən ləzgi qoşununu cəm edib, Ümmə xanın və sair sərkərdələrinin ittifaqı ilə Qarabağa gətirib, hər yerdə ki, qoşun göndərmək lazım olanda öz övlad və əqrəbalarından dəxi sərkərdə töküb Qarabağ qoşunu ilə müttəfiq göndərib, düşmənlik edənlərə tənbeh və güşman edəndi, özünə müti və münqad qılırdı».
Maraqlı faktlardan biri odur ki, 1784-cü ildə qubalı Fətəlixan Qarabağ xanlığını tutmaq istəyəndə üç min nəfərlik ləzgi qoşunu İbrahimxəlil xanın köməyinə gəlmişdi. Fətəli xanın qoşunu da əsasən ləzgilərdən ibarət idi. Quba xanı ləzgilərin İbrahimxəlil xanın köməyinə gəldiyini biləndə fikrindən əl çəkir və qardaş qırğınına yol vermir.
Daha bir fakt. Mirzə Rəhim Fənanın «Tarixi-cədidi-Qarabağ» əsərində göstərildiyi kimi, Ağa Məhəmməd şah 1797-ci ildə ikinci dəfə 100 minlik qoşunla Qarabağa hücum edəndə İbrahimxəlil xan Ləzgistanda sığınacaq tapmış və burada onun təhlükəsizliyi qorunmuşdu.
Tarixçilərin yazdıqları kimi, İbrahimxəlil xanın dövründə ləzgilərin Qarabağ xanlığı ilə dostluq əlaqələri möhkəm idi və lazım olan anda onun müstəqilliyinin qorunmasında yaxından iştirak edirdilər. Bu fakta Həsən İxfa Əlizadənin «Şuşa şəhərinin tarixi» əsərində də rast gəlmək olar. O yazır: «Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər».
1968-ci ildə Moskvada nəşr olunmuş «Dağıstan tarixi» kitabında göstərildiyi kimi, 1804-cü ildə İran qoşunları Azərbaycana hücum edəndə şah Azərbaycan xanlıqlarına və Rusiyaya qarşı müharibədə ləzgilərdən istifadə etməyi qərara alır və «hər döyüşən ləzgiyə 100 manat gümüş pul» verəcəyini vəd edir. Lakin ləzgilər şahın təklifini rədd edir və Qarabağ xanlığına kömək məqsədilə böyük silahlı dəstə göndərirlər.
Bu dostluğun və sədaqətin müqabilində qarabağlılar da ləzgilərə ehtiram göstərir, onların mədəniyyətinə, adət-ənələrinə, dilinə hörmətlə yanaşırdılar. 1855-ci ildə «Кавказ» qəzetində vaxtilə İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camalın «Qarabağ tarixi» əsərinin tərcüməsini çap edən Adolf Berje yazmışdır: “Mirzə Camal fars, ərəb, osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi”.
İbrahimxəlil xanın hakimiyyəti dövründə Qarabağ xanlığı və ləzgilər arasında ticarət əlaqələri də yaranmışdır. Qarabağ xanlığı Şəki və Şirvan xanlıqları ilə yanaşı ləzgilərdən də ipək alırdı. Ləzgi xəncərləri, mahudu, şalları burada həvəslə alınırdı.
Dağıstan Tarixi kitabında yazıldığı kimi, ləzgi mahudu və şalları o vaxtlar Rusiyada, İranda, Kiçik Asiyada və bir çox başqa ölkələrdə də şöhrət tapmışdı. Ləzgi tacirləri Qarabağdan aldıqları malları Dərbənd və Həştərxan bazarlarına çıxarırdılar.
Təəssüf ki, 18-19-cu əsrlərdə Qarabağ xanlığı ilə ləzgilərin iqtisadi və mədəni əlaqələri də indiyədək tədqiq olunmayıb. Tariximizin həmin dövrdə Qarabağla bağlı səhifələrinə işıq salmaq son dərəcə vacibdir. Bu, xalqlarımız arasında dostluğun qədimliyinə və sarsılmazlığına daha bir sübut olardı.