Böyük Vətən müharibəsi illərində bəzi milli diviziyalara xüsusi hərbi xidmətə görə qvardiya diviziyası adı verilmişdi. Çətin əməliyyatlar zamanı döyüşkənliyi ilə fərqlənən belə hərbi birləşmələrdən biri 223 saylı Azərbaycan xalq piyada diviziyası idi. Belqradın azad olunması vaxtı böyük qəhrəmanlıqlar göstərən bu diviziya eyni zamanda “Belqrad diviziyası” fəxri adına layiq görülüb.
Müharibənin son mərhələsində azərbaycanlı əsgərlər Budapeştin azad edilməsi kimi çətin hərbi əməliyyatda böyük şücaət göstərərək alman faşistlərini darmadağın etmişlər.
Qvardiya diviziyası adını daşıyan 223 saylı Azərbaycan xalq diviziyası Çexoslovakiya uğrunda döyüşlərdə də xüsusilə fərqlənmiş və respublikamızın adını şöhrətləndirmişdir. Təəssüf ki, bu diviziyanın keçdiyi döyüş yolu yetərincə tədqiq edilməmiş, onun göstərdiyi qəhrəmanlıqlar ətraflı qələmə alınmamışdır.