Qisas, yaxud çar hökuməti ləzgiləri necə yox etmək istəyirdi

  • Муьзеффер Меликмамедов
  • 28.04.2023

Tarix boyu yadellilərə qarşı güclü müqavimət göstərdiyinə, öz azadlığı uğrunda qəhrəmancasına mübarizə apardığına görə əksər işğalçılar – xəzərlər, ərəblər, monqollar, farslar, ruslar və başqaları ləzgiləri yer üzündən yox etməyə çalışmış, lakin buna nail ola bilməmişlər. Sonuncular – çar müstəbidləri ləzgi xalqını yer üzündən silmək üçün ən amansız vasitələrə əl atmışlar.

Hələ XVIII əsrin əvvəllərində ləzgi sərkərdəsi Hacı Davud İran işğalçılarını Dağıstandan və Azərbaycandan qovub müstəqil dövlət yaratdığı ilk günlərdə Rusiya imperiyası ləzgiləri özünün düşməni hesab etmişdi. Hətta I Pyotr ləzgilərlə müttəfiqlik etdiyinə görə 1723-cü ilin aprelin 4-də Türkiyə ilə müharibəyə hazırlaşmışdı (Bax: ЦГАДА, ф. 248. Сенат и его учреждения. Кн. 54. 1891, с. 120-125). Aprelin 9-da rus imperatoru İstanbuldakı rezidenti İ.İ.Neplyuyevə göndərmək üçün yazdırdığı məktubda bildirmişdi: “Əgər Porta (Türkiyə - red.) əbədi sülhün əvəzinə ləzgiləri, bizim açıq-aşkar düşmənlərimizi öz himayəsinə götürsə... biz də Portaya daxil olmayan, Xəzər dənizi sahilində yaşayan xalqları öz himayəmizə götürəcəyik (Bax: Соловьев С.М. История России с древнейших времен. М., 1993. Кн. IХ. Т. 17-18, с 398).

Əslində I Pyotrun ləzgiləri düşmən adlandırması təsadüfi deyildi. Çünki ləzgilər digər işğalçılarla olduğu kimi, rus işğalçılarına qarşı da ilk gündən mərdliklə vuruşurdular. Sübut üçün bir neçə tarixi məxəzə nəzər salmaq kifayətdir. Məşhur Azərbaycan jurnalisti və tarixçisi Rəşid bəy İsmayılov özünün 1923-cü ildə Bakıda çap etdirdiyi “Azərbaycan tarixi” kitabında yazmışdı: “Rusiya Qafqaza ayaq qoyar-qoymaz ləzgilər çar hökumətinə qarşı şuriş və üsyanda bulunurdular. Dağıstanlılara qarşı hökumət min dürlü zülm və təzyiqat yapırdı. Müstəmləkat siyasətinin icrası üçün hökumət ləzgilərin torpaqlarını zəbt edib, mühacirlərə verirdi. Təqribən 60 sənə çar hökumətilə ləzgilərin mübarizə və müharibəsi davam etdi.

Ləzgilər Şeyx Şamili müqəddəs bir vücud və mürid tanıyaraq və ona səmimən  itaət edərək muma ileyhin rəyasəti altında uzun müddət qəribə bir mətanətlə çar hökumətilə vuruşuyordular (Bax: Rəşid bəy İsmayılov. Azərbaycan tarixi. Bakı, 1993. Səh. 123). Ləzgilərin son dərəcə mətanətlə və igidliklə vuruşduğunu çar generalları da etiraf etmişdilər.

 

Çar generallarının etirafı

 

Qafqazda imperatorun qoşunları ilə hamıdan çox inadla və igidliklə döyüşən Küre və Quba ləzgiləri idi.

 

Дубровин Н. История войны и владычества

русских на Кавказе. V т. 1887. С. 372

 

Adıgeylər və ləzgilər bütöv bir Qafqaz batalyonunun olduğu qalaları silahsız ələ keçirirdilər. Onlar top atəşlərinə, hamı bir nəfər kimi ölməyə hazır olan, son anda barıt anbarlarını partladaraq həlak olan cəsur rus əsgərlərinin süngülərinə qarşı cəsarətlə gedir, səngərləri və sipərləri öz cəsədləri ilə dolduraraq, müdafiəçilərlə birlikdə partlayışdan həlak olur, amma yenə qalanı ələ keçirirdilər.

 

R.A.Fadeyev,

general-mayor, hərbi tarixçi

 

Ləzgilərin hərbi bacarığı onların qonşusu olan çeçenlərdən qat-qat üstündür... Onlar dərindən düşünür, ağıllı və düzgün mühakimə yürüdür, uzaqgörəndirlər. Hərbi  əməliyyatları həmişə vəziyyəti və şəraiti yaxşı öyrəndikdən sonra həyata keçirirlər. Ləzgilərin hər hansı bir məntəqəsi təhlükə altında qalanda onlar gözlənilmədən əks tərəfdən mövqelərimizə basqın edir, daha zəif müdafiə olunan yerdən hücuma başlayır və beləliklə də bizi əsas qüvvələri oraya yönəltməyə məcbur edirlər. Mövqeləri müdafiə etmək cəhətdən imkanlarımızın məhdud olduğunu bilən kimi, ya eyni vaxtda bir neçə səmtdən hücuma keçir və yaxud elə yerdə peyda olurdular ki, orada onlara müqavimət göstərməyə gücümüz çatmırdı.

 

N.A.Okolniçiy,

general-mayor

 

Ləzgilər yeri gəldikcə heç nədən qorxmadan bizimlə əlbəyaxa döyüşə girişirdilər. Onların döyüşdə bizə göstərdiyi böyük təzyiq nəticəsində xeyli canlı qüvvəmiz itkiyə məruz qalırdı. Bu dəfəki döyüşdə bizim 12 zabitimiz, 147 nəfər kiçik rütbəli komandirimiz, həmçinin çoxlu sayda əsgərlərimiz və milisimiz həlak oldu... Ləzgilər hər dəfə əsgərlərimizi elə sıxışdırırdılar ki, sanki onların ucu-bucağı görünməyən qoşunları var idi. Onları əsir almaq mümkün deyildi. Bəzən əsir almaq istədiyimiz yaralı ləzgilər əlimizə keçməsinlər deyə xəncərlərini sinələrinə sancırdılar.

 

General-leytenant Fezenin raportundan

(ЦГВИА, ф. ВУА, д. 6342, л. 74)

 

Tarixçilərin qeyd etdikləri kimi, Borodino döyüşlərinin qəhrəmanı general A.P.Yermolov da ləzgilərlə döyüşlərdə istəyinə nail ola bilməmiş, iki dəfə – 1820 və 1823-cü illərdə böyük qüvvə ilə onlara hücum etsə də, çoxlu itkilərə məruz qalmışdı. Həmin hadisələri qələmə almış rus tarixçisi N.A.Volkonskinin yazdığı kimi, general Yermolovun uğur qazana bilməməsinin başlıca səbəblərindən biri onun bu xalqın gücünü, nəyə qadir olduğunu yaxşı öyrənmədən, düzgün taktika seçmədən hücuma keçməsi olmuşdu... Generalın “yaxşı hərbi hazırlıq görmədən, necə gəldi döyüşdüyünü” imperator I Nikolay da qeyd etmişdi (Bax: Кавказский сборник. Тифлис, 1887. С. 14).

Ləzgilərdən amansızcasına qisas alan çar generalları sonrakı illərdə hədə-qorxuya, bu xalqın torpaqlarına ara vermədən basqınlar etmək taktikasına əl atdılar.

 

Hədə-qorxular və basqınlar

 

Döyüşlərdə lazımi uğur qazana bilməyən çar generalı N.M.Xatunsev ilk dəfə belə bir təklif vermişdi: “Qalib gəlmək üçün ilk növbədə ləzgilərin mübariz ruhunu qırmaq lazımdır”. Bunun ardınca 1819-cu ildə general A.P.Yermolov çara göndərdiyi raportda yazmışdı: “Bizə tabe olmaq istəməyən ləzgilər üsyankar ruhu və daim azadlığa can atmaqla fərqlənir. Onların üsyankar ruhunu ancaq silahımızın gücü ilə qıra bilərik (Bax: ЦГВИА.Ф. ВУА, д. 6210, с. 15).

Çar generalları ləzgilərin mübariz ruhunu nəinki qıra bilmədilər, əksinə, öz vəhşi əməlləri ilə onu daha da qüvvətləndirdilər. General Qolovin Qafqaz canişininə göndərdiyi raportda yazmışdı: “1837-ci ildən başlayaraq daim bizim hökumətin əksinə çıxan, bizimlə vuruşan ləzgilərin üsyankar ruhu nəinki gündən-günə daha da güclənir, onlar hətta bütün dağıstanlıları, qonşu əyalətlərin əhalisini də bizə qarşı qaldırmaq üçün var qüvvələrini sərf edirlər” (Bax: Ramazanov X.X., Şixsaidov A.R. Очерки истории Южного Дагестана, Махачкала, 1964. С. 218-219).

Bəd niyyətlərini həyata keçirə bilməyən çar generalları, nəhayət, hədə-qorxuya və yeni basqınlara başladılar. 1840-cı ilin yayında general-adyutant Qrabbe ləzgilərə hədələyici çağırış etdi. O, çağırışını belə bitirmişdi: “Siz nə istəyirsiniz və nəyi gözləyirsiniz? Siz doğrudan da öz gücünüzlə azadlığınızı qoruyub xoşbəxt olacağınıza inanırsınız?.. Hələ ki gec deyil, tabe olun, əks təqdirdə qoşunlarımız sizin bütün kəndlərinizi dağıdıb xarabaya döndərəcək, sizi bütün düzənlik torpaqlarınızdan məhrum edəcək. İndi necə qərar istəyirsinizsə qəbul edin” (Bax: ЦГВИА, ф. ВУА, д. 6388, с. 178).

Ləzgilər tabe olmaq yox, mübarizəni davam etdirmək qərarına gəldilər. 1840-1842-ci illərdəki döyüşlərdə bir neçə dəfə düşmənə qalib gələrək, İmam Şamilə kömək məqsədilə ikinci cəbhə açdılar. General Feze etiraf edərək bildirmişdi ki, Cənubi Dağıstan və Quba ləzgilərinin ikinci cəbhə açması nəticəsində Şamilə qarşı döyüşən rus generallarının planları pozuldu və onlar bir neçə il özlərinə gələ bilmədilər. Arxiv materaillarından məlum olduğu kimi, həmin illərdə çar generalları ləzgilərlə döyüşlərdə 4 min əsgərini itirdi, onların 5 min əsgəri ağır yaralandı. General-adyutant Qrabbe özü göstərilən müddətdə İmam Şamillə döyüşlərdə onlarca zabitini və 8 mindən çox əsgərini itirdi.

Ləzgiləri heç cür ram edə bilməyən imperator I Nikolay Qafqaz canişini İ.Paskeviçə belə bir göstəriş vermişdi: “Bütün dağlı xalqları öz torpaqlarından, xüsusən də arandakı torpaqlarından məhrum edib ruzisiz qoy və beləliklə onlar bizim tabeliyimizə keçməyə razılaşsınlar” (Bax: Кавказский сборник. Тифлис, 1887. С. 150). Bu göstərişə əsasən çarın əlaltıları 1834-cü ildə ləzgilərin 111 yaylağını və 328 qışlağını əllərindən aldılar. 1836-cı ildə Küre vilayətində dövlətə vergi vermək istəməyən 2 min ləzgini güllələdilər.

Çar hökuməti ləzgilərin bütün düzən torpaqlarını əllərindən alıb “xəzinə torpaqları”, yəni dövlət əmlakı etdi. Rusiyada olduğu kimi, Ləzgistanda da təhkimçilik quruluşunu həyata keçirdi. Təkcə Quba əyalətində 1016 ləzgi ailəsini təhkimçi kəndlilərə çevirdi. Çar komendantları təhkimçi kəndliləri istədikləri bəylərə, varlılara bağışlayırdılar. Təkcə Qubanın komendantı Ponomaryov 726 ailəni bəylərin ixtiyarına vermişdi. Hətta rus çarı I Aleksandr özü şəxsən 1822-ci ildə 16 ləzgi kəndini bəxşiş kimi Şirvanın keçmiş hakimi Qasım xana bağışlamışdı (Bax: Гасанов И.М. Частнособственнические крестьяне в Азербайджане в первой половине XIX века. Баку, 1957. С. 34).

Ləzgilərdən bu cür qisas almaq ona görə mümkün olmuşdu ki, rus imperatoru bu xalqı və digər dağlı xalqlarının ram edə bilməyəcəyini görüb Qafqaza əlavə olaraq həddindən çox qoşun hissələri göndərmişdi. Arxiv materiallarından göründüyü kimi, çar hökuməti Qafqaza təpədən-dırnağadək silahlanmış 360 minlik qoşun yeritmişdi. 1820-1830-cu illərdə 100 minlik çar ordusu ancaq ləzgilərlə döyüşürdü. Təkcə 1839-cu ildə imperator bu xalqı yer üzündən yox etməkdən ötrü general Fezenin 10 min, general Qolovinin 12 min əsgərini, general Korqanovun 6 batalyonunu, general Simbirskinin, general Sevarselidzenin və general Daniyal bəyin qoşun hissələrini, bir sözlə, 120 minlik ordunu səfərbər etmiş, 110 ağır topu işə salmışdı.

Bu cür böyük hərbi gücə baxmayaraq, ləzgilər mübarizədən əl çəkməmiş, İmam Şamilin hərəkatı yatırıldıqdan sonra da Hacı Murtuz Ağanın rəhbərliyi ilə 5 il çar qoşunları ilə döyüşləri davam etdirmişdilər. Əvəzində çar hakimiyyəti ləzgiləri daha ağır cəzalandıraraq, onlardan yeni qisas aldı. I Nikolayın Qafqaz canişini knyaz Baryatinskinin təklifi ilə 1860-cı ildə “Dağıstan vilayətinin və Zaqatala dairəsinin idarə olunması haqqında Əsasnamə” qəbul etdi. “Əsasnamə”yə əsasən ayrıca Dağıstan vilayəti yaradılaraq onun sərhədi Samur çayı ilə müəyyən olundu (Bax: Магомедов Р.М. История Дагестана. Махачкала, 1983. С. 112-113; Агаширинова С.С Лезгины Возрождение (Дагестанский научно-популярный журнал). 2000, №6. С. 13-18; Вагабов М.В. Проблемы возрождения лезгинского народа. Там же. С. 33-36). Beləliklə vahid ləzgi xalqı amansızcasına ikiyə bölündü. Bu, rus imperatorunun 60 il öz azadlığı uğrunda çar müstəmləkəçiliyinə qarşı qəhrəmancasına mübarizə aparmış xalqdan aldığı ən böyük qisas idi.

 

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023