Qarabağ xanlığı və ləzgilər

  • Müzəffər Məlikməmmədov
  • 30.11.2023

Ləzgilərin Qarabağla bağlılığı qədim dövrlərdən başlanır. Tarixi məxəzlərdə göstərildiyi kimi, Qafqaz Albaniyasının bəzi ləzgi tayfaları XI əsrin ortalarınadək həm də Qarabağ ərazisində yaşamışlar. Məlik şahın hakimiyyəti dövründə, 1048-ci ildən başlayaraq onlar Dağıstanın dağ vadilərinə tərəf sıxışdırılmış və həmin ərazilərdə məskunlaşmışlar (Bax: А.Щепотьев. О спорных кавказских территориях, на которые имеют права самоопределившиеся Азербайджанские тюрки. Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1990, N2). Buna baxmayaraq, ləzgilər Qarabağla əlaqələrini kəsməmiş, müxtəlif dövrlərdə onun müdafiəsinə yaxından kömək göstərmişlər.

Ləzgilər hələ Qarabağ xanlığınadək buranı iranlılardan azad etməkdən ötrü döyüşlərə atılmışdılar. 1722-ci ilin hadisələrini qələmə alan alban tarixçisi Yesai Həsən Cəlalyan yazmışdı: “Qışın çayları donduran soyuqları başa çatanda və baharın ilıq nəfəsi duyulanda ... onlar (ləzgilər) ikiqat çox qüvvə ilə cənuba, Muğan düzünə tərəf yeridilər və Kürlə Arazın qovuşduğu yerdə düşərgə saldılar. Çardaxçi adlı bir İran sərkərdəsi də özünün böyük qoşunu ilə Bərgüşad (indiki Füzuli rayonunda kənd – M.M.) ətrafında yerləşmişdi. Elə bircə dəfə ləzgilərin gəldiyini bilən kimi, o, qoşunu ilə düşərgəsindən yoxa çıxdı. Döyüşkən və qəddar ləzgilər isə Bərgüşada qədər yeriyib Dizaka (Dağlıq Qarabağda ərazi – M.M.) getdilər, onun dağlarını və düzənlərini ələ keçirdilər” (Есаи Хасан – Джалалян. Краткая история страны Албанской (1702-1722 гг.). Баку, 1989. с.29).

Tarixçilərin yazdıqları kimi, ləzgi sərkərdəsi Hacı Davudun qoşunu təkcə bir gün ərzində Qarabağın Qarqar çayından Tərtər çayınadək olan bütün ərazilərini işğalçılardan azad etmişdi. O vaxt ləzgilərin cənuba yürüşünü bəzi tarixçilər “Səfəvi imperiyasını daha da sarsıdan döyüşlər” adlandırmışdı. İrandakı rus səfiri S.Avramovun yazdığı kimi, bu döyüşlərdən sonra “səfəvi imperiyası parçalanıb yox olmağa başladı. Bir tərəfdən Şimaldan ləzgi hakimi Davud bəyin cənuba doğru yeriyərək, şah qoşunlarını ard-ardınca məğlubiyyətə uğratması və İran sərhədlərinə doğru irəliləməsi, digər tərəfdən Mir Mahmudun yeni qüvvə toplayaraq İsfahan ətrafında İran qoşunlarını məğlub etməsi imperiyanın sonunun yaxınlaşdığını xəbər verirdi (Bax: Архив внешней политики России (АВПР), ф.СРП. оп.77/1, 1722, д.2, л.8 об.).

Ləzgilər ikiqat az qüvvə ilə şahın 30 minlik qoşununu darmadağın edərək Bərdəni də azad etmişdilər (Bax: Dağıstanda usmilərin döyüşləri və iranlılarla bağlı hadisələrin (döyüşlərin) tarixi. Ərəb dilində. Dağıstan Tarix, Dil və Ədəbiyyat İnstitutunun əlyazmaları fondu. F.1, siyahı 1, iş 287, vərəq 16). Yesai Həsən Cəlalyan bu hadisəni bir qədər təfsilatı ilə qələmə alaraq yazmışdı: “Mahir, təcrübəli ovçulara bənzər onlar (ləzgilər – M.M.) səssizcə böyük çayın (Kürün – M.M.) sahilinə gəldilər və bir gecədə o biri sahilə keçdilər...

Onlar (farslar) tələsmədən döyüşə hazırlaşdıqları vaxt digərləri (ləzgilər) onlara zərbə endirib darmadağın etdilər”. (Есаи Хасан – Джалалян. Краткая история страны Албанской (1702-1722 гг.). Баку, 1989. с.29).

Bu faktı digər tarixçilər də təsdiq edir və  göstərirlər ki, 1721-ci ilin payızında işğalçıları Tərtər və Xaçen çayları boyunca təqib edən ləzgilər 1722-ci ilin yazında Qarabağda, məhz Dizakda, Varandda və Xaçendə onları tamamilə darmadağın etdilər (Bax: Левиатов В.Н. Очерки по истории Азербайджана в ХVIII веке. Баку, 1948. с.68-74).

Ləzgilərin Qarabağdakı döyüşləri erməniləri böyük təşvişə salmışdı. Rus tarixçisi S.M.Solovyov yazmışdı: “1722-ci ilin sonunda Tiflisin erməni yepiskopu rus imperatoruna məktub göndərərək bildirmişdi ki, yüz min silahlı erməni imperatorun ayaqlarına düşməyə hazırdır, qoy rus ordusu ləngimədən Şamaxıya gəlsin. Əgər qoşun 1723-cü ilin martına kimi gəlməsə, ermənilər ləzgilər tərəfindən tamamilə məhv ediləcəklər (Bax: Cоловьев С.М. История России с древнейших времен. В 8 кн. М., Кн.I. Т.17-18, с.390).

Eyni zamanda ordusu darmadağın edilmiş İran şahı “Ləzgiləri məhv etmək üçün beş xanın, Şirvan hakimi Həsən Əli xanın və hərbi rəislərin rəhbərliyi altında qırx minlik şeytanabənzər döyüşçüdən ibarət qoşun yığaraq döyüşə göndərdi. Onlar Tiflislə Gəncə arasındakı geniş düzənlikdə çadır qurdular. Ləzgiləri qırmağı qət edəndə bu, həmin tayfaya məlum olur və ləzgilər səhər tezdən qızılbaşların ordusunun üzərinə hücuma keçərək, adı çəkilən hərbi rəisləri, xanları, yüksək mövqeli adamları, döyüşçülərin əksəriyyətini qırır, qalanlarını əsir alır, onların qoşununu tar-mar edir, bütün əmlakı, xəzinəni, əşyaları və mal-qaranı ələ keçirirlər. Öldürülənlər o qədər çox idi ki, meyitlərin üfunətindən nə insanlar, nə vəhşi heyvanlar düzənlikdən keçə bilirdi, nə də quşlar uça bilirdi. İnsanlar isə bu qısa yoldan istifadə etməyi tərgitdilər” («Каиме» Бедреддинзаде Али бея. Известия Академии Наук Азербайджанской ССР. Серия истории, философии и права, 1988, №3, с.71-76).

Cəsurluğu ilə seçilən ləzgilər Qarabağ xanlarının da diqqətini cəlb etmişdi və onlar lazım gəldikdə Ləzgistandan hərbi yardım alırdılar. O vaxt Rusiyada ləzgilərin ölkəsi həm də “Lezginiya” adlandırıldığından Qarabağ tarixçiləri bu sözü Azərbaycan dilinə uyarlı bir terminlə - “Ləzgiyyə” sözü ilə əvəz etmişdilər. 1819-1894-cü illərdə yaşamış, Mirzə Adıgözəl bəydən sonra Qarabağ tarixinə dair Azərbaycan dilində əsər yazmış ikinci müəllif sayılan Mirzə Mehdi Xəzani özünün “Kitabi-tarixi-Qarabağ” kitabında “Ləzgiyyə” terminindən daha geniş istifadə edib.

Ləzgilərlə dostluq edən saray əyanları, qoşun başçıları, hətta uzun illər İbrahim xanın vəziri olmuş, “Qarabağ tarixi” əsərini qələmə almış Mirzə Camal Cavanşir (1773-1853) də ləzgi dilini öyrənmişdi. 1855-ci ildə Mirzə Camalın əsərini rus dilinə çevirərək “Kavkaz” qəzetində dərc etdirmiş məşhur alim Adolf Berje yazmışdı: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi” (“Kavkaz” qəzeti N61-69,c1855-ci il).

İbrahim Xəlil xan öz hakimiyyəti dövründə (1760-1806) həmişə ləzgilərə arxalanmışdı. XIX əsr tarixçisi Mir Mehdi Xəzani özünün “Kitabi-tarixi-Qarabağ” əsərində yazmışdı: “Hər vəqtə ki, zərur və dərgah olurdu. Dağıstan vilayətindən Ləzgi qoşunu cəm edib Ümmə xanın və sair sərkərdələrinin ittifaqı ilə Qarabağa gətirib hər yerdə ki, qoşun göndərmək lazım olanda öz övlad və əqrabalarından dəxi sərkərdə töküb Qarabağ qoşunu ilə müttəfiq göndərib, düşmənlik edənlərə tənbeh və guşmal edəndi, özünə müti və münqad qılırdı” (Mir Mehdi Xəzani. “Kitabi-tarixi-Qarabağ”. Qarabağnamələr. Bakı, 1991.səh. 126).

Qarabağ xanı ləzgilərin iştirakı ilə həyata keçirdiyi hərbi yürüşlərdə həmişə qalib gəlirdi. Onun Qaradağ vilayətinə yürüşü ilə əlaqədar Qarabağ tarixçisi Həsən İxfa Əlizadə özünün “Şuşa şəhərinin tarixi” kitabında bu cəhəti xüsusilə vurğulamışdı: “... İbrahim Xəlil xan qonşu xanlarla dostluq və ittifaqda qohumluq və girov mübadiləsi üsullarından da istifadə edirdi... Zərurət zamanı ləzgilərdən ibarət cəsur əsgərlər qarabağlıların köməyinə gəlirdilər. Bir çox hallarda İbrahim Xəlil xan Car-Balakəndən ciddi yardım almışdı. O, dağıstanlıların köməyi ilə Qaradağ vilayətinə səfər etmiş və müqavimət göstərən Kürdəşti alt-üst etmişdi. Həmin döyüşdə İbrahim Xəlil xan Kürdəşt hakimi Mustafa xanı əsir etmişdi. İbrahim xanın Şahsevənə, Xoya, Naxçıvana, Gəncəyə və başqa vilayətlərə səfərlərində də Car-Balakən ləzgiləri iştirak edib şücaət göstərmişdilər” (Həsən İxfa Əlizadə. “Şuşa şəhərinin tarixi”. Qarabağnamələr. Bakı, 1991. Səh.324).

Bəzən ləzgilər aylarla Qarabağın müdafiəsində dururdular. Xurşudbanu Natəvanın yanında xidmət etmiş şair və ictimai xadim Mirzə Rəhim Fəna (1841-1929) yazmışdı: “1199-cü ildə (1784) Qubalı Fətəli xan həm Qarabağ üzərinə qəravül qəsdi ilə gəlib və qarət edibdir. Avarlı Ümmə xan ki, o vaxt İbrahim xana qız verib, onunla həqqi-qərabəti var imiş, bu xəbəri eşidib İbrahim xan Fətəli xana müqabilət edə ya etməyə İbrahim xana havadar çıxmaq niyyəti ilə 3000 nəfər ləzgi qoşunu Qarabağa göndərər ki, əhyanən Fətəli xan bir də Qarabağa gəlsə, onunla müqabilət etsinlər. Bu qəsd ilə ləzgi qoşunu 3 ay Qarabağda oturub Fətəli xan gəlmədiyinə qayıdıblar Dağıstana” (Mirzə Rəhim Fəna. “Tarixi-cədidi Qarabağ”. Qarabağnamələr. Bakı, 1991. Səh. 256).

Bu və digər faktlar onu deməyə əsas verir ki, İbrahim Xəlil xanın hakimiyyəti dövründə (1747-1806) Qarabağ xanlığının öz suverenliyini qoruyub saxlamasına ləzgilər yaxından kömək göstərmişlər.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023