Lakz - xüsusi çarlıq

  • Муьзеффер Меликмамедов
  • 01.08.2023

Hörmətli redaksiya! Son vaxtlar ləzgilərin orta əsrlər tarixi ilə bağlı oxuduğum bir neçə məqalə məni məyus etdi. Həmin yazılarda bəzi üzdəniraq tarixçilər erkən feodal dövləti olan Lakzla (Ləzgistanla), süqut etdikdən sonra onun ərazisində yaranmış siyasi qurumlarla bağlı faktları təhrif edirlər. Həqiqəti öyrənməkdən ötrü sizə müraciət etdim.

 

Məhəmməd Əhmədov,

Dağıstan Respublikasının Dərbənd şəhəri

 

Qafqaz Albaniyası süqut etdikdən sonra xəzərlərin güclü hücumlarına məruz qalan ləzgilərin bir hissəsi Dərbənd əmirliyi ilə birləşdi. Xalqın əsas hissəsi isə güclü lezg tayfasının rəhbərliyi ilə Lakz çarlığını yaratdı. Tarixi məxəzlərdə bu dövlətin adı Lezgan, Lazgan, Lazganşah kimi də göstərilir. Bu adlardakı “an” ləzgi dilində yiyəlik hal şəkilçisini bildirir. Lezgan (Lazgan) “lezglərin ölkəsi” deməkdir. Sonralar “lezg” sözü “ləzgi” şəklini almışdır.

Ləzgilərin V əsrin sonunda yaranmış Lakz çarlığı vahid dövlət kimi XIII əsrin sonunadək mövcud olmuşdur. Tarixi məxəzlərdə onun adı ilk dəfə VI əsrin əvvəllərində çəkilir. Tarixçilərin yazdığı kimi, İran şahı I Ənuşirəvan (531-579) Lakza və Dağıstan ərazi-sində yaranmış Serir, Filan və Tabasaran kimi dövlətlərə hakimlər təyin etmişdi (Шихсаидов А.Р. Очерки иcтории, источниковедения, археографии средневекового Дагестана. Махачкала, 2008, с. 54).

VII-XII əsrin ərəb tarixçilərinin və coğrafiyaçılarının əsərlərində ləzgilər “lakz”, onların dövləri “əl-Lakz” adlandırılır. Tarixi məxəzlərdə göstərildiyi kimi, Lakzda möhkəm qayda-qanun və güclü hakimiyyət var idi. Onun sərhədləri yaxşı qorunurdu. Bu dövlət Qafqazın siyasi həyatında fəal rol oynamışdı.

Ərəb coğrafiyaçısı əl-Məsudi Lakzın çoxsaylı xalqı haqqında məlumat verib, ləzgilərin möhkəm bədənli, güclü, sağlam və çox döyüşkən insanlar olduğunu qeyd edib. Onun yazdığına görə Lakz ucu-bucağı görünməyən taxıl zəmiləri, gözəl bağları, olduqca çox mal-qarası, möhkəm qayda-qanunları, hərbi qüdrəti ilə digər dövlətlərdən seçilən xüsusi çarlıq idi.

X-XII əsrlərin məxəzlərində göstərildiyi kimi, Lakzın yaylaqlarında çoxlu sayda mal-qara saxlanılırdı. Naxırlar və sürülər mühafizə olunmurdu. Bu, Qafqaz örüşləri haqqında ilk məlumatdır. Digər tərəfdən, həmin fakt Lakzın sərhədlərində möhkəm qayda-qanunun olmasından, onların yaxşı qorunmasından xəbər verir (Магомедов Р.М. История Дагестана. Махачкала, 1991, стр.42).

Ərəb məxəzləri Lakzın sərhədlərini müəyyənləşdirməyə imkan verir. Sərkərdə Mərvanın qoşununun hərəkət etdiyi Sərir-Qumux-Zerexgeran-Xamzin-Tabasaran-Lakz-Şirvan marşrutu Lakzın Tabasaranla Şirvan arasında yerləşdiyini deməyə əsas verir. Ərəb tarixçiləri xüsusilə qeyd etmişlər: “Lakzla Şirvan ümumi sərhədə malikdir”. (BGA, I, 192; СМОМПК, вып.29, с.31).

Məşhur tarixçi V.F.Minorski yazmışdı: “Lakzın əsas hissəsi Qafqaz sıra dağlarından şimalda yerləşir. Eyni zamanda Lakzın Şəki ilə ümumi sərhəddi var. Bu dövlətin şərq sərhəddi Dərbənd əmirliyinin yaxınlığından keçir. Qurah (K-r-K) kəndi Lakza daxildir” (Минорский В.Ф. История Ширвана и Дербенда Х-ХI веков. М., 1963, с.112).

Ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd Lakza hücum edəndə ləzgilər işğalçılara güclü müqavimət göstərdilər. Onlar bir il ərəblərlə qəhrəmancasına döyüşdülər.  X əsrin ərəb tarixçisi Təbərinin yazdığına görə “Lakz çarı Avizin olduğu qalanı ala bilməyən Mərvan Samur vadisi ilə hərəkət edərək dinc əhalini qılıncdan keçirdi, ölkəni talan etdi və bir il orada qaldı. Dağlara çəkilib silahlanan ləzgilər qəfil hücumlarla onun qoşununa böyük ziyan vurdular və Mərvan oradan geri çəkildi”.

Xilafətin getdikcə süquta uğraması bir çox dəyişikliklərlə nəticələnir. Qafqazın siyasi xəritəsi xeyli dəyişir. Maskut (Müşkür) müstəqilliyini tamamilə itirir. Onun ərazisinin bir hissəsi Şirvanın, digər hissəsi Dərbəndin tabeliyinə keçir. Qumux Serirdən ayrılır. Müstəqil siyasi qurum olan Xamzin yoxa çıxır. Lakz xüsusi çarlıq kimi fəaliyyətini davam etdirir (Магомедов Р.М. История Дагестана. Махачкала, 1991, с.39).

“Şirvan və Dərbənd tarixi”ndə XI əsrin əvvəllərində artıq iki Lakzdan – Qərbi Lakzdan və Şərqi Lakzdan söhbət gedir. X əsrədək vahid əraziyə malik olan Lakz iki müstəqil əraziyə bölünür (Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махачкала, 2008, с. 162).

XII əsrin əvvəllərində məşhur tarixçi Rəşid-əd Dinin “Salnamə külliyyatı” kitabında bu dövlətin adı “Ləzgistan” kimi qeyd olunub. Gürcü çarları da XIII əsrdə və sonralar rus çarlarına göndərdikləri məktublarda Lakzı Ləzgistan adlandırmışlar. XIII əsrin sonunda ləzgi dövləti başda Axtı, Rutul, Saxur, Xiv, Qurah, Tpiq olmaqla bir neçə siyasi quruma – kiçik dövlətlərə və azad icmalara ayrılır. Bəzi tarixçilər Lakz (Ləzgistan) dövlətinin XIV əsrin sonunadək fəaliyyətdə olduğunu qeyd edirlər.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023