Adı qədim hel tayfasının adı ilə bağlı olan Hil kəndinin tarixi 3 min ildən çoxdıır. Azərbaycan arxeoloqları bu fikri Qusar rayonunun bu qədim kəndində 1976-cı ildə apardıqları arxeoloji qazıntılardan sonra bir daha təsdiq etmişlər.
Yasab təpəsindən nəzər yetirəndə dağ silsilələrinin dövrəyə aldığı, meşələrin və bağların arasında qərar tutmuş Hil kəndi bütün əzəmətli və gözəlliyi ilə canlanır. Yan-yana düzülmüş dağların – Şalbuzdağın, Bazardüzünün, Şahdağın, Tufandağın, Yarudağın və Babadağın bu cür nizamla düzülüşünü başqa yerdə çətin seyr edərsən.
Maraqlıdır ki, qədim zamanlardan hel tayfasının adını qorumuş hillilər – bu vətənə bağlı, üsyankar ruha malik insanlar yaxşı sənətkar olmaları ilə ad-san qazanıblar.
Qədim kənd Suval meşəsində məskən salmışdı. Onun dörd tərəfi qayalar idi. İndiki kənd isə “Şahnəzər təpəsi", “Semiz təpəsi” və “Musa təpəsi” adlı üç təpədə yerləşir. Onun IX-X əsrlərdə dağılmış üç kəndin - Kəmsül, Cənnət və Səfıqulu kəndlərinin əhalisi tərəfindən salındığı ehtimal olunur. Kənddə üç məşhur pir var: Qarabuba, Murad və Rutar. Burada qədim qəbiristanlıqlar da üçdür. Onların yaşı 3 min ildən çoxdur.
Qusarlı alim, tarix elmləri doktoru Abidulla Orucov və Qubanın Xucbala kəndindən olan məşhur arxeoloq Cabbar Xəlilov 1977-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri”nin birinci sayında çap etdirdikləri “Qusar rayonunun Hil kəndindən tapılmış bəzi arxeoloji nümunələr haqqında” adlı məqalədə, eləcə də C.Xəlilovun, Q.Qoşqarlının, R.Arazovanın 1991-ci ildə rus dilində nəşr etdirdikləri “Şimal-Şərqi Azərbaycanın arxeoloji nümunələri” kitabında qədim kəndin 3 min illik tarixi olduğunu qeyd etmişlər. Bu məlumatlar Hilin Qafqazın qədim kəndlərindən olduğunu deməyə əsas verir. Ləzgilərin qədim hel tayfasının əhalisinin yaşadığı bu yerə sonralar qarq tayfasından da bir neçə ailə köçmüşdür. Kəndin nəsilləri arasında qarqarların xələflərinə indi də rast gəlinir.
Üç qəhrəman bu kəndin adını hər yerdə məşhur etmişdir: VIII əsrdə pəhləvan Şuvul, XVII əsrdə Abdullah, XIX əsrdə Yarəli.
Orta əsr ərəb tarixçilərinin verdikləri məlumatlara görə, Bilisan şahı Arbisdən sonra Hil kəndinin hakimi Şuvul müslümlərə qarşı mübarizədə böyük qəhrəmanlıq göstərmişdir. İbn Asam əl-Kufı ərəblərin əksinə mübarizə aparan əhalini aslanlara bənzətmişdir. Yalnız iki il ərəblərə qarşı mübarizə aparmış Şuvul qəhrəmanlıqla həlak olduqdan sonra ərəblər kəndə daxil ola bilmişlər.
1741-ci ilin payızında Nadir şah Müşkür ləzgilərinə hücum edib onlara divan tutur. O, əsir aldığı 2 min ləzgini Gavdişana gətirir. Şah onları Hil meşələrində gizlənmiş ləzgi dəstələrinə qarşı döyüşə göndərmək istəyir. Bundan boyun qaçıran ləzgiləri o, dar ağacından asdırır, bəzilərinin gözlərini çıxartdırır, əllərini kəsdirir. Şahın bu zülmünə cavab olaraq məşhur pəhləvan Müşkür Sərfınatın və hilli Abdullanın dəstələri fars qoşunlarının üstünə şığıyır. Üç gün davam edən həmin döyüşdə iranlılar xeyli itki verərək, geri çəkilməyə məcbur olurlar.
1837-ci ilin Quba üsyanı zamanı böyük qəhrəmanlıqlar göstərən hilli Yarəli rusların qoşunundan bir dəfə 200, bir dəfə isə 68 kazakı əsir alır. Həmin ilin sentyabrın 5-də Quba qalasına girən və rus əsgərlərinə qarşı döyüşən Yarəli ilə birgə onun oğlu Rəcəb və hilli Yunus da böyük qəhrəmanlıqlar göstərir.
Üsyankar ruhu ilə seçilən hillilər 1915-1916-cı illərdə Quba qəzasında ilk olaraq vaxtilə çarın onlardan aldıqları torpaqları geri alırlar. Sonralar hökumətə xərac verməkdən imtina edirlər. Rus çarının əlaltıları 300 kazakın köməyi ilə hilliləri ram etmək istəyir. Lakin Əlisultanın rəhbərliyi altında hillilər kazakları kənddən qovurlar. Bu hadisələr kəndin üsyankar ruhunu aydın göstərir.
Hilli ustalar ətraf kəndlərdə də məşhurdur. Kənddə əlindən ustalıq gəlməyən adam tapılmaz və öz evini hər kəs özü tikir. XVIII əsrdə yaşamış hilli Məhər taxta üzərində naxışlar açan sənətkar kimi məşhur idi. Həmin dövrdə Dağıstan hakimləri öz imarətlərinə bəzək vermək üçün Məhəri çağırardılar.
XX əsrdə başqa bir hilli sənətkar, Lenin ordeninə və Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş, anadan olmasının 120 illik yubileyi Azərbaycanda təntənə ilə qeyd olunmuş məşhur xalça ustası Zibeydə Mikayıl qızı Şeydayeva xalçaçılıq sənətini bütün dünyaya tanıtdı. Bu qadın ləzgi xalçalarının səkkiz yeni çeşnisini yaratmışdır.
Alimlərin qeyd etdikləri kimi, xalça və sumaq toxuyan ustaların məskəni olan Hildə 200 il bundan əvvəl aşağıdakı xalça və sumaq çeşniləri toxunurdu: “Xiler”, “Pud furar”, “Ruqud fur”, “İridar”, “Müjüdar”, “Lezqi ğed’’, “Bubuyar”, “Qasar”, “Yarqunar”, “Alpandin furar”, “Raqar”, “Yaru nav”, “Geter”, “Tsatsar tsük”, “Xeler”, “Öker”, “Vurvar”. Hillilərin yaratdıqları çeşnilər arasında “Xiler”, “Xeler”, “Kusar”, “Lekenar”, “Kurukar” və başqaları var idi.
Üç dövr hillilərin tarixinə Qusarın kəndlərinin mərkəzi kimi düşmüşdür: XV-XVII əsrlər, XIX əsr və Sovet dövrünün ilk illəri. İlk dəfə rayon da bu kənddə təşkil olunmuşdur.
Kənddəki məscid binasının 100 yaşı tamam olub. Yüzbaşı Mite Qayınbəyovun rəhbərliyi altında kənd camaatının iməcilik yolu ilə 1908-ci ildə inşasına başladığı məscidin tikintisi 1912-ci ildə başa çatmışdır. Bir vaxtlar birinci mərtəbəsində 300 nəfər dindarın eyni vaxtda ibadət etdikləri, yuxarı mərtəbəsi qadınlar üçün ayrılmış bu yaraşıqlı məscidin tikintisində ləzgi memarlığı üslubundan geniş istifadə olunmuşdur.