Zəngin təbiəti və münbit torpaqları ilə seçilən Qusar rayonunun Əniğ dərəsi burada tez-tez aşkar olunan arxeoloji tapıntılarla alimlərin diqqətini cəlb edir. Bunu çayın sahillərində aşkar edilən qədim yaşayış məskənlərinin qalıqları da sübut edir. Həmin fakt buranın 9 kəndinin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Çağar, Çətkün və Ləzənin qədim zamanlardan mövcudluğunu təsdiq edir. Alimlərin mülahizələrinə görə, buzlaşmaya məruz qalana qədər də həmin ərazidə həyat qaynayıb.
Bazardüzünün, Bazaryurdun, Şahdağın qar və buzlarla örtülmüş zirvələrindən axan bulaqlar birləşərək Qusar çayını əmələ gətirir və həmin kəndlərə həyat verir. Buradakı heyrətamiz təbiət mənzərələri və münbit torpaqlar həmin ərazinin qədim dövrlərdən həyat üçün əlverişli oldugunu sübut edir.
Qusar çayının sahilində, hündür dağ yamacında yerləşən Əniğ kəndi Qusar rayonunun qədim və böyük yaşayış məskənlərindəndir. “Azərbaycan“ ensiklopediyasında bu kəndin IX əsrdən mövcud olduğu göstərilir. Lakin tarixi mənbələr və arxeoloji materiallar bu kəndin bünövrəsinin IV əsrdə qoyulduğunu və onun VII əsrə kimi mövcud olduğunu sübut edir. IX əsrdə yerli əhali həmin ərazidə yeni kənd salmışdır və onu düşmənlərdən qorumaq məqsədilə ətrafına daşdan hasar çəkmişdir.
Kənd haqqında bəzi məlumatlara “Abumüslümün tarixi” kitabında rast gəlmək olar. Həmin kitabda X əsrin ləzgi kəndlərindən, o cümlədən Əniğdən və Əcəxürdən danışılır: “Abumüslümün nəslindən olan Xalid Əcəxürdə, Ramaldan isə Əniğdə məskən salır".
Rəvayətlərə görə kəndin adı Ünüğ qalasını tikən alban sərkərdələrindən birinin adından götürülmüşdür. M.M.İxilov özünün 1967-сi ildə Mahaçqalada çapdan çıxmış “Ləzgi qrupunun xalqları” kitabında yazır ki, yerli əhali kəndin əsasının Abukar adlı adam tərəfindən qoyulduğunu deyir. Həmin adla indiyə kimi kənddə 75 ailə mövcuddur. Onlar özlərini “Abukarar” adlandırırlar.
Əniğ barədə bu kənddə arxeoloji qazıntılar aparan, özü əslən Qubanın Xucbala kəndindən olan tarix elmləri doktoru Cabbar Xəlilovun rusca işıq üzü görmüş “Əniğ qalası” (1962) və “Qusar rayonunun Əniğ kəndi yaxınlığındakı qədim qəbiristan haqqında” (1965) məqalələrində bir sıra məlumatlar vardır. Alim kəndin adının “Enıx” olduğunu qeyd etmişdir. Qusarlı müəllimlər Nemət Nemətov və Nurmət Zəkiyev də özlərinin “Əniğ kəndi haqqında xatirə” kitabında Əniğ qalasının adının Enıx hökmdarının adından götürüldüyünü göstərirlər. Onlar yazırlar: “Enıx qalasının dürüst adı haqqında hələ qəti fikir yürütmək mümkün deyildir. Amma güman etmək olar ki, X əsr ərəb tarixçilərinin və coğrafiyaşünaslarının əsərlərində adı çəkilən Abxaz şəhəri burada olmuşdur. Bu cəhətdən Abul-Qasım ibn Hövgəlin Abxaz şəhəri ilə yaxın şəhərlərin arasında olan məsafələr haqqındakı fikirləri də çox əhəmiyyətlidir. O yazır ki, “Şirazdan Abxaza 2 günlük, Abxazdan Cesamura 12 fərsəh və Cesamurdan Babul-Abvaba 20 fərsəhlik yoldur”. Bəzi tədqiqatçılar Abxaz şəhərini Quba ilə eyniləşdirirlər. Lakin Hövgəlin göstərdiyi məsafələr Qubadan çox Əniğ qalasına uyğun gəlir.
N.A.Karaulov (ərəbcədən əsərlərin tərcüməçisi) da Abxazı Quba ilə eyniləşdirməyə çalışır. Onun sözlərinə görə “Abxaz Qubanın yaxınlığında və yaxud Qubanın ərazisində yerləşirmiş".
Bəzi müəlliflər “Əniğ” oykoniminin ləzgilərin “qanix” tayfası ilə əlaqəli olduğunu iddia edirlər. Bir neçə mənbədə bu ad “qanex” kimi də göstərilib. Guya sonradan “qanex” “anıx”ə çevrilib.
Ləzgi alimi Raciddin Heydərov isə bu kəndin adını gah “Anıx”, gah da “Anığ” kimi yazır. Onun fikrinə görə, guya kəndin adı dargilərin “inix” və bejitinlərin “onox” sözlərindən yaranıb və “mağara” mənasını verir.
Bütün bu mülahizələr həqiqətə uyğun deyildir. Əvvəla, Enıx adlı hökmdarın olması haqqında tarixi məlumatlar yoxdur. İkincisi, Abxaz oykoniminin Quba şəhəri və Əniğ kəndi ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, ləzgilərin “qanix” adlı tayfası olmamışdır.
Kəndin yerləşdiyi əraziyə gəldikdə isə o, mağaraya oxşamır. Əniğ Qusar çayının sağ sahilində, bu çaya qovuşan Rek çayının və Kiçik çayın ortasındakı hündür və geniş təpədə yerləşir. Onun haqqında müxtəlif müəlliflər öz dillərinə uyğun şəkildə “Enıx”, “Qanex”, “Aniq”, “Əniğ”, “Anıx”, “Anığ” kimi məlumat versələr də, kəndin əsl adı “Ünüğ”dür və əsrlər boyu onu belə adlandırıblar. Azərbaycan dilində bu toponimin dəyişdirilərək “Əniğ” kimi yazılması təəssüf doğurur.1955-ci ildə görkəmli ləzgi alimi Məhəmməd Hacıyev bu kəndin ləhcəsinə aid sözləri toplayıb nəşrə hazırlayarkən onu məhz “Ünüğ” kimi qeyd etmişdir.
Kəndin adının mənasına gəldikdə isə, onu başqa dillərdə yox, buranın sakinləri olan ləzgilərin dilində axtarmaq lazımdır. Güman etmək olar ki, ad ləzgilərin “ünüq” (halqa) sözündən götürülmüşdür. Kənd dörd tərəfdən halqa kimi dağlar, qayalar və çaylarla əhatə olunmuşdur. Elə buna görə də yerli əhali ona bu adı vermişdir. Sonralar q səsi ğ səsinə çevrilmişdir.
Kəndin yaxınlığından tapılmış saxsı qablar, dəmirdən hazırlanmış silahlar, gümüş üzüklər, sırğalar və digər əşyalar buranın qədimliyindən xəbər verir. Arxeoloqların qeyd etdikləri kimi, daş qalxan, nizə, ox-yay və başqa silah növləri yerli ustalar tərəfindən hazırlanmışdır və onlar Cənubi Dağıstanın kəndlərindən tapılmış silahların eynidir. Üzərində Albaniyanın xaçı həkk olunmuş gümüş üzüklərin ləzgilərin xristian dinini qəbul etdikdən sonra hazırlandığı ehtimal olunur. Xaç şəkilləri bir sıra saxsı qabların üzərində də aşkar olunmuşdur. Kənddə indiyə kimi qədim qəbiristanlıq qorunub saxlanıb. Bəzi qəbir daşlarında kufi yazılar var.
Tarixi mənbələrdə Əniğ qalası haqqında bəzi məlumatlar vardır. Həmin məlumatlarda göstərilir ki, sasanilərin Albaniya torpaqlarına hücumları zamanı və eyni zamanda Sasanilər dövləti Albaniyanı öz əsarəti altında saxladığı vaxtlarda Samur çayının sağ sahilində bir çox müdafiə qalaları ucaldılmışdır. “Çıraq qala”, “Gil-gil çay səddi”, “Torpaq qala” və “Ünüğ” qala bu dövrdə tikilmiş qalalardır.
Tarixçilərin yazdıqlarına görə, Əniğ dörd tərəfdən müdafiə məqsədi daşıyan qala divarları ilə əhatə olunmuşdu. O dövrdə Şabranla Dərbənd arasında Əniğ qalasından böyük və möhkəm qala yox idi. Tarixi IX əsrin əvvəllərinə aid edilən bu möhtəşəm qala divarlarının eni 2 metr, uzunluğu 3 kilometr idi.
Hazırda kənddə iki yerdə qalanın qalıqları qalmaqdadır. Bir yerdə divarın uzunluğu 20,5 metrə, eni 2 metrə çatır. Başqa yerdə isə divarın eni 2,5 metr, hündürlüyü 6-7 metrdir.
Əniğlilər həmişə tarixi hadisələrin mərkəzində olublar. 1155-1156-cı illərdə kənd əhalisi böyük müsibətlə qarşılaşmış, səlcuqların qoşunu qalanı düz bir il mühasirədə saxlamışdır. Əniğlilər onlara qarşı qəhrəmanlıqla döyüşmüşlər. Belə olduqda səlcuqlar əlavə qoşun gətirmiş, qala divarlarını söküb, kəndə od vurmuş, mal-qalanı özləri ilə aparmışlar.
1837-ci ildə Quba üsyanı başlananda əniğlilər rus çarizminə qarşı mübarizəyə qoşulmuşlar. Qadir Əziz oğlu burada silahlı dəstə yaradıb Hacı Məhəmmədə yaxından kömək göstərmişdir.
1920-ci ilin sentyabrın 2-də əniğlilər bolşevik hökumətinin əleyhinə birləşib Sablinin və Roqalevin rəhbərlik etdikləri polkları darmadağın etmişlər. Belə faktlar kəndin döyüşkən təbiətli adamları haqqında aydın təsəvvür yaradır.
Monumentallığı və özünəməxsusluğu ilə diqqəti cəlb edən Əniğ məscidi kəndin mərkəzində, onun nisbətən qədim ərazisində, hündür təpədə inşa olunmuşdur. Buradakı mehrabın üstündəki divara ərəb hərfləri ilə həkk olunmuş yazıda məscidin Şeyx Abumüslümün vəsaiti ilə 10 il ərzində, 1911-1921-ci illərdə (1329-1339) inşa edildiyi göstərilir.
Əniğ şeirə, poeziyaya vurğun insanların vətənidir. XVII əsrdə yaşayıb-yaratmış Əniğli Abdulun şeirləri burada dillər əzbəri olmuşdur. Onlardan bəziləri indiki dövrə gəlib çatmışdır. 2004-cü ildə 80 yaşında vəfat etmiş xalq şeir nümunələrinin gözəl bilicisi Hafizat Bağış qızı Sadirova Əniğli Abdulun onlarca şerini əzbərdən deyərdi.