Bir qəzetin tarixi

  • Samur
  • 29.01.2024

Qarşımızda bir qəzet var. Saralmış səhifələrindəki məqalələr onun ötən əsrdə keçdiyi çətin və şərəfli yoldan, xalqın kəşməkəşli həyatından xəbər verir. Yüz il öncə işıq üzü görəndə qarşısına Azərbaycan kəndinin dirçəldilməsi uğrunda mübarizə aparmaq vəzifəsini qoymuşdu. Çətin sınaqlardan çıxaraq zəhmət adamlarının dostuna, məsləhətçisinə, yaxın köməkçisinə çevrilmişdi. Azərbaycanda elə bir kənd yox idi ki, orada oxucusu olmasın.

Əldən-ələ gəzirdi qəzet. Hər evə bahar nəfəsi, torpaq ətri, bərəkət ilğımı gətirirdi. Oxuculara sevinc bəxş edir, həqiqətdən xəbər verirdi, onları doğma elobanı abadlaşdırmağa, kənd təsərrüfatını inkişaf etdirməklə ölkəni çörəkli Vətənə çevirməyə səsləyirdi. Sadə kəndlinin güzəranı, qayğıları boylanırdı onun səhifələrindən. Təkcə kənd adamları deyil, şəhərlilər də həvəslə alırdı bu qəzeti. Çünki kənd həyatını işıqlandırmaqla yanaşı, insan mənəviyyatından, cəmiyyətdə həllini tapmayan məsələlərdən də yazırdı. Zəhmətdən yayınanları, haqqı, ədaləti tapdalayanları tənqid atəşinə tuturdu. Kəsəri vardı. Belə qəzet idi “Sovet kəndi”.

Azərbaycan kəndinin salnaməsi idi bu mətbu orqan. Sələflərinin yolunu davam etdirirdi. İlk sələfi 1923-cü ilin iyunun 16-da Bakıda çıxan “Kəndçi qəzetəsi” idi. Mətbuatımızın banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ənənələrinə sadiq olan qəzet 1924-cü ilin dekabrından “Kəndli qəzetəsi” adı ilə çıxmağa başladı. 1932-ci ilin fevralında adını dəyişdirib “Azərbaycan kolxozçusu” qoydular. Elə həmin ilin oktyabrında kollektiv təbliğatçı, təşviqatçı və təşkilatçı kimi fərqləndiyinə görə qəzet Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu.

1953-cü ilin iyulundan bu mətbu orqan “Azərbaycan kənd təsərrüfatı” adı ilə fəaliyyətini davam etdirdi. Adlısanlı pambıq ustalarını, üzümçüləri, bağbanları, mexanizatorları üzə çıxaran, onların qabaqcıl təcrübəsini yayan “Azərbaycan kənd təsərrüfatı” 1960-cı ilin avqust ayından Azərbaycan KP MKnın kütləvi qəzeti olmaqla “Sovet kəndi” adı ilə çıxmağa başladı. Öz zəhməti ilə şöhrət qazanan iki dəfə Sosialist Əməyi Qəhrəmanları Bəsti Bağırovanı, Şamama Həsənovanı, Sosialist Əməyi Qəhrəmanları Qızqayıt Həsənovanı, Həsən Kərimovu, respublikamızda qızlar arasında maşınla pambıq yığımının pioneri Sevil Qazıyevanı və başqa əmək bahadırlarını bütün ölkə “Sovet kəndi”nin səhifələrindən tanıdı.

Qəzet pambıq yetişdirən respublikaların sosializm yarışının təşəbbüsçülərindən biri oldu. Tənqidi çıxışları ilə kənd tikintilərinə, uşaq və qocalar evlərinin qaydaya salınmasına təkan verdi. Kəndli müxbirlərin yazılarına səhifələrində səxavətlə yer ayıran, əlinə yenicə qələm almış onlarca gənci jurnalist, şair, yazıçı kimi yetişdirən məktəb idi bu qəzet. Hər il respublikamızın kolxoz və sovxozlarının bədən tərbiyəsi kollektivləri arasında “Sovet kəndi”nin “Sünbül” kuboku uğrunda futbol yarışları keçirilərdi. Neçə-neçə belə gözəl ənənələri var idi qəzetin.

“Sovet kəndi” adı ilə çıxanda qəzet özünün ilk sayının baş məqaləsində yazmışdı: “Sovet kəndi ona nail olacaqdır ki, qəzetdə dərc edilən yazılarda sadə adamların ürək döyüntüləri eşidilsin”. Həqiqətən də 31 il qəzetin səhifələrində sadə adamların ürək döyüntüləri eşidildi. Lakin sonra bu döyüntülər kəsildi. Sovet höküməti dağıldı və qəzetin böhranı başladı. “Bərəkət” və “Həyat” adları ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin orqanı kimi fəaliyyətini davam etdirsə də, ömrü uzun olmadı. Nazirlik onu maliyyələşdirməkdən imtina etdi. Beləliklə, kənd həyatının aynası olan bir qəzet fəaliyyətini dayandırdı. Halbuki Sovet dövrünün mətbu orqanlarından olan “Kommunist” indi “Xalq qəzeti” adı ilə, “Bakinskiy raboçiy” və “Вышка” öz köhnə adları ilə fəaliyyətlərini davam etdirir. “Sovet kəndi”nin adı dəyişdirilsə də, ona axıradək sahib çıxan olmadı. Yaşasaydı, ötən il onun 100 illiyi qeyd ediləcəkdi. Təəssüf...

Bu tarixi təsadüfən xatırlamadıq. “Samur”un əməkdaşları vaxtilə “Sovet kəndi” qəzeti redaksiyasında işləyib və burada kəsərli qələm sahibləri kimi tanınıb. Onlarla çiyin-çiyinə qəzetdə məşhur jurnalistlər, şair və yazıçılar da çalışıb. Nə etməli? Ata yurdunu unutmaq çətin olduğu kimi, uzun illər çalışdığımız, zəngin tarixə və ənənələrə malik “Sovet kəndi”ni də unutmaq çətindir... “

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023