“Zirvəyə doğru qaçış”

  • Ruslan Orucov
  • 08.06.2026

   Qusar rayonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zirvəyə doğru qaçış” adlı kütləvi idman tədbiri keçirilib. Yarışa min nəfərdən çox idmansevər qatılaraq öz gücünü və dözümlülüyünü sınayıb.
İştirakçılar 11 və 22 kilometr məsafələr üzrə yarışaraq həm fiziki hazırlıqlarını nümayiş etdirib, həm də sağlam həyat tərzinin təbliğinə öz töhfələrini veriblər.
Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası və “METAK” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə yanaşı, milli birlik, vətənpərvərlik və xeyriyyəçilik ideyalarını təbliğ etmək olub.
   Yarış başlamazdan əvvəl iştirakçılar və qonaqlar Qusar şəhərində ucaldılmış Ulu Öndər Heydər Əliyev abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov belə genişmiqyaslı yarışın Qusarda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Müstəqillik Gününün tarixi önəmindən danışaraq, ölkəmizdə uğurla həyata keçirilən gənclər və idman siyasətinin nəticələrini diqqətə çatdırıb.
   Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov bölgələrdə belə kütləvi idman tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayaraq, Nazirliyin bu təşəbbüslərə bundan sonra da dəstək verəcəyini bildirib.
“METAK” şirkətinin təsisçisi Alik Kərimov isə belə layihələrin təşkilinə dəstək verməkdən məmnun olduqlarını söyləyib. O, gənclərə müraciət edərək onları zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və Vətənə layiqli vətəndaş olmağa çağırıb.
   İki məsafə üzrə təşkil olunan yarışa Qusar və ətraf rayonlarla yanaşı, Bakıdan, eləcə də müxtəlif xarici ölkələrdən gələn idmançılar da qatılıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda müxtəlif yaş və məsafə kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilib.
   Tədbirin sonunda qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.
   “Zirvəyə doğru qaçış” yarışı bir daha göstərdi ki, idman insanları bir araya gətirən, sağlam həyat tərzini təşviq edən və cəmiyyətdə həmrəylik ruhunu gücləndirən ən gözəl vasitələdən biridir. Qusarın ecazkar təbiəti qoynunda keçirilən bu yarış iştirakçılar üçün əsl idman və bayram əhval-ruhiyyəsi yaradıb.

Популяр макъалаяр

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023