Дуьньядин тlал

  • Седакъет Керимова
  • 09.02.2023

Bu gün dünyanın nəbzi Türkiyə ilə Suriyada döyünür. Burada baş verən faciənin ağrı-acısının sarsıtmadığı adam çətin tapılar. Dağıntılar arasından qurtulan hər can dünyanın sevincinə səbəb olur. O dəhşətli zəlzələni, o soyuqda ac-susuz qalan insanları düşündükcə yediyimiz çörək boğazımızda qurğuşuna dönür, isti yatağımıza uzanmağa xəcalət çəkirik.

Bu gün dünyanın insanları bir-birinə elə oxşayır! Hansı ölkənin telekanalına, sosial şəbəkəsinə göz yetirsən, yaxınlığımızdakı son zəlzələdən sarsılmış insanların göz yaşlarını görürük.

Sən demə, dünya birləşə bilirmiş. Bəli, insanlar təbii fəlakətlər qarşısında aciz olduqlarını bir daha etiraf edirlər. Son illərin amansız daşqınları, yer sürüşmələri, tufanlar, zəlzələlər insanları düşünməyə məcbur edir. Allahın göndərdiyi fəlakətlər bəs deyilmiş kimi, müharibələrin gətirdiyi dəhşətlər də dünyanı tarıma çəkib. Bəs dağıdıcı silahlarla insan insanın, ölkə ölkənin üstünə gedirsə, niyə dünya bir yumruq kimi birləşib müharibələrə yox deyə bilmir? Axı dünyanın harasında getməsindən asılı olmayaraq, onun acı nəticələrini bütün bəşəriyyət hiss edir.Çünki Yer kürəmiz – həyat evimiz birdir. Deməli onu qorumaq, qayğısına qalmaq hamının borcudur. Gəlin etiraf edək ki, inşaat işlərinə rəhbərlik edən insanlar öz vəsifə borclarına vicdanla yanaşsaydılar, tamahkarlığa yol verməsəydilər, zəlzələ qurbanlarının sayı qat-qat az ola bilərdi. Meşələri qırıb mebel düzəldənlər, gölləri qurudub yerində göydələnlər ucaldanlar da unudurlar ki, təbiət gec-tez bunlara görə qisas alacaq.

İnsan ömrü o qədər qısadır! Onu uzatmaq, sonsuz xəstəliklərin müalicəsini tapmaq, dünyanı gülüstana çevirmək, insanların ürəyində sevinc və xeyirxahlıq hisslərini cücərtməyin yollarını axtarmaq əvəzinə dağıdıcı, viranedici silahlar yaratmaq uğrunda ölkələr arasında yarışlar gedir.

Bəşəriyyət tarix boyu iki basqının əzablarını çəkib. Təbiətin qəddarlığı və siyasətbazların korazehinliyi qarşısında gücsüz qalıb. Bu gün də heç nə dəyişməyib. Amma dünəndən bu günün fərqi çoxdur. Bu gün dünya qlobal təhlükə qarşısındadır. Bu cür zəlzələlər, daşqınlar, təkrarlana bilər. Yer öz orbitindən çıxa bilər. Nə qədər gec deyil, onu xilas etməyə çalışmalıyıq. Dünya buna çalışmalı, buna nail olmalıdır. Yoxsa fəlakətin qarşısını almaq mümkün olmayacaq.

Hələlik isə biz Türkiyədə və Suriyada baş vermiş zəlzələdən sonrakı ürək parçalayan səhnələri izləyirik. Mənə ən çox təsir edən həyatları  qurtulan uşaqların ağlamamasıdır. Faciə bu 2, 3, 4, 5 yaşlı uşaqları elə tez böyüdüb! Oyuncaqlarla oynamaq əvəzinə beton dirəklər arasında ölümlə həyat arasında çarpışan bu körpələrin ağıllı baxışları görəsən bəzi "insanları" nadanlıqdan, korazehinlikdən qurtara bilərmi?

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023