ƏXLAQIN ÖLÇÜSÜ

  • Sədaqət Kərimova
  • 30.01.2025

   Son vaxtlar Azərbaycanın mənəvi mühitində güclü aşınma prosesi müşahidə olunur. Ətrafımızda nələr baş verir? Aqressiya, qəddarlıq, suisid, qəsdən adam öldürmə halları, meşşanlıq, pul hərisliyi, boşanmalar, fərdi və ictimai dözümsüzlük… Bu siyahını xeyli uzatmaq olar. Bir sözlə, mənəvi aclığın və əxlaqi dəyərlərdən uzaqlaşmanın acı nəticələrinin yaratdığı xəstəlik. Etiraf etməliyik ki, bu xəstəlik sürətlə yayılır və vaxtında qarşısı alınmasa, ciddi təhlükələr yarada bilər.
   Təəssüf ki, bəzi televiziya kanallarında və mediada son dövrlərdə mənəviyyatsızlıq, səviyyəsizlik və hətta təhqiramiz mövzuların təbliğ olunması adi hal alıb. Reytinq və kommersiya maraqları televiziya və media məkanında olduqca xoşagəlməz mühitin yaranmasına səbəb olub, mənəvi dəyərlərin ikinci plana keçməsinə gətirib çıxarıb. Tamaşaçı cəlb etmək məqsədilə çox zaman ucuz şoular və proqramlar süni ehtiraslar və qalmaqallar üzərində qurulur. Cəmiyyət tərəfindən pislənsə də, belə verilişlər yağışdan sonra çıxan göbələklər kimi çöxalır.
   Ziyalıların, cəmiyyətin sağlam düşüncəli təbəqəsinin rəy və narahatlıqlarına əhəmiyyət verilməməsi isə məsuliyyət hissini azaldır və mənəvi dəyərlərin pozulmasına şərait yaradır. Qloballaşmanın və kütləvi mədəniyyətin təsiri altında milli dəyərlərə yad olan nümunələr təbliğ olunur, bu da öz növbəsində mənəviyyatın aşınmasına gətirib çıxarır.
   Həddindən artıq sərbəstlik, mənəvi dəyərlərdən uzaqlaşma tendensiyası mənəvi məsuliyyətin itirilməsinə səbəb olur, bu da zorakılığa, qeyri-əxlaqi davranışlara, hətta əxlaqsızlığa yol açır. Dəyərlərin itirilməsi cəmiyyətdə həqiqətin və ədalətin qiymətdən düşməsinə səbəb olur. Sərbəstliyin həddən artıq olması qayda-qanunun və intizamın yox olmasına gətirib çıxarır. 
   Mənəvi aclıq insan ruhunun və cəmiyyətin sağlamlığının dərin yarası olub, cəmiyyətin öz əsaslarından uzaqlaşmasına, psixoloji, sosial və əxlaqi problemlərə yol açır. Onun müalicəsi yalnız mənəvi dəyərlərin bərpası və insanın ruhunun yenidən canlanması ilə mümkündür. Lev Tolstoyun təbirincə desək, “Bir xalqın əxlaqi dəyərləri onun gələcəyini müəyyən edir.” Axı  mənəviyyat hər hansı bir cəmiyyətin təkcə bu gününü deyil, sabahını da formalaşdırır.
   Artıq sosial şəbəkələrdə yaşlıları təhqir edənlər, valideynlərinə hörmətsizlik edənlər, övladlarına sahiblik etməyənlər normal qəbul edilir. Halbuki, belə hallar keçmişdə cəmiyyətin qəbul etmədiyi ən böyük qüsurlar idi.
   Bu gün cəmiyyətimizdə “sərbəstlik” adlandırılan, amma mahiyyətcə mənəviyyat sərhədlərinin pozulması ilə nəticələnən davranışlar geniş yayılır. Bu problem bütün cəmiyyəti əhatə edir və insani dəyərlərin itirilməsinə gətirib çıxarır.
   Bir vaxtlar nəzakət, hörmət, böyüyə ehtiram, kiçiyə qayğı kimi prinsiplər ailədə və cəmiyyətdə uşaqlara kiçik yaşlardan öyrədilirdi. Bu prinsiplər, insanı insan edən, cəmiyyətin düzgün şəkildə idarə olunmasını təmin edən əsas meyarlar idi. Amma bu gün bəzi hallarda insanlar bu dəyərləri unutmuş kimi davranır, nəzakətli ünsiyyət səviyyəsizlik və kobudluqla əvəz olunur.
   Sənət adamlarının konsert salonlarına və televiziya ekranlarına açıq-saçıq geyimdə  çıxması məsələsi cəmiyyəti qıcıqlandıran, geniş müzakirələrə səbəb olan mövzulardan birinə çevrilib. Hər bir insanın geyim tərzi onun azadlıq hüququdur, lakin bu azadlıq həddini aşmamalı, əxlaq normalarını pozmamalı, digərlərinin narahatılığına səbəb olmamalıdır. Həddi bilmək, öz azadlığını başqalarının hüquqları ilə həmahəng saxlamaq çox vacibdir.
   Müasir texnologiyaların həddindən artıq istifadəsi və sərbəstliyin maneəsiz şəkildə təbliği təəsüf ki, gənc nəslə çox neqativ təsir edir. Sosial medianın yanlış istifadəsi bəzən bayağı davranışları normallaşdırır, bəzən isə insani dəyərlərın qiymətini aşağı salır.
   Müasirlik yalnız əcnəbi dildə danışmaq, özünü sərbəst aparmaq, açıq-saçıq geyinmək, istədiyi kimi danışmaq deyil, müasirlik yüksək savadın, mədəni səviyyənin, tərbiyənin və əxlaqın göstəricisidir.
   Əxlaqi dəyərlər və etik prinsiplər hər bir cəmiyyətin əsasıdır və onun gələcəyi üçün vacibdir. Fərəhləndirici haldır ki, müasir dünyada bəzi ölkələr əxlaqi dəyərlərin qorunması  üçün ciddi addımlar atır. Onların təcrübəsi əsl  nümunə ola bilər. 
İsveçrədə - dünyanın bu sözün əsl mənasında cənnət guşəsində bir turist kimi bilirsiniz məni nə heyrətə gətirmişdi?   Burada yüksək səviyyədə təmin olunan azadlığın məsuliyyətlə müşayiət olunması, ailə dəyərlərinə önəm verilməsi, uşaqlara məktəbdə yaşlılara, xəstə və əlillərə hörmətlə yanaşmağın öyrədilməsi. Ümumiyyətlə, İsveçrədə təhsil sistemi etik və əxlaqi prinsipləri aşılamaq üçün nəzərdə tutulub.
   Sinqapurda isə açıq-saçıq geyim, kobud davranış və sosial medianın qeyri-etik istifadəsi ciddi şəkildə qınanır və tənzimlənir. Bu ölkədə hökumət əxlaqi dəyərlərin qorunmasına möhkəm nəzarət edir. Burada ictimai əxlaq qaydalarına riayət etmək məcburidir. Uşaqlara və yeniyetmələrə məktəbdən başlayaraq ictimai məsuliyyət və kollektivçilik prinsipləri aşılanır. Bu sahədə televiziya önəmli rol oynayır.
   Cənubi Koreyada təhsil alan nəvəmin bu ölkədən aldığı ilk təəssürat bilirsinizmi necə idi? Koreyalılar mədəni, nəzakətli və təvazökardırlar. Şit, açıq-saçıq geyinməyi xoşlamırlar. Olduqca qanunpərəstdirlər. Bu ölkədə konfutsianizm dəyərləri hələ də güclüdür. Hörmət, ailə bağları və kollektiv harmoniya cəmiyyətin əsas dayaq nöqtələrindəndir. Koreyada valideynlər uşaqlarına nəzakət və hörmət mədəniyyətini öyrədirlər. Cəmiyyət daxilində etik davranışlar yüksək qiymətləndirilir.
   Yaponiya cəmiyyətində nəzakət, hörmət və intizam kimi dəyərlər xüsusi əhəmiyyət kəsb edir. Ailə içində böyüyə hörmət və kiçiyə qayğı mədəniyyəti uşaqlıqdan öyrədilir. Məktəblərdə etik davranışlar haqqında dərslər keçirilir. Sosial məsuliyyət hissi hər bir vətəndaşın həyatında mühüm yer tutur. 
   Cənubi Asiya dövləti Butan fərqli bir yanaşma ilə tanınır – burada insanların xoşbəxtliyinə və əxlaqi dəyərlərə üstünlük verilir. Hökumət “Milli Xoşbəxtlik İndeksi”ni tətbiq edir, bu da cəmiyyətin rifahını və mənəvi dəyərləri ön planda saxlayır. Təbiətə, ailəyə və insana hörmət prinsipləri Butan cəmiyyətinin əsasını təşkil edir.
   Tarixdə əxlaqi dəyərlərin tənəzzülü səbəbindən məhv olmuş cəmiyyətlərin misalları var. Roma imperiyası bunun ən bariz nümunəsidir. Bu imperiya dünyanın ən güclü dövlətlərindən biri idi, lakin əxlaqsız həyat tərzi, rüşvətxorluq və ədalətsizlik cəmiyyətin əsas sütunlarını zəiflətdi. Nəticədə bu böyük dövlət parçalandı.
   ABŞ və Avropada 1960-cı illərdə başlayan “hippi” hərəkatı və sosial azadlıq hərəkatları əvvəlcə fərdi hüquqların genişlənməsinə səbəb oldu. Lakin bu azadlıqlar bəzi hallarda narkotik asılılığı, ailə strukturlarının zəifləməsi və cəmiyyətin bəzi mənəvi dəyərlərinin itirilməsi ilə nəticələndi.
   Hazırkı dövrdə sosial medianın və rəqəmsal platformaların “tam sərbəstliyi” tez-tez yanlış məlumatların yayılmasına, insan hüquqlarının pozulmasına, psixoloji problemlərə və etik sərhədlərin pozulmasına səbəb olur, bəzən insanların məsuliyyətsiz davranışlarına gətirib çıxarır.
   Bütün bunlar bizi bu bəlaya laqeyd qalmamağa çağırır. Hər birimizin kiçik addımları cəmiyyətdəki bu bəlaya qarşı mübarizənin təməli ola bilər. Uşaqlara və yeniyetmələrə məktəbdə və ailədə etik davranış qaydalarını öyrətməklə, onlara sevgi və düzgün dəyərlər aşılamaqla cəmiyyətimizin daha mükəmməl bir istiqamətə yönəlməsinə yardımçı ola bilərik. Bu məsələdə maarifləndirici və tərbiyəvi tədbirlərin görülməsi çox vacibdir. 
   Televiziya kanalları və sosial şəbəkə platformalarında maarifləndirici proqramların sayı artırılmalı, qeyri-etik məzmunlu verilişlər qadağan edilməlidir. Televiziyada əxlaqsızlığı deyil, mədəni irsimizi, mənəvi dəyərlərimizi təbliğ edən proqramlar olmalıdır. Bu sahədə ictimai mövqenin gücündən də çox şey asılıdır. Gənclərimizi düzgün yola yönəltmək üçün biz özümüz örnək olmalıyıq. Unutmamalıyıq ki, cəmiyyət yalnız maddi dəyərlərlə yaşamır. 

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023