Türkiyəli məşhur siyasətçi

  • Şahabettin Özden, Türkiyədə nəşr olunan “Dağıstan” jurnalının baş redaktoru
  • 19.01.2023

    Tanınmış türk hərbçisi və siyasətçisi Mehmet Recep Peker Dağıstandan Türkiyənin Anadolu şəhərinə köç etmiş dağıstanlı ləzgi Mustafa bəyin oğludur. O, 1889-cu ildə İstanbulda anadan olmuşdur. Orta  təhsil aldıqdan sonra 1907-ci ildə Hərbi Dənizçilik Məktəbini bitirmiş, 1911-1912-ci illərdə Yəməndə və Trablusgarp savaşında, 1912-1913-cü illərdə isə Balkan savaşlarında iştirak etmişdir. Birinci Dünya Müharibəsində Makedoniya və Qafqaz cəbhələrində vuruşmuşdur. 1919-cu ildə Hərbi Akademiyanı bitirdikdən sonra 1920-ci ildə Türk Qurtuluş savaşına qatılmaq üçün Anadoluya göndərilmiş, müharibəni mayor rütbəsində başa vurmuşdur. 1920-ci ilin aprelində TBMM-in (Türkiyə Böyük Millət Məclisi) baş katibi seçilmişdir.

    1923-cü ildə ikinci dəfə parlamentə Kütahiyədən deputat seçilmişdir. O, bir müddət Türkiyə Baş Qərargahı ikinci şöbəsinin rəisi olmuşdur. Recep Peker həmçinin  “Hakimiyyet-i Milli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

   1924-cü ilin may-noyabr aylarında maliyyə naziri, 1924-1925-ci illərdə daxili işlər naziri, 1925-1927-ci illərdə müdafiə naziri, 1928-1930-cu illərdə ictimai işlər naziri, 1929-cu ildə təhsil naziri işləmişdir.

    1931-1935-ci illərdə Türkiyənin Xalq Partiyasının baş katibi olmuş, Atatürk və İnönüdən sonra dövlətin üçüncü şəxsi olmuşdur. 1936-cı ildə o, İtaliyaya faşizmi öyrənmək üçün ezam olunur. Buradan qayıtdıqdan sonra onun yazdığı hesabat və TBMM-də Faşist ittifaqı yaratmaq təklifi prezident Atatürk tərəfindən rədd edilmiş, bu, iki siyasətçi arasında fikir ayrılığına gətirib çıxarmışdır. Bundan sonra Peker partiya rəhbərliyindən uzaqlaşdırılmışdır. 

    1942-1943-cü illərdə çoxpartiyalılıq dövründə Recep Peker Türkiyənin daxili işlər naziri olmuşdur, 7 avqust 1946-cı ildən 7 sentyabr 1947-ci ilə kimi o, Türkiyənin baş naziri vəzifəsini icra etmişdir.

    1948-ci ildə öz istəyi ilə siyasətdən getmiş, məktəblərdə “İnqilab tarixi” fənninin tədris olunması sahəsində səylər göstərmişdir. 1933-cü ildən başlayaraq, Atatürkün göstərişi ilə Ankara və İstanbul Universitetlərində, eyni zamanda Hərbi Akademiyada həmin mövzuda mühazirələr demişdir. Bu sahədə yazılmış bir neçə kitabın müəllifidir.

Qadınların çadradan azad olunmasının və ərəb hərflərinin türk əlifbası ilə əvəz olunmasının tərəfdarı olmuşdur. 1950-ci ildə İstanbulda vəfat etmişdir. Məzarı Ədirnəqapı şəhid məzarlığındadır.

    Onun oğlu Faruk Peker Türkiyənin tanınmış kino sənətçisidir.  

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023