Diqqət, təlim gedir!

  • Sədaqət Kərimova
  • 30.11.2023

Qırx dörd günlük Vətən müharibəsindən söz düşəndə, həmin ağrı-acılı günlər gözlərim önündə canlananda yadıma Sevindik Şirinov düşür. Heç kəsə heç nə deməyib könüllü olaraq cəbhəyə yollanan, yaralılara ilk tibbi yardım göstərmək üçün özünü odun, alovun içinə atan bu cəsur ləzgi balasını onunla döyüş meydanlarında olmuş əsgər və zabitlər bu günə kimi minnətdarlıq hissi ilə xatırlayırlar. Həmin qanlı-qadalı günlərdə onun vaxtında və yerində göstərdiyi tibbi yardım sayəsində neçə-neçə igidimizin həyatı qurtuldu.

Əksər qusarlılar onu yaxşı tanıyırlar, çünki Sevindik çətin anda adamı köməksiz qoymaz, təxirəsalınmaz vəziyyətlərdə necə hərəkət edib hansı həkimə müraciət etmək lazım olduğunu məsləhət görər. Ən başlıcası isə, diqqəti, şən əhval-ruhiyyəsi, müsbət enerjisi ilə qətiyyət təlqin edər. “Medic School Training Center“-lə keçirdiyi tibbi təlimlər sayəsində isə o, ölkəmizdə minlərlə həmkarının rəğbətini qazana bilmişdir.  Peşəkarlığı və yüksək səviyyəsi ilə seçilən həmin təlimləri Amerika Ürək Assosiasiyası tərəfindən Azərbaycanda akkreditasiya olunmuş Beynəlxalq Təlim Mərkəzi həyata keçirir. Mərkəz 2021-ci ildə – Covid-19 pandemiyası dövründə, respublikamızın əhalisinin tibbi yardıma kəskin ehtiyac duyduğu bir vaxtda fəaliyyətə başlamışdır. Təşkilatın əməkdaşları mərkəz təsis olunan gündən etibarən tibb, tibbi təhsil və korporativ idarəetmə sahələrində peşəkar təlimlər keçirməklə məşğul olurlar.

Humanist məqsədlər daşıyan, “İlk yardım həyatı xilas edir!” devizi ilə çalışan Medic School Training Centerin əməkdaşları yaşından və yaşadığı məkandan asılı olmayaraq hər kəsə həkimə qədər ilk yardım göstərməkdə vacib bilgilər verir. Qanaxma, ürək dayanması, qıcolma, boğulma kimi hallarda insan həyatını xilas etmək üçün təcili və düzgün ilk yardım göstərilməsinin nə qədər vacib olduğunu əyani şəkildə başa salır. Azərbaycanı dünyanın ürək tutmalarına görə ölüm riski ən az olan ölkəyə çevirmək kimi xeyirxah məramı olan bu təlim mərkəzinə Mətin Mahmudov rəhbərlik edir. Təlim Mərkəzi artıq böyüyüb peşəkar komandaya çevrilib.

2015-ci ildən etibarən ilk yardım üzrə təlimlər keçirən Sevindik Şirinov 2017-ci ildən Amerika Ürək Assosiasiyasının beynəlxalq dərəcəli təlimçi mütəxəssisidir. O, mərkəzin rəhbərliyi altında ilk yardım təlimləri, tibb heyəti üçün kurslar, beynəlxalq konfranslar təşkil edir, rəqəmsal tibb, tibbi konsaltinq xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olur. Yerli və beynəlxalq universitetlər, dövlət qurumları, elmi-tədqiqat mərkəzləri, ictimai səhiyyə və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir. 2017- ci ildən bu günə kimi Azərbaycanda təlimlərə 3000-dən çox iştirakçı qatılıb. Onların arasında tibb işçiləri ilə yanaşı digər peşələrin sahibləri də var.

Belə bir reallığı hamımız etiraf etməliyik ki, son illər qəfil ölümlərin sayı artıb. Baş verən faciəvi halların əksəriyyəti isə insanlara vaxtında ilk tibbi yardım göstərilməməsinın, vətəndaşların bu sahədə təcrübəsizliyinin nəticəsidir. Təəssüf ki, bunun nə cür əhəmiyyətli məsələ olduğunu yalnız onunla üzləşəndə başa düşürük. Ona görə də haqqında danışdığım təlim mərkəzi tərəfindən yayılan sadə dildə yazılmış maarrifləndirici məlumatların paylaşdırılmasının əhəmiyyəti böyükdür. Sevindik Şirinovun keçirdiyi təlimlər məhz buna yönəldilib.  Peşəkarların etiraf etdikləri kimi, canlılığı və maraqlılığı ilə hamının diqqətini cəlb edən belə təlimlər məktəblilərdən tutmuş təqaüdçülərə kimi hamı üçün vacibdir.

Hal-hazırda Sevindik Şirinov Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatlı təlimçisi olmaqla yanaşı, MediClub şirkətinin tibbi təlim və tədris şöbəsinin meneceri vəzifəsində də çalışır.

Sevindik həkimə və “Medic School Training Center”in komandasına olduqca vacib və məsuliyyətli işlərində yeni nailiyyətlər arzulayırıq. Unutmayaq ki, ilk yardım insan həyatını xilas edir!

 

 

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023