“Suvar” ansamblı 1996-cı ildə yazıçı-jurnalist Sədaqət Kərimova tərəfindən yaradılmış Azərbaycan mahnı və rəqs kollektividir. Ansamblın adı ləzgi dilində “Suvar” sözündən götürülmüşdür və bu söz alp çəmənliklərini, həmçinin xalq şənliklərini ifadə edir, ləzgi mədəni ənənəsində gözəlliyi, saflığı və mənəvi ucalığı simvolizə edir.
Ansamblın ilk konserti 1997-ci ilin yazında Bakıda, Gənc Tamaşaçılar Teatrında keçirilmiş və geniş ictimai rezonans doğurmuşdur. İlk çıxışlarından etibarən kollektiv ləzgi xalq musiqisinin, rəqslərinin və Sədaqət Kərimovanın müəllif əsərlərinin parlaq ifası ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Ansamblın formalaşmasında tanınmış musiqiçilər və ifaçılar iştirak etmişdir. Onların sırasında Tofiq Məmmədov, Hüseyn Müslümov, Qabil İbrahimov, Məmməd Ağasıyev, Rubabə Bayrambəyova, Ruslan Pirverdiyev kimi sənətkarlar vardır. Musiqi repertuarının inkişafında Azərbaycan Dövlət Konservatoriyasının məzunu Zaur Musayevin xüsusi rolu olmuşdur. O, qədim ləzgi melodiyalarını klarnet, zurna və fleytada ustalıqla ifa etmişdir.
Ansamblın geniş şöhrət qazanmasında solistlər Rəşad İbrahimov, Cavahir Abdulova, Cəmilə Zalova, Roza Hacımuradova və Elvina Heydərova mühüm rol oynamışdır. Roza Hacımuradova qədim ləzgi mahnılarının koloritini ustalıqla çatdıran ifaçı kimi tanınır. Ansamblın peşəkar səviyyəyə yüksəlməsi dramatik tenor Rəşad İbrahimovun fəaliyyəti ilə bağlıdır. Camilə Zalova öz parlaq və ifadəli səs tembri ilə, Cəvahir Abdulova lirik soprano sahibi və aparıcı kimi, Elvina Heydərova isə orijinal ifa tərzi və geniş səs diapazonu ilə tamaşaçıların rəğbətini qazanmışdır.
20 ildə ansamblın repertuarı iki əsas istiqamət üzrə formalaşmışdır: ləzgi xalq mahnıları və Sədaqət Kərimovanın müəllif əsərləri.
2004-cü ildə ansamblın nəzdində “Lezginka” rəqs məktəbi yaradılmışdır. Məktəbin ilk xoreoqrafı Sənan Hüseynli olmuşdur; sonralar onun inkişafına Azərbaycan Dövlət Rəqs Ansamblının veteranı Zeynal Cigerxanov böyük töhfə vermişdir. Daha sonra ansamblın öz rəqs kollektivi formalaşdırılmışdır. Məktəbin fəaliyyətini xoreoqraf Gülnarə Bayramova davam etdirmiş, onun rəhbərliyi ilə gənclər və uşaqlar üçün ayrıca qruplar fəaliyyət göstərmişdir.
2006-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ansamblın 10 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Proqramda solistlərin vokal çıxışları ilə yanaşı, “Gənclik”, “Bulaq başında”, “Görüş” (Z.Cigerxanovun quruluşunda), həmçinin “Qocalar”, “Kəpənəklər”, “Dem”, “Qu quşları” (S. Kərimovanın quruluşunda) rəqsləri təqdim olunmuşdur. Bu rəqslər arasında “Qocalar” xüsusi populyarlıq qazanaraq ansamblın vizit vərəqinə çevrilmişdir.
“Suvar” ansamblı Bakının ən nüfuzlu səhnələrində çıxış etmişdir. Bunlara Rəşid Behbudov adına Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Səməd Vurğun adına Rus Dram Teatrı, Azərbaycan Dövlət Dram Teatrı, Şəhriyar adına Mədəniyyət Sarayı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı daxildir.
2009-cu ildə ansambl Türkiyə Respublikasının TRT televiziya kanalının dəvəti ilə Ankarada çıxış etmiş və ləzgi mədəniyyətini beynəlxalq auditoriyaya təqdim etmişdir. Ansambl haqqında hazırlanmış veriliş 37 ölkədə yayımlanmışdır.
2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilmişdir. Həmin il ansambl Ankarada keçirilən beynəlxalq festivalda uğurla çıxış etmiş, proqramın bir günü tam şəkildə “Suvar” ansamblına həsr olunmuşdur.
2016-cı ildə Bakıda Heydər Əliyev Sarayında ansamblın 20 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilmişdir. Tədbir çərçivəsində Sədaqət Kərimovanın “Suvar” adlı kitabının təqdimatı olmuşdur. Yubiley gecəsinin sonunda ansamblın yaradıcısı və uzun illər bədii rəhbəri Sədaqət Kərimova rəhbərliyi öz yetirməsi, rəqqas Zavir Nəcəfova həvalə etdiyini bildirmiş, özü isə kollektivin ideya və mənəvi rəhbəri olaraq fəaliyyətini davam etdirəcəyini elan etmişdir.
Bu ilin mayın 30-da Heydər Əliyev Sarayında keçirilən ansamblın yubiley konserti bir daha sübut etdi ki, kollektivin yeni rəhbəri Zavir Nəcəfov ansamblın ənənələrinə sadiq qalaraq onun sənət uğurlarını davam etdirmək üçün əlindən gələni edir. Səhnədə nümayiş etdirilən şux rəqslər və oynaq mahnılar tamaşaçılarda nikbin əhval ruhiyyə yaratdı, anşlaqla keçən konsert boyu alqış sədaları zalı bürüdü.
30 ildə ansamblın ən böyük xidməti ləzgilərin zəngin musiqi mədəniyyətini Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etmək olmuşdur. Bu məqsədlə 40-dan çox xalq melodiyası yenidən işlənib xalqa çatdırılmış, 10-dan çox yeni rəqs yaradılmışdır.
“Suvar” ansamblı Azərbaycanda ləzgi musiqi və rəqs sənətini təmsil edən mühüm mədəni hadisə kimi qəbul olunur və milli ənənələrin qorunması və təbliği istiqamətində əhəmiyyətli rol oynayır.