Qayada bitən çiçək

  • Седакъет Керимова
  • 06.04.2023

1962-ci ilin iyun ayının əvvəlləri idi. Qusar rayonunun Piral kəndi təbiətin gözəl çağını yaşayırdı. Çöllər, çəmənlər əlvan çiçəklərin bihuşedici ətrinə bələnmişdi. Belə günlərdən birində kəndə səs yayıldı ki, Şəmsibala Şıxbabayevin evinə Bakıdan qonaqlar gəlib. Adi qonaqlara kənddə hamı adət etmişdi. Yaz gələndən payızın sonlarına kimi buradan gələn-gedənin ayağı kəsilmirdi. Piralın qədim yurd yerlərinin izlərini, üstündə alban yazıları olan daş kitabələri bu günə kimi qoruyub saxlamış, arxeoloji qazıntılar zamanı qədim sivilizasiyanın maddi-mədəniyyət nümunələri tapılmış “Liklar”, “Piçxal” kimi tarixi məskənləri çoxlarını özünə cəlb edir.

Bu dəfə gələnlər qeyri-adi qonaqlar idi. Onların – Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri olan ucaboy, zərif qızların, oğlanların tamaşasına böyüklü-kiçikli bütün kənd yığışmışdı. Zarafat deyildi, televiziya ilə hamının tez-tez seyr etdikləri rəqqaslar öz ayaqları ilə Pirala gəlmişdilər.

Marağı artıran səbəblərdən biri də Şəmsibalanın müharibədə həlak olmuş qardaşı Allahqulunun qızının da onların arasında olması idi. Ansamblın solisti Aliyə Ramazanovanın – ifa etdiyi rəqslərə hamının heyran olduğu bu gözəl qızın dörd yaşında ikən uşaq evinə düşdüyünü, doğmalarından uzaqda, valideyn nəvazişi görmədən böyüdüyünü çoxları bilirdi.

Yaşıl çəmənlikdə Şəmsibalanın açdığı geniş süfrəyə az qala bütün kənd yığışmışdı. Kimin evində nə ləziz yemək vardısa, gətirmişdi. Qonaqlar təzə bişmiş ləzgi çörəyindən, yağlı fətirdən, motal pendirindən, baldan, qaymaqdan, kabablardan dadırdılar. Onlar Aliyənin əmisinin və kənd camaatının onlara göstərdiyi diqqət və qayğıdan kövrəlmişdilər.

– Bəs sən deyirdin heç kimin yoxdur? Gör nə qədər doğmaların var, – deyə rəfiqələrindən biri dillənəndə əmisi Şəmsibala ilə bacısı Maralın arasında oturmuş, gözlənilməz xoşbəxtlikdən pörtmüş Aliyə göz yaşlarını saxlaya bilmədi. Bir neçə gün əvvəl eşidəndə ki, truppa onun doğma rayonuna yola düşür, ürəyinin telləri yerindən oynamışdı. Bir neçə il idi ki, bacısı Abidə ilə Piraldakı doğmaları ilə məktublaşırdı. Bu görüşü ürək döyüntüləri ilə gözləyirdi. Truppa yoldaşlarına bacısı ilə bir yerdə kəndə, qohumlarıgilə gedəcəyini bildirəndə hamı ona qoşulmuşdu. Aliyənin fərəhsiz uşaqlığı barədə azdan-çoxdan eşitdiklərindən indi onun sevincinə ürəkdən şərik olmaq istəyirdilər.

Qonaqlıq başa çatanda elə buradaca konsert başlandı. Ansambl bu sadə, ürəyiaçıq, mehriban insanlara özünün ən maraqlı proqramını təqdim etdi. Gözəl, şux rəqslər, ürək oxşayan mahnı sədaları gecə yarısına kimi davam etdi. Bu gözəl və təsirli görüşün xoş təəssüratı uzun müddət xatirələrdə yaşadı.

Azərbaycan rəqs sənətini zirvələrə qaldırmış, onun inkişafına öz şəxsi töhfələrini vermiş, incəlik, zəriflik və şuxluq dolu rəqsləri ilə tamaşaçıların məhəbbətim qazanmış respublikanın əməkdar artisti Aliyə Ramazanovanın evində birlikdə həmin anları yada salırdıq.

– Sənə nanəli çay verəcəyəm, nanəni bacım Qusardan göndərib. – Aliyə xanım sevdiyim çaydan süzüb gətirir və biz onun xatirələr aləminə dalırıq.

Mən 1941-ci ildə doğulmuşam. Atam Böyük Vətən müharibəsinə yola düşəndə körpə idim. Anam Pərixanım bir-birindən kiçik 4 qız uşağı ilə köməksiz qalmışdı. Dörd yaşım tamam olanda bir-birinin ardınca əvvəl böyük bacım, sonra isə anam vəfat etdi. Böyük bacım Maralı yenicə evlənmiş əmim Şəmsibala öz yanına apardı. Məni və məndən iki yaş böyük bacım Abidəni Qusardakı uşaq evinə göndərdilər. Qusarda bir müddət qalandan sonra yalvarışlarıma baxmayaraq, məni bacımdan zorla ayırıb Bakıdakı 11 saylı uşaq evinə göndərdilər. Uşaq evi indiki Nizami adına parkda yerləşirdi. Müdirəmiz hamının “Anacan” deyə çağırdığı Bahar Ağalarova idi. Özünün övladı olmayan, bizimlə bərabər uşaq evində yaşayan bu qadın bizi ana məhəbbəti idə sevirdi və onun sayəsində biz yetimliyin acı dadını bır o qədər hiss etmirdik.

Anacan tez-tez Azərbaycanın rayonlarındakı uşaq evlərinə yola düşür, istedadlı uşaqları seçib gətirirdi. Bir dəfə Qutqaşendən (Qəbələ rayonu o vaxt belə adlanırdı) on qızı götürüb gəldi. Onların arasında Şura adlı 12-13 yaşlarında bir qız da var idi. Biz onunla dərhal dostlaşdıq. Bir dəfə o, Qutqaşenə, uşaq evindəki rəfiqələrinə məktub yazırdı. Məktubun sonunda salam göndərdiyi qızların ad-familiyaları var idi. Onların arasından Abidə adı diqqətimi o saat cəlb etdi. Familiyası da eynən mənimki kimi.

– Abidə haradandır? – deyə ondan soruşdum.

– Qusarın Piral kəndindən.

– Ola bilməz! – Bu sözləri heyrətlə dedim.

– Onu bir neçə il əvvəl Aliyə adlı kiçik bacısından ayırıblar. Həmişə ondan danışardı. Bizə deyərdi ki, kim mənə bacımı tapmaqda kömək etsə, ölənə qədər onun yaxşılığını unutmaram.

– O, mənəm, – deyib hönkürdüm.

Şura məktuba mənim haqqımda məlumatı və şəklimi əlavə edib göndərdi. Bir həftədən cavab məktubunu və Abidənin şəklini aldıq. Mən şəkldəki bacımı dərhal tanıdım. Həmin gün uşaq evi bir-birinə dəydi. Müharibənin atasız-anasız, doğmalarsız qoyduğu bu uşaqlar həyəcanlarımı mənimlə birgə yaşadılar. Anacan isə vaxt itirmədən səhərisi Qutqaşenə yola düşdü. Ertəsi gün o, Abidə ilə qayıtdı. Uşaq evində bir şadyanalıq qopdu ki! O vaxtdan ayrılmadıq. Yeddinci sinfi uşaq evində bitirib ikimiz də 5 saylı sənət məktəbinə girdik. Makinada və linotip maşınında çap etməyi öyrəndik. Abidə uzun illər “Qızıl Şərq” mətbəəsində işləyib, indi təqaüdçüdür.

Onda mənim hər şeyə marağım var idi. Gimnastika, tar, tikiş dərnəklərinə gedirdim. Bir dəfə məktəbimizə gəlib rəqs dərnəyi üçün qız seçirdilər. Rəqs deyəndə ürəyim əsdi.

– Məni də yazın, – dedim.

Sinif rəhbərim:

– Sən bir neçə dərnəyə gedirsən, çatdıra bilməzsən, – deyəndə

– Qalan bütün dərnəkləri ataram, amma rəqsə getməliyəm, – deyib israr etdim.

İki il xalq artisti Böyükağa Məmmədovun rəhbərlik etdiyi Ehtiyat Əmək Qüvvələrinin özfəaliyyət kollektivində məşğul oldum. 1958-ci ildə Azərbaycan Respublikasının xalq artistləri Əminə Dilbazi və Əlibaba Abdullayev rəqs kollektivimizə baxmağa gəlmişdilər. Onlar bizim ifamızda bir neçə rəqsə tamaşa edəndən sonra məni öz yanlarına çağırdılar. Söhbətdən sonra Əminə xanım məni Dövlət Mahnı və Rəqs ansamblına işə dəvət etdi. 16 yaşı yenicə tamam olmuş yeniyetmə bir  qızın həyatında bundan ən xoşbəxt an ola bilərdimi? Həmin andan Əminə xanım mənim dayağım və müəllimim oldu.

Aliyə xanıma bir vaxtlar dahi Üzeyir Hacıbəyovun yaratdığı sənət ocağında Soltan Hacıbəyov, Niyazi kimi sənətkarlarla bir yerdə işləmək xoşbəxtliyi nəsib olub. O, ötən günlərı belə xatırlayır:

– Filarmoniyanın direktoru Soltan müəllim istedadlı gənclərə qarşı diqqətcil və tələbkar olmaqla yanaşı, olduqca həssas insan idi. Mənim uşaq evində böyüdüyümü, kirayədə yaşadığımı biləndə təqaüdümü o birilərindən artıq elədi. Sonralar isə mənə ev verdirdi.

Müvəffəqiyyətlərimə sevinənlərdən biri də mayestro Niyazi idi. O, təkcə simfonik orkestrə rəhbərlik etmirdi, həm də bizim rəqslərimizin quruluşu və onların səhnə həlli ilə də maraqlanırdı. Tez-tez bizə öz iradlarını bildirərdi. Xüsusilə milli rəqslərimiz onu cəlb edərdi. Özü üçün xüsusi rəqs paltarı tikdirmişdi, “Ləzginka”nı o qədər cəld, o qədər gözəl ifa edərdi ki... Bir dəfə televiziya ilə çıxışımdan sonra mayestro filarmoniyada məşq etdiyimiz zaman məşqi yarımçıq qoyub məni yanına çağırdı. Çıxışımı televiziyadan ailəlikcə seyr etdiklərini, rəqslərimi bəyəndiklərini hamının qarşısında bəyan etdi. Sonra isə bir neçə iradını bildirdi və həmin elementləri bizim hamımıza nümayiş etdirdi. Onda uçmağa qanad axtarırdım.

Aliyə xanım sənətinin pərvanəsi idi. O, özünü başdan-başa bu çətin sənətə həsr etmişdi. Onun üçün yeməyin, geyinməyin, istirahətin, insani zövqlərin bir o qədər əhəmiyyəti yox idi. Bütün bunlar sənətindən sonra, ikinci, üçüncü planda idi. Köməksiz, qayğısız böyüdüyündən omrü boyu ona göstərilən etimad və etibarı doğrultmaq, sənəti ilə öz minnətdarlıq hisslərini göstərmək üçün çalışırdı. Rəqslərdə o, zahirən sakit, daxilən isə çılğın hisslərini üzə çıxarırdı. Əllərinin, ayaqlarının hərəkətləri ilə o, ürəyinin sonsuz duyğularını dilləndirirdi. Bunu hamı başa düşürdü. Bu sadə, mehriban qızın zəhmətkeşliyi, fedakarcasına çalışmağı ona böyük hörmət qazandırmışdı.

Aliyə Ramazanovanın ifasında Azərbaycan xalq rəqsləri, o cümlədən dünya xalqlarının rəqsləri öz yeni və təkrarsız ifaçısını tapmışdı. Onun böyük sənətkarlıqla yaratdığı “Mirzeyi ”, “Tərəkəmə”, “Ag çiçək”, “İnnabı”, “Ceyran”, “Qara tellər”, “Nazlana-nazlana”, “Dağlar gözəli” rəqslərinə heyran olmamaq mümkün deyildi. 25 il çayla dolu stəkanlarla ifa etdiyi məşhur rəqsi zamanı bircə dəfə də olsun onları əlindən salmayıb. “Azərbaycan toyu”, “Novruzu”, “Üç gül”, “Uzundərə”, “Yallı” kimi rəqslərdə onun solo ifaları tamaşaçıları heyran edirdi. Dağıstanlı həmkarlarının iştirakı ilə qoyulmuş “Ləzginka” rəqsində Aliyə xanımın solo ifası isə ona həmişə gurultulu alqışiar qazandırardı. “Azərbaycan”, “Vətən”, “Neftçilər” süitalarını və başqa rəqsləri o, əməkdar artistlər Roza Cəlilova, Tutu Həmidova, Nailə Mahmudova, Zemfira Həsənova, Afaq Məlikova, Xoşbəxt Məmmədova, Şərqiyyə İskəndərova, Qorxmaz Qurbanov, Kamil Dadaşov, Ələkram Aslanov, Rafiq Əzizi, Ramiz Məmədov, Ramiz Eynullayev və başqaları ilə birgə yaradıb. Dünyanın qitələrini dolaşan, yüzdən artıq ölkədə Azərbaycan rəqs sənətini təbliğ edən Aliyə Ramazanova qastrol səfərlərinə yola düşməzdən əvvəl həmin xalqların rəqslərini hazırlayıb proqrama salardı. Onun ifa etdiyi ərəb, hind, benqal, rus, gürcü, özbək, tacik rəqsləri tamaşaçılar tərəfindən sevilirdi. Onu dönə-dönə səhnəyə qaytarırdılar.

Adətən rəqqasları 20 ildən təqaüdə göndərirlər. Lakin səhnə formasını qoruyub saxlaması sayəsində Aliyə xanım daha beş il səhnə həyatı yaşadı. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülən Aliyə Ramazanova səhnə ilə vidalaşır. Tezliklə o, ADU-nun “Sevinc” rəqs qrupuna rəhbərlik edir, sonradan isə Şəhriyar adına mədəniyyət sarayında “Zəriflik” rəqs qrupunu yaradır.

Aliyə xanım peşəkar səhnəni çoxdan tərk etsə də rəqs paltarlarını əziz xatirə kimi qoruyub saxlamışdı. Kövrələndə, ötən günlər yadına düşəndə onlara tamaşa edir. O, geyimlərindən bir-bir mənə də göstərdi. Başdan-başa qaşlarla işlənmiş bu paltarların hər biri bir sənət əsəri idi.

– Mən onlara o qədər vaxt sərf etmişəm! Elə paltarım var ki, onu üç aya araya gətirmişəm. Bu həyatda mən hər şeyə öz zəhmətim və inadım sayəsində nail olmuşam. Köməksiz, doğmalarsız, dayaqsız nəyə isə nail olmaq elə çətindir! Mən qayada bitən çiçək kimi olmuşam, – Aliyə xanım bu sözləri deyib kədərlə gülümsədi.

O vaxtdan xəyalımda nəhəng bir qaya və onun üstündə bitmiş bir çiçək canlanır. Küləyə, yağışa, qara, tufana davam gətirən zərif çiçək.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023