Almaniyadan hədiyyə

  • Седакъет Керимова
  • 28.09.2023

Ləzgi xalqının qəhrəmanlıq tarixində iki qusarlının – Möhübəli əfəndi Kuzunvinin və Hatəm ağa Cağarvinin müstəsna yeri var. XX əsrin əvvəllərində bolşeviklərə və erməni daşnaklarına qarşı qəhrəmancasına döyüşmüş bu iki şəxsiyyətin dostluğu bir vaxtlar dillərdə dolaşırdı. Əqidə dostları olan Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri 1918-ci ilin may ayında Əli bəy Zizikskinin dəstəsi ilə birlikdə Quba rayonunun Digah kəndindəki “Qanlı dərə”də ermənilərin qoşununu darmadağın etmişdir. Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Demokratik Cumhuriyyəti 7 ay məhz bu iki igidin hesabına yaşamışdı. Onlar silahlı dəstələri ilə Aladaş düzündə bolşeviklərin qarşısını kəsmiş, onları Azərbaycana buraxmamışdılar.

1868-ci ildə Quba qəzasının Kuzun kəndində varlı ailədə doğulmuş Möhübəli Mahamadov Türkiyədə təhsil alıb doğma kəndinə qayıtmışdı. Qəlbən maarifçi olan bu adam öz şəxsi vəsaiti hesabına Kuzunda məktəb açmışdı, özü də orada dərs demişdi. Fəlsəfəyə və dinə aid bir neçə kitab yazmış Möhübəli əfəndi Həsən Alqadari kimi alimlərlə dostluq edir, kuzunluların savadlanmasından ötrü əlindən gələni edirdi. Lakin bolşevizmə qarşı mübarizə onu əlinə silah almağa məcbur etdi. O, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da mübarizəni davam etdirdi. Elə buna görə də 1926-cı ildə yeni hökumətin nümayəndələri ona sui-qəsd edib öldürdülər.

1867-ci ildə Quba qəzasının Cağar kəndində anadan olmuş Hatəm Əsgər oğlu Sərkarov isə Rusiyada hərbi təhsil almış, polkovnik rütbəsinə yüksəlmişdi. Rus çarizminin Qafqazdakı siyasəti ilə barışa bilməyən bu mübariz insan vətəninə qayıdanda Möhübəli əfəndi kimi vətənpərvər insanlarla yaxınlaşır. Erməni daşnaklarına qarşı vuruşan qusarlılar və qubalılar bu mübariz insanın qəhrəmanlıqlarından ruhlanırlar. 1920-ci ilin sentyabrında onun və Möhübəli əfəndinin silahlı dəstələri bolşeviklərin 246-cı polkunu darmadağın edəndən sonra Hatəm ağanı ələ keçirmək üçün Qusara iki polk göndərilir. Lakin qırmızı əsgərlər onun rəhbərlik etdiyi 300 döyüşçü ilə bacarmır. Belə olduqda yerli hökumət Hatəm ağa ilə sülh müqaviləsi bağlayıb onu Quba qəzasına milis rəisi təyin edir. Lakin yeni quruluşun haqsızlıqlarını qəbul edə bilməyən Hatəm ağa 1922-ci ildə həmin vəzifədən imtina edərək yenidən mübarizəyə qalxır. O, 500 döyüşçüsü ilə 3000 sovet əsgərinə qarşı iki ay döyüşdükdən sonra qəhrəmancasına həlak olur. Bolşeviklər xalqı qorxutmaq üçün onun nəşini furqona qoyub Qusarın və Qubanın küçələrində gəzdirir, 100-dən çox silahlı ləzgini Sibirə sürgün etdirir.

“Samur” qəzetinin əməkdaşları uzun illər arxivlərdə, o cümlədən Qusar rayonunun kəndlərində axtarışlar apararaq bu iki qəhrəmanın foto şəkillərini əldə etməyə çalışmışdır. Nəhayət, 2018-ci ildə həmin axtarışların nəticəsi olan bir şəkli qəzetdə verdik. Onu redaksiyamıza Qubadan ehtiyatda olan general-leytenant Fəxrəddin Əliyev təqdim edib bildirdi ki, şəkil Möhübəli əfəndinin qardaşı Müslüm Mahamadovun oğlu Abdullanın şəxsi arxivindəndir.

Orada bolşeviklərin dərsini verməkdən ötrü 1918-ci ildə Bakıya köməyə gələn ləzgilər təsvir olunur. Möhübəli əfəndi və Hatəm ağa da onların arasında idi. Həmin şəkil “Samur”un əməkdaşı, tanınmış yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun 2019-cu ildə çapdan çıxmış “Qanlı dərə” kitabında da verilib.

Bu yaxınlarda Almaniyanın Leypsiq şəhərində olarkən təsadüfən həmyerlim Elnur Həmzətovla görüşdüm. Əslən Qusar rayonunun Yuxarı Ləgər kəndindən olan bu gəncin Möhübəli əfəndinin nəticəsi olduğunu biləndə çox sevindim. Xalq arasında Möhübəli əfəndi ilə bağlı gəzən rəvayətlərdən qəhrəmanın ucaboy, enlikürək, sarışın olduğunu bildiyimdən, Elnurun eynilə babasına oxşadığının fərqinə vardım.

Bu yaraşıqlı, üzügülər gəncin uzun illərdən bəri Almaniyada yaşamasına baxmayaraq, ləzgi və Azərbaycan dillərində səlis danışdığını, doğma yurdunun qayğıları ilə yaşadığını görəndə qürur hissi keçirdim. O, doğmalarının uzun illərdən bəri əzizləyib saxladığı bir şəkli mənə göstərib, onun kimə məxsus olduğunu öyrənmək istədiyini bildirdi. Şəkildən baxan çar zabiti mundirində olan bu adamın Hatəm ağa olduğuna şübhə ola bilməzdi. Möhübəli əfəndinin övladlarının qoruyub saxladıqları bu şəkli bir vaxtlar Hatəm ağanın öz əqidə dostuna bağışladığını ehtimal etmək olar. Bu qiymətli hədiyyəyə görə Elnura “Samur” qəzetinin kollektivi və oxucular adından təşəkkür edirik.

REDAKSİYADAN: Oxuculardan xahiş edirik ki, Möhübəli əfəndiyə və Hatəm ağa Cağarviyə məxsus şəkilləri redaksiyamıza təqdim etsinlər.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023