Ləzgi çörəyinin hazırlanması haqqında sənədli filmə keçid
Ləzgilərin qədim və zəngin mədəniyyətini, mənəviyyatını əks etdirən, onların özünəməxsus adət-ənənələrinin inikası kimi həyatımızın ayrılmaz hissəsinə çevrilmiş özəlliklərindən danışanda öncə bu xalq haqqında əsrlərdən bəri dünyada formalaşmış “mərd, döyüşkən, düzlüyü sevən xalq” anlayışı yada düşür. Ona “sözübütöv, dediyində israrlı, prinsipial” sözləri də əlavə olunur. Bu imic elə-belə yaranmayıb. Onu müxtəlif dövrlərdə Qafqazda olmuş, ləzgilərin həyat tərzi, adət-ənənələri, tarixi ilə bilavasitə tanış olmuş məşhur alimlər, yazıçılar, səyahətçilər əsərlərində qeyd etmişlər.
Ləzgilərin özəlliklərindən danışanda “Lezginka” rəqsini qeyd etməmək düzgün olmaz. Dünyaya ən iti, ən çevik, ən coşqun rəqs ritmini bəxş etmiş bir xalqın musiqi duyumu, rəqsə olan sonsuz sevgisi, hiss və həyəcanlarını dinamik, oynaq, çılğın rəqs elementləri ilə üzə çıxarmaq bacarığı, onun bütün xalq bayramlarının, el şənliklərinin mayasını əsasən rəqs mərasimlərinin təşkil etməsi bu adətin qədimliyindən xəbər verir.
Ləzgilərin milli iftixar rəmzi olan ləzgi çörəyi isə uzun əsrlərdir öz bişirilmə texnologiyasının mükəmməlliyi ilə dünyanı heyrətə gətirməkdə davam edir. Ləzgi çörəyinin dadı, onun gözəl forması, ovulub tökülməməsi, bununla da itkiyə yol verilməməsi, bişirildikdən sonra uzun müddət keyfiyyətini itirməməsi heç kəsə sirr deyil. Lavaşların üstünün lələklənərək bişirilməsi ləzgi çörəyinin özəlliklərindəndir. Lakin bu çörəyin əsas özəlliyi onun хьар adlanan, Azərbaycan dilində “xhar” kimi səslənən ləzgi ocağında bişirilməsidir. Həmin ocaq qadın ustalar tərəfindən xüsusi zövq və ustalıqla inşa olunur. Ləzgi çörəyi bişirilən kürənin altında od qalanır. Kürənin qaynar olması, alovun xüsusi bacadan keçərək çörəyin üstünü örtməsi vacibdir. Bu qayda ilə bişirilən çörək günəşə bənzəyir. Bu da təsadüfi deyil. Ləzgi çörəyinin bişirilməsi adətində ləzgi mifologiyasının izlərinə rast gəlmək olar. Çoxallahlıq dövründə ləzgilərin sitayiş etdikləri baş allah Günəş hesab olunurdu. Çörəyi parlayan günəşə bənzətmək də qədim ayinlərin sədası kimi bizim günlərimizə gəlib çatmışdır.
Çörək əksər xalqlarda müqəddəs hesab olunur. Çörəyə and içilir. Hər xalqa öz çörək növləri əzizdir. Ləzgilər də istisna deyil. Ləzgi çörəkləri xharda, təndirdə, sacda və başqa ocaqlarda bişirilir. Onlardan ən geniş yayılanı xharda hazırlanan çörək hesab olunur. “Xhar” sözünü qonşu xalqlar, o cümlədən azərbaycanlılar çətin tələffüz etdikləri üçün onu “ləzgi çörəyi” adlandırıblar. Uzun illərdən bəri bu ifadə respublikamızın əhalisinin leksikonuna geniş daxil olub. Bəs ləzgilərin milli sərvəti olan “ləzgi çörəyi” birdən-birə “xərək çörəyinə” kim tərəfindən və niyə çevrilib? Bu sual son illər Azərbaycanın ləzgi ictimaiyyətini çox düşündürür. Axı “xərək” sözü tamam ayrı məna daşıyır. 1985-ci ildə Bakıda çapdan çıxmış “Azərbaycanca-rusca lüğətdə” xərək sözü 1) носилки, 2) кобылка (подставка для струн 4 смычковых инструментов kimi tərcümə olunub. Lüğətdə haqqında danışılan xərəyə ləzgilər “занбураг” deyirlər. Əsasən xəstə daşınmasında istifadə olunan xərək hara, çörək hazırlanan ocaq hara?
Tərcümə çox həssas məsələdir. Bir xalqın sözünü başqa xalqın dilinə çevirəndə isə xüsusilə diqqətli olmaq lazımdır. Bir qeyri-peşəkar yanaşma bir xalqın qüruruna toxuna bilər. Misal gətirdiyimiz “ləzgi çörəyi” ifadəsinin bu gün düşdüyü vəziyyət kimi.
Azərbaycanın rəngarəng mətbəxinin şöhrəti bu gün dünyaya yayılıb. Bu mətbəxi onun qədim xalqları olan ləzgilərin, talışların, kürdlərin özəl mətbəxləri daha da zənginləşdirir. Bu gün respublikamıza gələn əcnəbi qonaqlar turizm zonalarında daddıqları nemətləri, onlardan biri olan ləzgi çörəyinin ləzzətini də özləri ilə xatirə kimi aparırlar. Şimal rayonlarımıza istirahətə gedən həmvətənlərimiz də bu bənzərsiz nemətin - ləzgi çörəyinin vurğunudurlar. Elə isə niyə sevdiyimiz çörəyin adını düz çəkmirik? Onu min əziyyətlə, sonsuz məhəbbətlə bişirib bizə çatdıran ləzgi qız-gəlinlərinin, analarınin zəhmətini niyə dəyərləndirmirik? Gəlin birdəfəlik yadda saxlayaq: ləzgilərin bişirdikləri milli çörəyin adı “xərək çörəyi” yox, “ləzgi çörəyi”dir!