Mənim əziz müəllimim

  • Седакъет Керимова
  • 28.09.2023

Qusar şəhər 1 saylı orta məktəbini müxtəlif illərdə bitirmiş məzunlar üçün Dilarə Bağırovanın vəfat etməsi xəbəri ağır və üzücü oldu. 90 illik mənalı ömür yaşamış bu geniş dünyagörüşlü, savadlı ziyalını yaxından tanıyan, onunla vaxtaşırı ünsiyyətdə olanlar üçün bu, böyük itkidir. Çünki səmimiyyəti, mehribanlığı, elcanlılığı, insanpərvərliyi sayəsində uzun illər ərzində çoxlarının doğmasına çevrilmışdi. Ondan ötrü “özğə” anlayışı mövcud deyildi, məzunları ona doğmaları qədər əziz idi. Onların uğurlarına sevinir, problemləri ilə maraqlanır, ağıllı məsləhətlər verirdi.

İllər boyu bayramlarda, təntənəli günlərdə telefon dəstəyində Dilarə müəllimənin gur, şaqraq səsini eşitməyə öyrəşmişdik. O, bəzən tələbələrini qabaqlayaraq özü zəng edər, nikbin əhval-ruhiyyəsi ilə ürəklərdə iz qoyardı.

Dilarə müəllimənin bir vaxtlar dərs dediyi gənclər hazırda Azərbaycanda və onun hüdudlarından kənarda xalq təsərrüfatının müxtəlif sahələrində çalışırlar. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan, 1975-1985-ci illərdə Qusar şəhər 1 saylı orta məktəbinin direktoru olan bu insanın yetirmələri həyatda qazandıqları uğurlara görə ona borclu olduqlarını tez-tez etiraf edirlər.

Yaşı ilə əlaqədar təqaüdə çıxması, ömrünün ahıl çağında ömür-gün yoldaşını, uzun illər Qusar Rayon Partiya Komitəsində rəhbər vəzifələrdə çalışmış savadlı, işgüzar ziyalı, rayon arxivinin sənədlərinin qorunub saxlanmasında böyük xidmətləri olan İsmayıl müəllimi itirməsi də onu dəyişdirə bilmədi. Ürəyinin bütün məhəbbətini övladlarına, nəvələrinə bəxş edərək onların əhatəsində yaşadı. Qızı Qəmərin vaxtsız ölümü olmasaydı, qollarının gücü, ayaqlarının taqəti əsla azalmazdı. Amma o, öz dərdini ətrafındakılara hiss etdirmədən çəkməyi bacaran nadir insanlardan idi.

Dərin yaddaşı, gözəl hafizəsi olan Dilarə müəllimə nəinki Qusarda, bəlkə  də Azərbaycanda ən çox mütaliə edən adam idi. Onun mənim kitablarımın ilk oxucusu olması ilə ürəkdən fəxr edirdim. Onları oxuyub tez-tez mənimlə təhlil edər, qeydlərini bildirərdi. Hər dəfə ona baş çəkməyə gedəndə sadəliyini, göstərdiyi diqqət və qayğını görüb mütəəssir olardım. Xoşbəxtlikdən onun xoş xasiyyəti ailə üzvlərinə də keçib.

Noyabrın 10-da 90 yaşı tamam olacaqdı, rayon ictimaiyyəti onun yubileyini təntənə ilə qeyd etməyə hazırlaşırdı. Heyf, ölüm öz hökmünü verdi. Dilarə müəllimə kimi zəngin mənəviyyatlı bir el ağbirçəyini itirdik. O, bir nur kündəsi idi, bu nurdan hamıya pay düşürdü. Allah rəhmət eləsin! Yeri behişt olsun! Əzizlərinə Allahdan səbir diləyirəm.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023