Azərbaycan DNT layihəsinin rəhbəri, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar sensasion nəticəni təqdim edir!
Qusar rayonunun Laza kəndindən olan həmyerlimizin Y DNT nəticəsi İ1 haploqrupunun Y3866 subkladı olaraq müəyyənləşdi. Bu qolun yaranma yeri Şimali Avropadır və 4100 illik yaşı var. Maraqlı cəhət bundan ibarətdir ki, bu qol əsas olaraq Vikinglərə aid edilir, belə ki, ən qədim paleodna nümunəsi Norveçin Troms ərazisində, Qrenlandiyanın Kujallaq və İsveçin 3 müxtəlif qədim düşərgələrindəki qəbirlərdə aşkarlanmışdır. Həmçinin Rusiya və Ukraynadakı 5 müxtəlif vikinglərə aid olan paleodna skelet nümunəsini də buna əlavə edə bilərik. Bu qol İspaniyada xüsusən katalanlarda, Almaniyada və İsveçdə çox geniş yayılmışdır. Altqol tamamilə skandinav mənşəlidir.
Qusarın Laza kəndinin əhalisinin çoxluğu Qəbələnin Laza kəndinə köçmüşdür. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən Qəbələdəki Lazada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan latsar sixili olduğundan kəndin adı da Laza olmuşdur. Kəndin əhalisi etnik ləzgidir. Bu subkladın aşkarlanması latsar sixilinin ulu əcdadlarının viking və Şimali Avropa mənşəli olduğunu elmi formada ortaya çıxardır.