Azərbaycanın dilbər guşəsi Kəlbəcər, onun gözəl insanları ilə bağlı o qədər xatirələrim var ki! Ona görə də Kəlbəcərin başının üstünü təhlükə alanda o zaman çalışdığım “Həyat” qəzetinin səhifələrində silsilə məqalələrlə çıxış edib həyəcan təbili çalmışam. Həmin faciəli günlərdə – 1993-cü ilin əvvəllərində Kəlbəcər eli doğma yurdundan didərgin düşəndə kəlbəcərli dostlarımın gözlərində daşan selin onların yanaqlarına deyil, qəlblərinə axdığını görəndə sarsılıb nə edəcəyimi bilmirdim.
Onda Ağdaban çayı şivən qoparır, köpüklü, çamırlı sularını qəzəblə daşlara çırpır, elə bil içini yandırıb-yaxan acıları bu yolla çölə tökmək istəyirdi. Qəfil faciədən özlərini itirmiş, baş verənləri hələ dərk edib qurtarmamış adamların dərdinə dağlar, meşələr, çaylar ağlayırdı. Adamlar təkcə itkin düşmüş əzizlərinə deyil, həm də məzarlarda uyuyan doğmalarına ağı deyirdilər.
– Aşıq Şəmşirin məzarı qaldı ey... dağlarda.
Dostum Səyyarə Rəsulovanın bu nidası hələ də qulaqlarımda səslənir. Bu nidada çox şey var idi: bir zaman məni Kəlbəcərin gözəllikləri, saz-söz adamları ilə yaxından tanış etmiş, doğma yurdunu mənə də sevdirmiş Səyyarə şeir vurğunu idi. Onunla birgə üç dəfə Aşıq Şəmşirlə görüşmüşdüm. Azərbaycan xalq poeziyasının qüdrətli nümayəndəsi olan bu ustadla 1977-ci ildə olan görüşüm yadıma düşdü. Onda da Ağdaban çayı beləcə dəlisov ata dönmüşdü. Bakıdan Kəlbəcərə ustadla görüşmək, onunla bağlı oçerk yazmaq niyyətilə yola düşmüşdüm.
Yolboyu fikirləşirdim ki, Kəlbəcəri mənə sevdirən şeylərdən biri buranın camaatının qələm əhlinə olan hörmətidir. Kəlbəcərlilərin Bəhməni, Şamili, Mehdixanı, Əli və Əyyub qardaşlarını, Şücaəti necə sevdiklərinin, onların şerlərinin dillərdə necə dolaşdığının şahidi olmuşam.
Bir neçə gün dalbadal yağan yağışlardan sonra çayın səviyyəsi xeyli qalxmış, sel körpünü yuyub aparmışdı. Çoxdan gözlədiyim görüşün baş tutmayacağını fikirləşəndə qanım qaralırdı.
Səyyarə mənə ürək-dirək verdi:
– Kefini pozma, indi düşünüb bir şey taparıq. Baxaq görək, çayın səviyyəsi enirmi.
İki saata yaxın gözlədik, amma suyun səviyyəsi azalmadı.
– Deyəsən gedə bilməyəcəyik. – Səyyarə bu sözləri elə dedi ki, sanki çayın daşmasında günahkar o idi. Sonra nə fikirlaşdişə sürücüyə müraciət etdi:
– Qağa, bu çayın içindən az maşın sürmüsən?
Sürücü elə bil himə bənd idi. O, maşını işə salıb ehtiyatla suyun içinə yönəltdi. Çayın içi ilə bir xeyli irəliləyəndən sonra birdən təkərlər boşluğa düşdü və mühərrik söndü. Biz dəlisov çayın ortasında qaldıq. Sel iri daşları oyuncaq kimi oynadaraq çay aşağı aparırdı. Suyun gürultusu vahimə yaradırdı. Nə edəcəyimizi çək-çevir edirdik ki, arxadan siqnal səsi gəldi. Səyyarə sevinclə maşından düşən adamı mənə nişan verdi:
– Aşıq Şəmşirin oğlu Qənbər Qurbanovdur. Rayon icraiyyə komitəsinin sədridir. Yəqin rayonda bizim kəndə yollandığımızı eşidib narahat olub.
Qənbər müəllim yenidən maşına mindi və yarım saatdan sonra bir traktorla geri qayıtdı. Bizi o biri sahilə çıxarandan sonra o, gülə-gülə dedi:
– Sizi özüm Ağdabana apanb gətirməsəm, hələ çox sərgüzəştlərə düşəcəksiniz.
Maşınımız sıradan çıxdığından kəndə piyada gedəsi olduq. Yaz meşəsinin gözəlliyi, tər çiçəklərin ətri, quşların cəh-cəhi əsl şeir ovqatı yaratmışdı.
Çağır gəlsin, düşüb yada
Dağların qoca Şəmşiri.
Adı elə salıb səda,
Tanıdıb uca Şəmşiri,
– deyə Səyyarə ustadın şeirlərindən deməyə başladı. Yolboyu Qənbər müəllimlə Səyyarə Aşıq Şəmşirlə bağlı maraqlı əhvalatları kəlbəcərlilərə xas şirin yumorla danışır, uğunub gedirdilər.
Bir azdan yedəyində atlar olan bir kişi qarşımıza çıxdı. O, haradansa eşidib özünü köməyə çatdırmışdı. Yolun qalan hissəsini at belində qət etdik.
Bu da Ağdaban. Dağın döşündə – kəndin ən uca yerindəki ev Aşıq Şəmşirə məxsus idi. Bu evdə o, ömür-gün yoldaşı Güllü ilə beş oğlanla beş qız böyütmüşdü. Bu evdə o, indi dillərdə əzbər olan neçə-neçə qoşma, gəraylı, təcnis, müxəmməs və divanilərini yaratmışdı. 84 yaşlı sənətkar Bakıdan – xəstəxanadan müalicəsini yarımçıq qoyub bura dönmüşdü.
Evin kandarında pişvazımıza çıxan anası Güllünü görəndə Qənbər müəllim onunla qucaqlaşıb zarafata keçdi:
– Nənə, tay dədəmin ürəyi yerinə gəlmiş olar. – Sonra o, üzünü bizə tutdu: – Duz istəyən quzu mələyə-mələyə arxaca necə gedirsə, dədəm də Bakıdan, xəstəxanadan nənəmin yanına eləcə qayıdıb. Kişi ayrılığa dözmür ki!
İçəri otaqdan zəif səs gəldi:
– Ay bala, orda nə xısınlaşırsız? Bir keçin içəri, görüm kimsiz?
Biz aynabənddən otağa daxil olanda ağappaq saçları balışdan seçilməyən qoca aşıq yerində dirsəkləndi. Mehriban baxışlı, göyçək qocanın gözlərindən qəribə bir nur yağırdı. Dağ adamlarına məxsus sadəlik və saftıq vardı onda. Bizimlə səmimi görüşdü. Yol yoldaşlarımdan mənim qəribə bir inadla onun görüşünə tələsdiyimi eşidəndə şairin gözləri doldu və o, mənə bədahətən beş bənddən ibarət bir qoşma həsr etdi. Qoşmanın söz, qafiyə, fikir düzümü o qədər gözəl idi ki, onu o saat yaddaşıma köçürdüm. (Təvazökarlıqdan qoşmanı burda vermirəm).
Zarafatcıl, hazırcavab şair sinədəftər idi. Nədən danışsa da, sözünü şerlə tamamlayırdı. Onun güclü yaddaşına heyran olduğumu görən Aşıq Şəmşir yenə şeirlə danışdı:
Dəlidağın görüşünə qonaq gəl,
İstisuya müqəddəs de, pir, isin.
Özün kimi şairtəbli görərsən,
Kəlbəcərin Başlıbeldən bərisin.
– O saat vərəqlərə köçürməsəm və ya uşaqlar köçürməsələr, sonra onları yada salmaq çətin olur. Bilirsən, qızım, şairinki təbdir, gəldimi, deməlisən, özü də bircə dəfə. İstəyən qoy yadında saxlasın.
Sonra onun ömür səhifələrini birgə vərəqlədik. 1893-cü ildə keçmiş Cavanşir mahalının Dəmirçidam kəndində Aşıq Qurbanın ailəsində dünyaya göz açmış Şəmşir uşaqlıqdan dədəsindən saz çalıb söz qoşmağı öyrənib. Sonralar Aşıq Alını və Aşıq Ələsgəri özünə ustad seçib. Xalq şairi Səməd Vurğun bu böyük sənətkarı “kəşf etdikdən” sonra Osman Sarıvəllinin redaktorluğu ilə Aşıq Şəmşirin şeirlərindən ibarət kitab nəşr olunur və Azərbaycan oxucuları ustad şairlə tanış olurlar. 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında onun ifasında 75 aşıq havası lentə köçürüldükdən sonra ozanın şöhrəti hər yana yayılır.
Gəlininə qonaqlar üçün yer-yemək hazırlamaqda kömək edən Güllü nənəyə tərəf baxıb Aşıq Şəmşir bizə göz vurdu:
– Gör nə əl-ayağa düşüb? Özünü mənə istədir ey. – Sonra isə köksünü ötürdü: – Fani dünya Güllünü də qocaltdı.
O, üzünü mənə tutdu:
– Qızım, sənə bir əhvalat danışım. O vaxt mənim 18, Güllünün 16 yaşı var idi. Bir gün quzuya getmişdim. Gördüm çiçəkli yamacda bir gözəl qız dayanıb, əlində də çiyələk var. Onu danışdırmaq üçün dedim:
– Quzunu bəri qaytar.
Qız cavab vermədi. Sözümü bir də təkrar edəndə onun yanaqları allandı:
– Necə qaytarım, görmürsən əlimdə çiyələk var? Tökülər axı.
Qızın cavabına uğunub getdim:
– Çiyələyi neynirsən, sən özün elə çiyələksən də.
Hə, Güllünün ürəyini ələ almaq üçün neçə günlər, aylar əlləşdim. Axır ki, məni sevdi. Amma ata-anası onu mənə yüz yalvar-yaxardan sonra verdi. Dədə-baba adəti ilə toy edib evləndik.
– Deyəsən indi də onu çox sevirsiz, – deyəndə Aşıq Şəmşir gülümsündü:
– Qızım, indi cavansan, bəlkə də sözlərim sənə qəribə görünəcək. Ancaq yaşa dolanda mənim sözlərimi xatırlayıb qoca aşığın düz danışdığına əmin olacaqsan.Yadında saxla, insan cismən qocalsa da, ruhən, qəlbən həmişə cavan olur, sevgisi kimi.
Gözlərində şəfəqlər parıldaşan aşıqdan xahiş etdim:
– Bəlkə bir şey çalasız?
Ustad sazı əlinə aldı:
– Sən ki, Ağdaban çayını keçib gəlmisən, çalmamağa ixtiyarım yoxdur.
O, çaldı. Havadan havaya keçdi, simləri danışdırdı. Yana-yana, alışa-alışa çaldı. Hər şeyin ötəri, köçəri olduğu dünyanın şirinliyindən, insan hisslərinin dərinliyindən, daha nələrdən danışırdı saz. Sonra aşıq oxudu. Bu səsdə şirinlik, məlahət, sevgi vardı. O, sazı yanına qoyanda gözlərində iki damla yaş donmuşdu. Bu, onun göz yaşlarına çevrilən həyat eşqi idi.
Aşıq Şəmşir həmin görüşümüzdən 3-il sonra, 1980-ci il fevralın 10-da 87 yaşında vəfat etdi. Onu doğma kəndində dəfn etdilər. Güllü nənə isə ondan sonra 20 il yaşadı. Düşmən əlində qalmış vətən torpağında uyuyan əziz Dədə Şəmşirinin məzarını bir də görmək arzusunu özü ilə o dünyaya apardı Güllü nənə, ömrünün son illərini Tərtərdə yaşayan qarı “Bura Kəlbəcərə yaxındır” deyirdi. Onu Tərtərdə dəfn elədilər, ölümündən qabaq onun yuxusuna Aşıq Şəmşir giribmiş. O, yanıqlı-yanıqlı oxuyurmuş:
Mən aşıq, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Döşündən eli köçmüş,
Başında bulud ağlar.