"Дербентнамеяр"

  • Седакъет Керимова
  • 30.01.2023

Azərbaycan və Dağıstan ədəbi əlaqələrini ardı­cıl və sistemli tədqiq edən yeganə alim olan filologiya elmləri doktoru Mövlud Yarəhmədov böyük tədqiqatçı idi. O, 1934-cü ildə Dağıstanın indiki Süleyman Stalski rayonunun Vini Arağ kəndində anadan olmuşdu. Valideynləri 1949-cu ildə Bakıya köçmüş və 15 yaşlı gənc orta məktəbi burada başa çatdırmışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib 32 il fasiləsiz olaraq Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Mövlud müəllim 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Əlyazmaları İnstitutunda fəaliyyət göstərmişdir.

Mövlud müəllim “Samur” qəzetinə çox bağlı idi. O, tez-tez redaksiyamıza gələr, əlindəki bö­yük portfeli stolun üstünə qoyub oradan səliqə ilə yazılmış bir-birindən ma­raqlı məqalələr çıxa­rardı. 10 kitab və monoqrafiya, 500-dən çox elmi məqalə müəllifi olan bu ali­min Azərbaycan dilində oxucalara çatdırdığı “Azərbaycan və Dağıstan ədə­bi əlaqələri” və “Dağıstan töhfələri” kitabları olduqca dəyərli nəşrlərdir.

Mövlud Yarəhmədov “Dərbəndnamə”nin iki cildini, “Dərbənd folkloru”, “Dərbənd şairləri” kitablarını, həmçinin Azərbaycanın əslən Dağıstanın Axtı rayonundan olan məşhur şairi Molla Cumanın iki cildliyini çapa hazırla­mışdı. Təəssüf ki, alimin həmin kitabları çap etdirmək üçün maddi imkanı olmadı. O, “Ləzgi ədəbiyyatı tarixi” kitabını tamamlamaq üzrə idi.

Tanınmış tədqiqatçı ilk dəfə olaraq onlarca ləzgi və Azərbaycan şairini üzə çıxarmışdı. Ana dili ilə yanaşı həm də Azərbaycan dilində yazıb-yaratmış 100-dən çox ləzgi şairinin yaradıcılığını tədqiq etmişdi. O, eyni zamanda Mi­kayıl Müşfiqin, Səməd Vurğunun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabza­dənin, Nəbi Xəzrinin və digər Azərbaycan şairlərinin şeirlərini ləzgi dilinə tərcümə edib kitab şəklində çapa hazırlamışdı. Təəssüf ki, həmin kitab da işıq üzü görmədi.

Mövlud müəllim bizə 1929-cu ildə tədqi­qatçıların “Koroğlu” dastanının ləzgicə çapa hazırladıqları variantı haqqında məlumat vermişdi. Onun XIV-XV əsrlərdə yaşamış məşhur ləzgi şairi, qurahlı Şeyx Maruf haqqında qəzetimizdə dərc olunan məqaləsi oxucularda bö­yük maraq doğurmuşdu. O, vaxtilə “Şarvili” eposunun tanınmış ləzgi yazıçısı İskəndər Qazıyev tərəfindən toplanmış bəzi boylarını redak­siyaya təqdim etmişdi, həmin materialları qəzetdə dərc etmişdik. Alim eyni zamanda ləzgi klassiki Yetim Eminin Azərbaycan Əlyazmaları İnstitu­tunun fondundan tapılmış şəklini və indiyədək dərc olunmamış “Olmaz” və “Mürşüd” adlı iki şeirini də oxuculara çatdırmışdı.

2001-ci ildə, alim dünyasını dəyişməzdən bir neçə ay əvvəl mənə verdiyi sonuncu müsahibəni sizə təqdim edirəm, əziz dostlar. Ümid edirəm ki, sizin üçün maraqlı olacaq.

 

                                                                                                               “Dərbəndnamə”lər

 

– Mövlud müəllim, son illər bizə məlum olan “Dərbəndnamə”lərin üzərində aparılan müqayisələr qədim Dərbəndin adı ilə bağlı olan bu əsərlərin eyni əsərin variantları yox, bir-birini tamamlayan kamil tarixi abidələr olduğunu göstərir. Bu abidələrin ilk nümunəsinin nə zaman və hansı dildə yazıldığı məlumdurmu?

– Görkəmli alim Mirzə Kazımbəyin qeyd etdiyinə görə, bu əsər Azərbaycan, çığatay və fars dillərində mövcud olmuşdur. Sonralar Əlixanov-Avarskinin yazdığına görə, bu əsər ərəb dilində də geniş yayılmışdır. Milliyyətcə avar olan Əlixanov-Avarski XVIII əsrdə bu əsərin Parisin, Berlinin və Peterburqun kitabxanalarını bəzəyən bir inciyə çevrildiyini yazırdı. Onu Bayer, Klaprot və Dorna latın, fransız və alman dillərinə tərcümə etmişlər.

Molla Tağı Dərbəndinin göndərdiyi “Dərbəndnamə” Mirzə Kazımbəy tərəfindən ingilis dilinə tərcümə edilərək, 1851-ci ildə Azərbaycan mətni ilə yanaşı Peterburqda çap olunmuşdur.

Əlixanov-Avarski özünün redaktorluğu ilə rus dilində 1898-ci ildə nəşr olunmuş “Tarixi Dərbənd-namə” əsərini çapa hazırlayarkən Dərbənddə məşhur general Ərəblinski ilə yaxından əlaqə saxlamış, bəzi məsələləri dəqiqləşdirməyə çalışmışdır. Məlum olmuşdur ki, Dərbəndnaməmi yazan Məhəmməd-Avabi-Aktaşi Endəri kəndinin sakini olub, əsəri yazarkən  ərəb məxəzlərinə arxalanıb. Əlixanov-Avarski əsərin yazıldığı dövrü də müəyyənləşdirməyə çalışmışdır. Krımda xanlıq edən Gireylərdən hansının belə bir xeyirxah işi gördüyünü öyrənmək istəmişdir. Bəziləri əsərin 1735-ci ildə yazıldığını güman edirlər. Bu fikirlə heç cür razılaşmaq olmaz. Çünki Bayerin Qafqaz haqqında yazdığı məlumatlar Avropada həmin dövrdən  10 il əvvəl geniş yayılmışdı.

Əlixanov-Avarskiyə məlum olmuşdur ki, “Dərbəndnamə”ni altı il Dağıstanda yaşamış, dörd il Semizdən sonra hakimiyyət başına gəlmiş Krım xanı Qazı-Girey yazdırmışdır. O, savadlı adam idi və Dərbənd haqqında belə bir tarixi abidəni də məhz o, yazdıra bilərdi. O, Dağıstanda 1578-1583-cü illərdə olmuşdur. Bundan başqa, məlum olmuşdur ki, Endəri mahalının Baraxan aulunun sakinləri Krımdan Bora xanın dövründə 1523-cü ildə bu yerlərə köçürülmüş tatarlardır. Məhəmməd-Avabi də milliyyətcə tatar idi.

– Mirzə Kazım bəyin dediyinə və Əlixanov-Avarskinin yazdığına görə, haqqında söhbət gedən əsəri XVIII əsrdə qubalı Əliyar fars dilinə tərcümə etmişdir. Maraqlıdır, o, əsəri hansı dildən çevirmişdir?

– Çox güman ki, Məhəmməd Avabi əsəri ərəb dilində yazmışdır. Qubalı Əliyar da əsəri məhz bu dildən tərcümə etmişdir.

Əsərin ərəb dilində yazıldığını təsdiq edən daha bir dəlil ortaya çıxmışdır. Zaqatala qəzasının İlisu kənd sakini Xəlil bəydən bu əsərin ərəb dilində yazılmış nüsxəsi tapılmışdır.

– Bəs “Dərbəndnaməni” ilk dəfə rus dilinə kim tərcümə etmişdir?

– Əlixanov-Avarskinin 1898-ci ildə Tiflisdə çap etdirdiyi “Dərbəndnamə”ni Qori müəllimlər seminariyasının müəllimi Vəlibəyov 1884-cü ildə rus dilinə  tərcümə etmiş, bütün məlum variantlarla tutuşdurmuş və Əlixanov-Avarskinin redaktorluğu ilə çap etdirmişdir.

Beləliklə, bizə məlum olan, çox müxtəlif müəlliflər tərəfindən yazılmış 30-dan çox “Dərbəndnamə” eyni əsərin variantları yox, bir-birini tamamlayan kamil ədəbi və tarixi sənət nümunələridir. Onların bəzilərində tarixilik zəif, təsvirçilik güclü olsa da, bəziləri tarixi həqiqətləri geniş təsvir və tərənnüm edən qiymətli abidələrdir. Bunları xronoloji üsulla öyrənmək və “Qarabağnamələr” kimi çap etmək günün vacib məsələlərindəndir.

– Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm, Mövlud müəllim.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023