Bu ilin dekabrın 20-də Bakının «Libraff» kitab evində tanınmış qələm sahibi Sədaqət Kərimovanın «Yargun – Həzrə» kitabının təqdimatı olduqca maraqlı və gur keçdi. 100-dən çox insanın iştirak etdiyi tədbirə tanınmış ziyalılar, o cümlədən alimlər, həkimlər, müəllimlər, jurnalistlər, incəsənət xadimləri qatılmışdılar.
S.Kərimova qonaqları salamladıqdan sonra kitabın yaranması haqqında məlumat verdi, belə kitabların nəşrinin vacibliyini, onların Azərbaycan tarixinə və mədəniyyətinə bir töhfə olduğunu qeyd etdi.
Nəşrin redaktoru, görkəmli yazıçı-jurnalist Müzəffər Məlikməmmədov kitabın məziyyətləri barədə danışdıqdan sonra qonaqlara söz verildi. Ürəkaçan o idi ki, kitabla və onun müəllifi ilə bağlı fikirlərini, ürək sözlərini ləzgi ictimaiyyətinin ən mötəbər adamları çatdırırdılar. Akademik Kamil Aydazadənin, dosent Samirə Babaliyevanın, filoloq Elvira Səmədovanın, polkovnik Şair Ramaldanovun, iş adamları Jalə Əmirbəyovanın və Teyfur Heybətovun, həkimlər Səfərbəy Səfərbəyovun, Hikmət Tahirovun, Leyla Abdullayevanın, jurnalist Elmira Fərəməzovanın, Əməkdar müəllim Nəzakət Kərimovanın, Əməkdar artist Şürbət Rzaquliyevin və başqalarının çıxışları səmimiyyəti ilə seçilirdi.
Gənc musiqiçi İntiqam Kazımovun qarmonda ifa etdiyi “Yargunat” mahnısı məclisə bir lirik hava gətirdi. Gənc ifaçı Aysel Qasımovanın ləzgi xalq mahnısı “Mahi dilbər”i canlı ifa etməsi tədbirə gələnlərə xoş ovqat bağışladı. Elvina Heydərovanın görünməsi, onun “Soyuq günəş” filmindən məşhur mahnını ifa etməsi qonaqlar üçün əsl sürpriz oldu.
Olduqca səmimi keçən tədbir sona çatdıqdan sonra da qonaqlar getməyə tələsmədilər. Onlar tədbirin ən maraqlı anlarına – müəllifin imza saatına qatıldılar.