Bu ilin iyun ayının 7-də Bakının “Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında tanınmış qələm sahibi Sədaqət Kərimovanın imza günü keçirildi. Tədbirə yazıçının yaradıcılığının pərəstişkarları, jurnalistlər, sənət adamları, alimlər, tələbələr, müxtəlif peşə sahibləri qatılmışdı. Layihənin rəhbəri Sərxan Rüstəmov qonaqları salamlayaraq onlara məlumat verdi ki, Azərbaycan, ləzgi, rus və türk dillərində çapdan çıxmış 35 kitabın müəllifi olan Sədaqət Kərimova son vaxtlar çapdan çıxmış “Hisserin kimel”(ləzgi dilində), “Yol ayrıcında”, “Hardasan, əvvəlki mən?”, “Soyuq günəş” kitablarını təqdim edəcək. Bu günlərdə işıq üzü görmüş “Soyuq günəş” romanının təkrar nəşrini oxucuların səbirsizliklə gözləmələrinin bir səbəbi də əsər əsasında çəkilmiş eyniadlı bədii filmi YouTube üzərindən 15 milyona yaxın insanın seyr etməsidir.
S.Kərimovanı təbrik edən görkəmli jurnalistlər Müzəffər Məlikməmmədov, Əli Şamilov, Pərvanə Nadirqızı, Sülhiyyə Musaqızı, Mehriban Cəfərli, akademik Kamil Aydazadə, fizik-alim Benyaməddin Davudov, polkovnik Şair Ramaldanov, Nobel İnformasiya Mərkəzinin rəhbəri Bəybala Ələsgərov, Əməkdar müəllim Nəzakət Kərimova, “Üfüq-S” ictimai təşkilatının əməkdaşı İradə Abdullayeva, tanınmış həkim Səfərbəy Səfərbəyov, gənc rəssam-modelyer Səma Abbasova S.Kərimovanın yaradıcılığı haqqında öz fikirlərini bölüşdülər. Tanınmış şair Bəydadaş Cəfərli isə S.Kərimova yaradıcılığı haqqında sözünü fərqli şəkildə, poetik formada, odlu-alovlu söylədi.
Sonra müəllif səhnəyə “Soyuq günəş” bədii filminin yaradıcı heyətini dəvət etdi. Quruluşçu operator Elxan Rüstəmov, aktyorlar Firəngiz Babayeva, İlhamə Əhmədova, Dilarə Fərəcullayeva, Flora Hüseynova, Aygun Fətullayeva, İranə Kərimova, Niyaz Qasımov, Qurban Əhmədov gurultulu alqışlarla qarşılandılar. “Yarqunat” mahnısının ifaçısı Elvina Heydərovanın həmin mahnını canlı ifa etməsi hamının ürəyindən oldu.
Tədbirin yaddaqalan məqamları çox idi. Onlardan biri müəllifin şeirlərinin əzbərdən ifası oldu. Tanınmış aktrisalar Aygün Fətullayevanın və İranə Kərimovanın, tibb işçisi Sevinc Hüseynovanın, məktəblilər Səidə və Səbinə Şixkamalovaların çıxışları böyük maraq doğurdu. Aytən Müslümovanın skripkada çaldığı, Elvina Heydərova, Anelya Asaliyeva, Diana Yadigarova, Gülnarə Qaraxanova və Sariya Həmidovanın isə məlahətli səslə ifa etdikləri bir mahnı da qonaqları heyran etdi. Bu, S.Kərimovanın yenicə ərsəyə gətirdiyi “Səssiz haray” bədii filmindən “Qanadı sınıq leyim” mahnısı idi. Müəllifin Azərbaycan və ləzgi dillərində öz şeirlərini oxuması da tədbirin diqqətçəkən anlarından idi.
Həmişəki kimi bu dəfə də oxucular səbəbkarı çiçək yağışına tutdular. Sonda ənənəvi kitabların imzalanma mərasimi səmimi etiraflar, xoş söhbətlər və yeni tanışlıqlarla yadda qaldı. Üç saatdan çox çəkən tədbir ürəklərdə xoş izlər buraxdı.