Azsaylı xalqların dilləri

  • Müzəffər Məlikməmmədov
  • 24.07.2024

  Çin Xalq Respublikasında 55 millətin nümayəndələri yaşayır. Ölkədə bütün millətlərin və xalqların dillərinə eyni cür qayğı göstərilir. Azsaylı xalqları, onların itməkdə olan dillərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün ciddi tədbirlər həyata kəçirilir.

  Cəmi bir neçə min insandan ibarət olan nasi xalqının dili piktroqramlardan istifadə edən yeganə dildir. Nasi dilində 1400 piktroqramın olmasına baxmayaraq, onların yalnız 476-dan istifadə olunur. Bu isə dildə cəmi 2 min söz əmələ gətirir.

  Nasi dilinin getdikcə aradan çıxmasının başlıca səbəbi o idi ki, xalqın oxumuş adamları dünyasını dəyişəndə hər birini bu dildə yazılmış onlara məxsus kitablarla birlikdə basdırırdılar. Beləliklə, həm belə kitabların, həm də ana dilində yazıb-oxumağı bacaran insanların sayı azalırdı. Qədim dilin getdikcə itdiyini görən Çin höküməti yerli əhaliyə kitabların basdırılmasına son qoyulmasını məsləhət gördü və əhali bununla razılaşdı.

  Dövlət nasilərin yaşadıqları Litszyan vilayətində ana dilini öyrədən məktəblərin açılmasını təmin etdi. Bu məktəblərdə eyni zamanda Çinin dövlət dili də öyrədilir. Vilayətdə nasilərin muzeyi də yaradılıb. Burada nasi dilində yazılmış qədim mətnlər, xalqın musiqi alətləri və digər eksponatlar saxlanılır.

***

Yeni Qvineya dövlətində cəmi 3 milyon əhalinin yaşamasına baxmayaraq, buranın xalqları 700 dildə danışır. Ölkədə bütün dillərin qorunub saxlanmasından ötrü dövlət tərəfindən əhaliyə müntəzəm olaraq maddi yardım göstərilir, yüzlərlə dildə kitablar və qəzetlər nəşr olunur. Ögey-doğmalıq salmamaq üçün yerli dillərin heç biri dövlət dili kimi qəbul edilməyib. Ona görə də burada dövlət dili yoxdur. Sənədləşmə ingilis və ərazi dillərində aparılır.

***

  Rusiya Federasiyasında 194 xalq yaşayır və həmin xalqlar 176 milli dildən istifadə edir. Ölkənin 34 regionunda 47 azsaylı xalq mövcuddur. Burada milli dillərin qoruyub saxlanması ilə bağlı qanun qəbul olunub. Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutu azsaylı xalqların dillərinin öyrənilməsi, həmin dillərdə dərsliklərin və lüğətlərin hazırlanması, bu dillərin qorunmasından ötrü xüsusi proqramların həyata keçirilməsi qayğısına qalır.

  Azsaylı xalqların yaşadıqları regionların məktəb və baxçalarında uşaqlara rus dili ilə yanaşı ana dili də öyrədilir. Rusiyanın tərkibindəki bütün milli respublikaların və muxtar vilayətlərin orta və ali məktəblərində ana dili tədris olunur, müəllim kadrları hazırlanır, milli dillərdə dərsliklər, qəzet və jurnallar, bədii ədəbiyyat nəşr olunur, radio və televiziya verilişləri yayımlanır. Yazıçı və jurnalist birliklərinin milli bölmələri, milli dövlət teatrları fəaliyyət göstərir. Bütün bunlar dövlət tərəfindən maliyyələşdirilir. Milli respublikalarda rus dili ilə yanaşı titul dillər də dövlət dilləri sayılır.

  Azsaylı xalqların dillərinin qorunub saxlanmasından və inkişaf etdirilməsindən ötrü lazım olan bir sıra digər mühüm tədbirlər də həyata keçirilir. Ölkədə eyni zamanda Rusiya Xalqlarının Dilləri İnstitutu, millimədəni muxtariyyətlər, milli-mədəni mərkəzlər, milli dil klubları fəaliyyətdədir. Bu qurumlara da dövlət tərəfindən maliyyə yardımı göstərilir.

***

  Yakutiyanın Xarıyalax milli rayonunda sayca lap az olan evenklər yaşayır. Onlar əsasən maral saxlamaqla məşğul olur və köçəri həyat sürürlər. Rusiya höküməti onların dilinin qorunub saxlanmasından ötrü çadır məktəblər təşkil edib. Hər məktəbdə 5-6 uşaq oxuyur. Onlar burada ana dili ilə yanaşı rus dilini də öyrənirlər.

  Çadır məktəblərdə təhsil alan uşaqlardan ötrü həm evenk, həm də rus dilində dərsliklər və xüsusi proqramlar tərtib edilib, müəllim kadrları hazırlanıb. Dövlət həmin məktəblərdə təhsil alan bütün şagirdləri pulsuz kompüterlərlə təmin edib.

***

  Dağıstan Respublikasında 32 xalq rus dili ilə yanaşı həm də ana dilindən istifadə edir. Bunlardan 14-ü yazılı, 18-i yazısız dil hesab olunur. Yazılı dillərin hamısı orta məktəblərdə, texnikumlarda və institutlarda tədris olunur. Bu dillərdə dövlət hesabına dərsliklər, bədii ədəbiyyat, qəzet və jurnallar nəşr edilir. Respublikada milli dillərdə verilişlər yayımlayan dövlət televiziya və radio komitəsi fəaliyyət göstərir. Dağıstan Respublikasının Konstitusiyasında ölkənin bütün dilləri dövlət dilləri elan edilib və onların qorunmasına və inkişaf etdirilməsinə xüsusi qayğı göstərilir. Mahaçqalada bir neçə il əvvəl dövlət tərəfindən Dağıstan dillərini öyrənən elmi mərkəz yaradılıb.

  Respublikada yazısız dillərin əlifbasının hazırlanması, bu dillərdə ikidilli lüğətlərin nəşr olunması diqqət mərkəzindədir. Son illər ləzgi dil qrupuna daxil olan yazısız dillərdən ağul, saxur, rutul dillərindən ötrü əlifbalar hazırlanaraq dərsliklər çap olunub və onlar yazılı dillər sırasına keçib.

  Dağıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutu ləzgi dil qrupuna aid olan, Azərbaycanda yaşayan buduqluların və xınalıqlıların dillərinin qorunub saxlanması ilə əlaqədar Mahaçqalada kütləvi tirajla “Buduqca-rusca lüğət” (1984) və “Xınalıqcarusca lüğət” (2002) kitablarını çap etdirib. Burada həmçinin cəmi bir kənddə işlənən botlix və arçi dillərində də lüğətlər nəşr olunub. Hazırda institut bütün yazısız dillərdən ötrü ikidilli lüğətlərin hazırlanması proqramını həyata keçirir. Son vaxtlar Dağıstan Dövlət Universitetinin müxtəlif dillərdə kadr hazırlayan jurnalistika fakültəsində telestudiya yaradılıb. Burada tələbələr öz ana dillərində verilişlər hazırlayır, müəyyən təcrübə toplayırlar. Azsaylı xalqların dillərinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində Dağıstanı bütün dünyaya nümunə göstərən respublika adlandırmaq olar.

Популяр макъалаяр

Лезгияр

  • Седакъет Керимова, Муьзеффер Меликмамедов
  • 27.01.2023

Ви руьгь шад хьурай, Вадим!

  • Седакъет Керимова
  • 27.03.2023

ЯРАН СУВАР

  • Седакъет Керимова
  • 14.03.2023